“HÖKUMƏT ÖZ GÜCÜNÜ BU İSTİQAMƏTƏ SƏFƏRBƏR EDƏRSƏ...” – “Postpandemiya dövrünə ən hazırlıqlı ölkələrdən biri olmalıyıq”



Dünən Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatının inkişaf istiqamətləri ilə bağlı bəzi mühüm mesajlar verib. 
“AzPolitika.info” bu mövzuyla bağlı Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanovun fikirlərini öyrənib. 
- Sadiq müəllim, dünən Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi. Sumqayıt Kimya Sənaye Parkının Azərbaycandakı iqtisadi inkişafa təsirini necə qiymətləndirmək olar? 
- Bildiyimiz kimi, Prezident İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsidir. Son bir neçə ildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı xeyli azalıb, qeyri-neft sektorunun inkişafı sahəsində ciddi irəliləyişlərə nail olunub.
Sumqayıt Texnologiya Parkı və Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin ən gözəl təzahürdür. Burada istehsal edilən müasir standartlara cavab verən məhsullar artıq dünya bazarında özünə layiqli yer tutub.
Sumqayıt Texnologiya Parkı və Sumqayıt Kimya Sənaye Parkının yaradılması nəticəsində Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. Sumqayıtın potensialının daha da gücləndirilməsi istiqamətində böyük işlər görülür. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və buradakı istehsal daxili tələbatımızı təmin edəcək. Bu da böyük nailiyyətdir və ölkəmizin iqtisadi inkişafı baxımından əhəmiyyətlidir. 
- Sumqayıt Texnologiya Parkı və Sumqayıt Kimya Sənaye Parkının yaradılmasında əsas məqsədlərdən biri də daxili tələbatın yerli məhsullarla ödənilməsi idi. Son illər bu istiqamətdə hansı işlər görülüb və qarşıya qoyulan məqsədə nail olunubmu? 
- 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sənayenin yeni inkişaf dövrü başlayıb. Bu dövrdə neft-qaz sektorundan əldə edilən gəlirlərin bir hissəsi sənayenin müxtəlif sahələrinin inkişafına yönəldilmiş, regionlarda sənaye strukturunun optimallaşdırılması üçün dövlət proqramları tərtib edilmiş, enerji təminatının həlli istiqamətində mühüm işlər görülmüş, ümumi infrastrukturun yaxşılaşdırılması, yeni istehsal obyektlərinin açılması üçün çoxsaylı layihələr icra edilmişdir. Sənayenin inkişafında ölkədə yaradılan əlverişli biznes mühitinin, həmçinin sahibkarlığın tənzimlənməsi sahəsində mühüm qərarların böyük rolu olub. Son illərdə sahibkarlığın inkişafı sahəsində görülən dövlət dəstəyi tədbirləri sayəsində özəl sektorun ÜDM-də payı 84 faizə çatıb.
Sənayenin strukturunun və regional əhatəsinin diversifikasiyası baxımından ağır sənaye və maşınqayırma sahəsində yeni istehsalat obyektlərinin istismara verilməsi üçün də son illərdə ciddi işlər görülüb. Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən işlər, eləcə də burda fəaliyyətə başlayan müəssisələrin sayəsində bir çox sənayə məhsullarına tələbatın böyük hissəsini yerli istehsal hesabına təmin etmək mümkün olub.
Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması, ofis, konsaltinq, laborator müayinə, biznes inkubasiya, treninq və peşə hazırlığı xidmətlərinin göstərilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli şəkildə həyata keçirilməsi üçün digər zəruri infrastruktur obyektlərinin qurulması investorların da ölkəmizə marağının artmasına səbəb olub. Dövlət Neft Şirkəti tərəfindən parkın ərazisində “Polimer” layihəsinin reallaşdırılması son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən iri layihə hesab olunur.
Bundan əlavə, parkın ərazisində xüsusi təyinatlı iridiametrli qofralı polietilen boru, polad boru, mexaniki avadanlıqlar və hidrotexniki avadanlıqlar istehsalı, “Float” texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrin istehsalı, respublikada ilk dəfə bitki mühafizəsi vasitələri – pestisidlər istehsalı üzrə müəssisələr rezident statusunda fəaliyyətə başlayıb.
