“Bir məmur digər məmurun fəaliyyətinə necə nəzarət edə bilər ki?!” - HƏQİQƏTƏN DƏ...


“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabatda bildirilir ki ki, QSC-nin xalis zərəri 3 faiz azalaraq 76,4 milyon manat olub. Belə ki, 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb.

2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon, maliyyə xərcləri 83,9 milyon manat, xarici valyuta mübadiləsindən zərəri 9,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 10,2 milyon manata bərabər olub.

QSC-nin aktivləri 5 faiz azalaraq 1,978 milyard manata, öhdəlikləri 1,5 faiz azalaraq 2,757 milyard manata enib. Balans kapitalının çatışmazlığı 9 faiz artaraq 779,760 milyon manata yüksəlib.

Qeyd edək ki, AZAL aviasiya sahəsində Azərbaycanın inhisarçı şirkətidir və bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edir. Dünya bazarı üzrə çox baha qiymətə təyyarə biletləri təklif edən QSC ən çox tənqid olunan dövlət qurumlarından biridir.

İqtisadçı ekspert Natiq Cəfərli AZAL-ın 2020-ci il üzrə maliyyə hesabatı barədə şərh verərkən bildirib: “AZAL son maliyyə hesabatını açıqlayıb, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub, halbuki 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb. Bundan başqa AZAL-ın 2,2 mlrd. manat borcu da var, əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni ölmüş puldur, bu vəsaiti AZAL heç qaytarmayacaq da, bir müddət sonra borclar silinəcək. Bunun bir adı var – oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə, 44 günə işğalçılara qalib gələ bildik, 344 aydır (şirkət yaranandan bu günə) ki, bir tək AZAL-a qalib gələ bilmirik”.

Milli Məclisin sabiq üzvü, iqtisadçı alim Nazim Bəydəmirli şərhində deyib ki, AZAL-a ayrılan vəsaitlər dövlət büdcəsindən yayınmalara yol açır: “Çox təəssüf ki, dövlət büdcəsinin müzakirələri zamanı Milli Məclisin deputatları bu məsələyə hər hansı şərh vermirlər. Əslində qanunverici orqanın üzvləri tələb etməlidirlər ki, AZAL-a bu qədər vəsait ayrılır, biletləri baha qiymətə satırlar, keyfiyyət göstəriciləri də yüksək deyil, nəyə görə dövlət büdcəsi hesabına onun zərərləri qarşılanmalıdır?! Bu, ona görə baş vermir ki, Milli Məclis qanunverici orqan olaraq üzərinə düşən missiyanı yerinə yetirmir”.

“Demokratik cəmiyyətlərdə isə bu cür hallara görə, parlamentlərdə əməlli-başlı mübahisələr yaranır. Müstəqil ekspertlər deyəndə ki, müstəqil hakimiyyət qolları, qanunverici və məhkəmə sistemi təkmilləşməyənə qədər ciddi nəticələrdən danışmaq olmaz, bizi topa tuturdular. Bu da nəticə”, - deyə həmsöhbətimiz söyləyib.

Sabiq deputatın sözlərinə görə, dövlət müşahidə şuraları yaratmaqla nəzarəti təmin etməyə çalışsa da, bu, müvəqqəti xarakterlidir: “Bu, dövlət şirkətlərinə rəhbərlik edən şəxslərin məhdudiyyətsiz xərclərinə nəzarət məqsədi güdür. Müşahidə şurasının yaradılması ilə hansısa qurumun fəaliyyətində əhəmiyyətli dönüşə nail olmaq mümkün deyil. Bir halda ki, müşahidə şuraları yaradılmalıdır, heç olmasa tərkibinə müstəqil ekspertləri və vətəndaş cəmiyyəti insitutlarını də əlavə edin”.

“Son dövlər yaradılan bütün müşahidə şuralarının tərkibində yalnız yüksək vəzifəli məmurlar təmsil olunurlar. Bir məmur digər məmurun fəaliyyətinə necə nəzarət edə bilər ki?! Ümumiyyətlə dünyada belə bir təcrübə varmı? Şəxsləri dəyişməklə idarəetmədə ciddi islahatlara nail olmaq mümkün deyil. Bu, əslində islahat yox, islahatın imitasiyasıdır”, - deyə Bəydəmirli vurğulayıb.

Əlavə edib ki, inhisarçı şirkət olaraq AZAL-ın ziyana uğraması mümkün deyil: “Təbii ki, burada bizim bilmədiyimiz və kifayət qədər ciddi səbəblər var. Təkcə AZAL-da yox, bir çox qurumlarda vəziyyət oxşardır”.

İqtisadçı ekspert Rəşad Həsənov açıqlamasında qeyd edib ki, AZAL öz fəaliyyətini müasir dövrün tələbləri ilə uyğunlaşdırmalıdır: “Dünya təcrübəsinə istinad etsək, görərik ki, aviasiya şirkətləri qiymətləri müəyyən etmək üçün müasir alqoritmlərdən istifadə edir. Təyyarənin tutumu, dolma səviyyəsi, mövcud tələb qiymətləri formalaşdırır. AZAL isə qiymətləri inzibati yollarla müəyyən edir. Uğursuz qiymət siyasəti fonunda bəzən AZAL-ın təyyarələri boş uçur. Lakin onlar qiymətləri endirmirlər. AZAL-ın ziyana düşməsinin bir səbəbi budur”.

“Digər səbəb isə idarəetmədə şəffaflığın təmin olunmamasıdır. Bir müddət öncəyə qədər ölkənin ən böyük şirkəti hesab olunan SOCAR da ili ziyanla başa vururdu. Artıq SOCAR-ın xalis mənfəəti qənaətbəxş səviyyədə olmasa da, ziyanı da yoxdur. AZAL-la da bağlı analoji addımlar atılmalıdır”, - deyə mütəxəssis bildirib.

Onun fikrincə, Azərbaycan İnvestisiya Holdinqi AZAL-a nəzarəti gücləndirməlidir: “Bir müddət öncə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqi təsis olunub. Əksər dövlət qurumları, o cümlədən AZAL da bu holdinqin tərkibinə verilib”.

“Bütün hallarda həm Azərbaycan İnvestisiya Holdinqi, həm də Müşahidə Şurası səviyyəsində AZAL-ın fəaliyyətinə nəzarət gücləndirilməlidir. Nəzərə alanda ki, bu qurumun fəaliyyəti ilə bağlı ciddi narazılıqlar var, bu məsələ nəzərətə götürülməlidir. Əks halda belə qənaət yaranacaq ki, bəzi məmurlar AZAL-ın ənənəvi fəaliyyətində maraqlıdır”, - deyə Həsənov fikrini yekunlaşdırıb.
//ayna.az//
Tarix: 20-05-2022, 21:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}