"İcra hakimiyyətində də maaş qalxıb, onlara heç kimin səsi çıxmayıb" - Elman Nəsirov vəziyyətdən belə çıxır))))


"Deputatlardan başqa icra hakimiyyətlərində işləyənlərin, məhkəmə sistemlərində çalışanların da maaşı qalxıb. Amma nədənsə bizə qarşı qərəz, ayrı- seçkilik var. Bu, ikili standart deməkdir".

SİAM.AZ xəbər verir ki, bu sözləri Cebhe.info-ya millət vəkili Elman Nəsirov deputatların maaşının artmasından danışarkən deyib: "Biz 2022-ci ilin büdcəsinə yenidən baxırıq. Bunun səbəbi bəllidir. Çünki biz həmin büdcədə1 barel nefti 50 dollarla götürmüşük. İndi isə orta hesabla 1 barel neft 106 dollardan artıq olub. Təsəvvür edin ki, 5 ay ərzində 3,8 milyard dollar neft gəliri gəlib, 3,5 milyard dollar isə qazdan gəlir gəlib. İlk dəfə neftlə qazla gələn gəlirlər bərabərləşib. Bu da təbiidir ki, bizim iqtisadi imkanlarımızı genişləndirir. Bu, sosial-siyasi yönümlü siyasətdir. 2022-ci ilin büdcəsində 46, 4 faiz sosial xərclər təşkil edir. Bu, özü bir göstəricidir. Bütün sahələr üzrə büdcədən əlavələr nəzərdə tutulub. Bunlar xalqın mənafeyinin yüksəldilməsinə xidmət edir. O ki qaldı millət vəkilləri ilə bağlı məsələyə, bildirim ki, hakimiyyətin 3 qanadı var: İcra hakimiyyəti, qanunverici hakimiyyət və məhkəmə hakimiyyəti. Təsəvvür edin, icra hakimiyyətinin maaşı xeyli müddətdir ki, qalxıb. Heç kimin səsi çıxmayıb. Fikir verirsinizsə, məhkəmə hakimiyyətində təmsil olunan şəxslərin də maaşı qalxıb. Ombudsman, Hesablama Palatasının da maaşı qalxıb. Bu, heç kimi maraqlandırmır və bəzən görürəm ki, necə təhrifedilmiş məlumatlar yayılır. Buna ikili standart yanaşmaya deyilir”.

Deputat bildirib ki, Milli Məclis üzvləri əlçatan olduğundan haqlarında bu cür söhbətlər gəzir:

"Ona görə burada qərəz görürəm, çünki digər kateqoriyaların maaşı qalxanda reaksiya olur.

Səbəb budur ki, millət vəkilləri cəmiyyətin içindədir, bizi tədbirlərdə görürlər, yaxınlaşa, söz deyə bilirlər. Ən əlçatan təbəqə millət vəkilləridir. Cənab Prezidentə təşəkkür edirik, minnətdarıq ki, o, Azərbaycan vətəndaşlarının sosial müdafiəsi ilə bağlı diqqət, qayğı ayırır. Eyni zamanda, millət vəkilləri də daxil olmaqla bu edilir".

Parlament üzvü seçicilərinə öz maaşı ilə dəstək olduğunu açıqlayıb və ay ərzində onun tərəfindən verilən pulun məbləğini açıqlayıb: "Görüşlər keçirəndə mənə yaxınlaşırlar. Məsələn, xəstə uşaqlarına həkim resept yazıb, dərmanlar da 120 manat tutub. Məndən xahiş edirlər ki, bu pulu mən onlara verim. Baxıram halına və öz maaşımdan kömək edirəm. Deyirəm ki, biləsiniz ki, bu, mənim halal maaşımdan verdiyim puldur və xeyirli, düşərli olsun. Halbuki bizim işimiz ayrı- ayrı vətəndaşlara cibimizdən pul vermək deyil. Bizim vəzifəmiz seçicilərin problemlərini yerli və mərkəzi icra hakimiyyəti qarşısında qaldırıb, həllinə nail olmaqdır. "WhatsApp"ıma hesab kartları atır, uşağın da şəkillərini göndərirlər. Deyirəm ki, nə istəyirsiniz? Yazırlar ki, 80 manat pul göndərin. Hər maaş alanda bilsinlər ki, 500-600 manat bu kimi şeylərə xərcləyirəm”.
Tarix: 24-06-2022, 09:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}