Ümumiyyətlə, daxili tələbatın nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməsi üçün böyük işlər görülüb. Bu işlər davam etdirilir. Burada, təbii ki, Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Harada idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, həmin sahələrə böyük diqqət göstəriləcək. Pezident tapşırıq verib ki, belə təşəbbüs göstərən şirkətlərə rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılıq maksimum dərəcədə azalsın. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır. 
- Sumqayıt Kimya Sənaye Parkı ölkənin ixrac potensialının artmasında hansı rolu oynayır? 
- Əlbəttə, ixracın artırılması əsas hədəflərdən biridir. Tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün ölkəmizin çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələrə ehtiyacı var. Çünki bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Prezident çıxışında xüsusi vurğuladı ki, çalışmalıyıq bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Sumqayıt Kimya Sənaye Parkında siqaret fabriki fəaliyyətə başlayıb və idxaldan asılılığı kəskin şəkildə azaldıb. Bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi 300 milyon manata qənaət edilib. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Ölkə başçısının da qeyd etdiyi kimi, istehsalat artımı və bu məhsulun ixrac edilməsi əsas hədəf olmalıdır. Hətta siqaretin insanlara zərərli təsirini vurğulayan ölkə başçısı bu fabrikin gələcəkdə sırf ixracyönümlü müəssisə kimi fəaliyyət göstərilməsinə çalışmağı tövsiyə edib. Niyə də olmasın? İndi bizim tütün istehsalımız, keyfiyyətli avadanlığımız var. Prezidentin də qeyd etdiyi kimi, tütün istehsalı olmayan bəzi ölkələr nə üçün bizə məhsul ixrac edir? Onlar tütünü xaricdən alırlar və sonra onu emal edib satırlar. Siqaret istehsalında biz xarici tütündən də asılıyıq. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən məhsul alınsın və beləliklə, kənd təsərrüfatının inkişafına da təkan verilsin.
Sumqayıt Kimya Sənaye Parkında ölkənin ixrac potensialının artmasına şərait yaradan belə müəssisələr çoxdur. Ötən il fevralın 18-də sözügedən sənaye müəssisələrinin sırasına daha bir yenisi də əlavə olundu. Prezident İlham Əliyevin iştirakı ilə “SOCAR Polymer” yüksək sıxlıqlı polietilen zavodunun açılış mərasimi keçirildi. Bu zavodun istifadəyə verilməsi ilə Azərbaycanın qeyri-neft ixracının 15 faiz artacağı proqnozlaşdırılıb. Yalnız bu faktın özü kimya sənayesi sahəsində aparılan işlərin miqyasını qiymətləndirməyə kifayətdir.
“SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.
Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni istehsal sahələrinin yaradılması imkan verir ki, Azərbaycan təkcə neftdən və qazdan yox, eyni zamanda, hazır məhsullardan da valyuta qazansın. 
- Sadiq müəllim, Prezident İlham Əliyev çıxışında xaricdə yaşayan azərbaycanlı iş adamlarını da Azərbaycana vəsait qoymağa çağırdı. Sizcə, ölkəmizdə bunun üçün lazımı işlər görülübmü, şərait yaradılıbmı?
- Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Görənlər yaxın keçmişdə həmin ərazilərin nə vəziyyətdə olduğunu xatırlayırlar. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə orada yüzlərlə hektar sahədə sənaye parkı qurulub. Bu şəraitdən xaricdə yaşayan azərbaycanlı iş adamları da gəlib faydalanmalıdır. Bununla onlar həm Azərbaycan iqtisdiyyatına vəsait qoyarlar, həm də yüksək gəlir əldə etmək imkanı qazanarlar. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətənlərinin iqtisdiyyatının inkişafına çalışmalıdırlar. Ölkənin müvafiq qurumları da bu istiqamətdə səylərini artırmalıdır. Hökumət öz gücünü bu istiqamətə səfərbər edərsə, onda Azərbaycana investisiya axını dayanmayacaq. Əsas məqsəd də bu olmalıdır. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə Azərbaycan hökuməti elə addımlar atmalıdır ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq. Prezident də bunun üçün nə lazımdırsa edir. Elə Sumqayıt Kimya Sənaye Parkının nəzdində açılışı olan Peşə Təhsil Mərkəzinn yaradılması da buna xidmət edir. İlk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.
Bütün bunlar Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin real nəticələridir. Bu baxımdan müasir və yüksək texnologiyalara əsaslanan sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin qurulması xüsusi əhəmiyyət kəsb edir.
Tarix: 15-09-2020, 13:34




Xəbər lenti