Media tülküləri




“Yalanla plov bişsə, dəniz qədər yağı məndən”
(Azərbaycan ata sözü)
Rusiya silahlı qüvvələrində hazırda tragikomik bir proses yaşanmaqdadır. Orada daxili qoşunların, DİN-in və bəzi başqa güc qurumlarının xüsusi təyinatlılarına tünd qırmızı beret verilməsi proseduru var. Həmin bereti almaq üçün döyüşçü ağır sınaqlardan keçməlidir: tam silahlı, zirehli geyimdə 10 kilometrdən çox qaçmalı, su, hündürlük maneələrini aşmalı, axırda isə 3 nəfər instruktorun əlbəyaxa döyüş zərbələrinə davam gətirməlidir. Sınaq çox çətin olduğu üçün adətən yarışa qatılanların ən yaxşı halda 20-30 faizi bereti ala bilir. Bəzənsə sınaq vaxtı ölənlər olur.
Oktyabrda Stavropolda keçirilən bu beret törənində qalmaqal olub. Çeçenistandan gələn əsgərlər yürüşü avtomobildə, “kəsə” yolla tamamlayıb, bəziləri isə hündürlüyü aşma mərhələsində karikatur mənzərələr yaradıb. Bu, xüsusi təyinatlılarda qəzəb doğurub, rus dövlətini çeçen lider Ramzan Kadırovun ayağına toz olmaqda ittiham ediblər, beretdən imtina, çeçenlərlə dava kimi hallar olub.

Bu uzun izahatı verməkdə məqsədim hörmətli oxucuların diqqətini Rusiya hərbi elitası daxilindəki problemlərə yönəltmək deyil, hərçənd keçən il 10 noyabrdan bu kimi məsələlər artıq Azərbaycanın da daxili işidir - rus ordusunun böyük bir qruplaşması ya zəlzələdən, ya vəlvələdən, sərhədlərimizin içərisinə soxulub. Sadəcə, dünən bu əhvalatla bağlı xəbərlərə baxanda qarşıma tanış tip çıxdı. Semyon Peqov adlı gopçu yadınıza gələr. Bax, rus generalların bəziləri “beret əhvalatı”nı təkzib eləmək üçün həmin bu yalançının hərbi xəbərlər bloquna açıqlama vermişdilər.
Yalançının şahidi yanında olar məsəli. Söz vaxtına çəkər, ötən il bu vaxtlar Azərbaycan Ordusu Füzuli-Hadrut-Şuşa istiqamətində böyük zəfərlər qazananda həmin Peqov ermənipərəst medianın sevimli xəbərçisinə dönmüşdü. Deyirdi guya Hadrut alınmayıb. Guya Füzuli ermənilərin əlində qalır. Guya Azərbaycan Ordusu mövqeləri atıb qaçır və sairə. Mənə indi maraqlıdır ki, rus generalları təkzib üçün bu yalançını seçməklə nəyə nail olacaqlar? Axı Peqov dəfələrlə ifşa olunub. Hətta o, indən belə düz xəbər versə də heç kim inanmaz. Orada bir düz adam tapmaq problemə çevrilib?
Yeri gəlmişkən, ermənilərin news.am saytı davanın xronikasını dərc edir, 18 oktyabr gününü belə xatırlamışdılar: “Araik Arutyunyanın müşaviri David Babayanın acıqlamasına görə, cənub istiqamətində Azərbaycan Ordusu, muzdlular o qədər itki veriblər, sanitar fəlakət yaranıb, hər tərəf meyitlərlə doludur. Ötən 1 il müddətində isə həmin zonadan ancaq erməni əsgərlərinin cəsədlərini daşımaqla məşğuluq. Hər gün hansısa erməni döyüşçünün qalıqları tapılır. Bu da Babayanın ötən ilin 18 oktyabrında məntiqsizliyini göstərir”.

Təəssüf ki, ötən il savaş zamanı tək Rusiya, Ermənistan media quruluşları dezinformasiya yaymırdı, bu işə demokratik saydığımız Qərb KİV-ləri də qoşulmuşdu. 25 oktyabrda İlham Əliyevdən intervü alan ABŞ-ın “Fox News” telekanalı bu baxımdan özünü çox ədəbsiz aparmışdı. Məsələn, Azərbaycan Prezidenti müxbirə beynəlxalq hüquqdan, BMT qətnamələrindən danışanda jurnalist belə demişdi: “Hüquqi müstəvi ayrı, reallıqlar ayrı. Siz 1994-də müharibəni uduzmusunuz, indi Dağlıq Qarabağ və ətrafında ermənilər yaşayır. Gərək müharibə eləyib onları həmin yerlərdən köçkün salmayasınız”. Özü də ən pisi odur ki, bu axmaq “arqumenti” müsahibə boyu təkidlə, təkrarən səsləndirirdi. Doğrusu, mən belə həyasız və yalançı jurnalistlə eyni peşənin yiyəsi, həmkar olmağımdan xəcalət çəkmişdim. Əgər kanalın adı “fox”dursa, mütləq tülkülük eləmək lazımdır?
Nəhayət, bu xəbərlər temasında cənub qonşumuz, dünya demokratiyasının beşiyi, azadlığın keşiyi İranı da yada salmasaq olmaz. Bugünlərdə İran XİN-in sözçüsü Səid Xətibzadə Azərbaycan rəhbərliyinə müraciət eləyib. Deyir gəlin aramızda nəsə mübahisə olanda bunu qəzetə-zada çıxarmayaq, diplomatik yollarla həll eləyək. Yoxsa jurnalistlər aramızı vururlar.
Sanki İranda müstəqil media və azad internet varmış. Səid müəllimə təşəkkür edirəm, kefimizi açdı.

Zamin HACI
Tarix: 20-10-2021, 09:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}