"Əgər biz düşmənin yeni bir müharibəyə boş büdcə ilə başlamasını istəyiriksə..."

“Qarabağın ermənilər üçün iqtisadi güc mənbəyinə çevrilməsinə yol vermək olmaz” “Ermənistana qarşı iqtisadi müharibə strategiyasının hazırlanmasına ehtiyac var”


“Ermənistana qarşı iqtisadi müharibə strategiyasının hazırlanmasına ehtiyac var. Çünki son vaxtlar Ermənistanın yalnız özündə deyil, işğal edilmiş Azərbaycan ərazilərində həyata keçirilən iqtisadi layihələr buna çox ciddi ehtiyac duyulduğunu göstərir”.

Bunu Moderator.az-a açıqlamasında tarixçi və siyasi yazar Seymur Əliyev bildirib. Onun sözlərinə görə, bu strategiya Ermənistana qarşı iqtisadi mühariənin bütün sahə və sferalarını ən xırda incəliyinə qədər əhatə etməlidir:

“Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində atılan addımların hələ də səmərə verməməsi, regional və beynəlxalq vəziyyət bu münaqişənin yaxın gələcəkdə həllinə ciddi ümid vermir. Bu isə o deməkdir ki, Azərbaycan ən azından düşmənə qarşı iqtisadi müharibə srategiyasına malik olmalı, onun iqtisadi baxımdan güclənməsinə imkan verməməli, qarşı tərəfi iqtisadi baxımdan mümkün qədər zəiflətməlidir. İqtisadi müharibə strategiyasında Ermənistana qarşı iqtisadi mübarizənin bütün sahə və müstəviləri, yol və üsulları ən xırda təsnifatına qədər əks olunmalı, bu mübarizənin effektivliyini artırmaq üçün bütün vasitələrdən istifadə edilməlidir”.

S.Əliyev son vaxtlar Qarabağda istehsal olunan məhsulların xaricə ixracının artması hallarının da narahatlıq doğurduğunu vurğuladı:

“İşğalçıların Azərbaycan torpaqlarında istehsal etdikləri məhsulları dünya bazarına çıxartmağa cəhd etməsi Ermənistaan qarşı iqtisadi müharibə strategiyasının hazırlanmasının zəruriliyini şərtləndirən amillərdən biridir. Bu fakt bir daha göstərir ki, ermənilər işğaldakı torpaqlarımızdakı təbii sərvətlərdən, istehsalat müəssisələrindən istifadə edərək gəlir əldə etməyə, öz iqtisadi gücünü artırmağa çalışır. Bu, Azərbaycan üçün olduqca təhlükəli amildir. Çünki ermənilər işğaldakı torpaqlarımızı gəlir mənbəyinə çevirməklə həm də öz işğallarını davam etdirməyə resurs əldə edirlər. Xatırladım ki, bu praktika II Dünya müharibəzi zamanı faşist Almaniyası tərəfindən də təcrübədən keçirilmiş və mahiyyət etibari ilə özünü doğrultmuşdur. Dünyanın ilhaqını üç mərhələ əsasında həyata keçirməyi planlaşdıran Hitler Almaniyası I turda Avropanı fəth etməklə onun iqtisadi resurslarına sahiblənmək və bundan sonra SSRİ üzərinə hücuma keçməyi qərarlaşdırmışdı. Hansı ki, Avropanın fəthi və onun iqtisadi resurslarından faydalanmaq Almaniyaya həqiqətən də  böyük iqtisadi güc qazandırdı və məhz bundan sonra rəsmi Berlin SRRİ üzərinə hücuma keçdi”.

S.Əliyevin fikrincə, Ermənistandakı iqtisadi böhran və gərginliyə Azərbaycanda daha aktiv şəkildə töhfə verməlidir:

“Doğrudur, Ermənistanın iqtisadi durumu o qədər də ürəkaçan deyil. Lakin görünən odur ki, düşmən iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün bütün mümkün imkanlardan, eləcə də işğaldakı ərazilərimizin potensialından istifadə etməyə çalışır. Belə olan halda, Azərbaycan da prosesə müdaxilə etməli, Ermənistandakı iqtisadi gərginliyin artmasına öz töhfəsini verməlidir. 
Vaxtiylə məşhur rus yazıçısı Sergey Borodin düşməni zəiflətmək üçün bu istiqamətdə davamlı fəaliyyət göstərməyin vacibliyini vurğulamış, gözləməklə, sadəcə tamaşaçı qismində çıxış etməklə heç bir düşmənin zəifləmədiyini qeyd etmişdir. O, deyirdi: “Mən bir də soruşuram: Hücuma keçəcəksiniz, yoxsa düşmənin zəifləməsini gözləyəcəksiniz? Bir də axı, biz onu dağıtmasaq, düşmən niyə zəifləməlidir?”.

Hesab edirəm ki, Borodinin sırf hərbi anlamda səsləndirdiyi bu fikir iqtisadi müstəvidə də keçərlidir və mövcud durum bizdən bu isiqamətdə konkret addımlar atmağı tələb edir. Əgər biz düşmənin iqtisadi baxımdan zəifləməsini, onun yeni bir müharibəyə boş büdcə ilə başlamasını istəyiriksə, bu istiqamətdə daha ciddi addımlar atmalı, onların zəngin təbii sərvətlərə malik Qarabağdan iqtisadi məqsədlər üçün istifadəsinə imkan verməməliyik. Ermənistanın iqtisadi çöküşünə nail olmaq onu sülh danışıqlarına vadar etmək baxımından da mühüm əhəmiyyət kəsb edən bir gedişdir və bu imlanın maksimum dəyərləndirilməsi zəruridir”.
Tarix: 6-11-2018, 08:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}