“Socar AQŞ” qanundan üstünlüyünü Ali Məhkəmədə ortaya qoydu - şok məhkəmə işi

 

Rusiya pul qazandı, Azərbaycana gətirib şirkət qurdu və...

“Yeni Müsavat” qəzetinə Azərbaycan əsilli rusiyalı sahibkar Mətləb İsmayılov müraciət edib. Sahibkar  Azərbaycanda iki şirkət - “Ulduz” firmasını və “Baker Energy Services” QSC-ni təsis edib. Onun iri kontragentlərindən biri “Socar-AQŞ” MMC olub. Yox, onun Dövlət Neft Şirkətinə heç bir aidiyyəti yoxdur. Lakin “Socar-AQŞ” MMC-nin rəhbərliyi dolayı yollarla bundan faydalanmağa çalışır. O cümlədən ədalət mühakiməsinə təzyiq göstərmək üçün də bundan məharətlə istifadə edir. 
“Socar-AQŞ” MMC kimi özəl bir şirkət Azərbaycan ədalət mühakiməsini Ali Məhkəmənin Plenumu simasında gülünc vəziyyətə saldı. Beləliklə, 2015-ci ildə “Socar-AQŞ” MMC “Ulduz” və “Baker Energy Services” QSC ilə icarə, alqı-satqı və daşınma xidmətlərinin göstərilməsi müqaviləsini imzalamışdır: birinci şirkətlə torpaq sahəsinin icarəsi, ikinci şirkətlə isə avadanlığın icarəsi, fərdi mühafizə vasitələrinin alqı-satqısı və daşıma xidmətlərinin göstərilməsi. Prinsipcə, bir neçə il “Socar-AQŞ” MMC icarə haqqını, alınmış malların və göstərilən xidmətlərin dəyərini vaxtında ödəyib. Amma sonra birdən-birə ödənişlərdə problemlər başladı. Bununla yanaşı, “Socar-AQŞ” MMC “Ulduz” və “Baker Energy Services” QSC tərəfindən təqdim olunan hesab-fakturaların düzgünlüyünü daim təsdiq edib. Heç bir etiraz olmayıb. Buna baxmayaraq, ödənişlər də olmayıb. Məhz bu səbəbdən də sonda “Ulduz” firması və “Baker Energy Services” QSC məhkəməyə müraciət etməyə məcbur olublar.
Sahibkar məhkəməyə üz tutdu, qalib gəldi, hətta iş icraya yönəldi!
 Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2021-ci il və 9 iyul 2021-ci il tarixli qərarları ilə “Socar-AQŞ” MMC-dən “Ulduz” firmasının xeyrinə 1,3 milyon dollar, “Baker Energy Services” QSC-nin isə xeyrinə 1,3 milyon dollar və 0,98 milyon manat məbləğində vəsaitin tutulması qət edilib. “Socar-AQŞ” MMC hər 2 qərardan əvvəlcə Bakı Apelyasiya Məhkəməsinə, sonra isə Ali Məhkəməyə şikayət verib. Bütün məhkəmə instansiyaları 2022-ci ilin əvvəlində qüvvəyə minmiş və icra edilməli olan birinci instansiya məhkəməsinin qərarlarının düzgünlüyünü təsdiq ediblər. Və burada, sadə görünən bir məsələ gözlənilməz hal alıb. Əvvəlcə icraçılar fərqləniblər. Onlar 10-dan artıq bankda “Socar-AQŞ” MMC-nin hesablarına həbs qoymaqla məhkəmələrin qərarını icra etməyə başlayıblar. Az sonra isə vəziyyət gözlənilməz şəkildə dəyişib və məhkəmə icraçıları “Socar-AQŞ”nin hesablarını açıb. Ardından “Socar-AQŞ” MMC-nin müraciəti üzrə məhkəmə qüvvəyə minmiş məhkəmə aktlarının icrası üçün ona möhlət verib.

Ali Məhkəmə Plenumu işə qoşuldu...
Azərbaycan məhkəmələri bir qayda olaraq kreditorların razılığı olmadan borcluya, o cümlədən borclarını ödəmək qabiliyyəti olmayan vətəndaşlara bir neçə yüz manat məbləği ödəmək üçün belə möhlət vermir. Bu iş üzrə isə  qarşı tərəfin razılığı olmadan “Socar-AQŞ”-yə möhlət verilib! Nəhayət, Ali Məhkəmə Plenumu da işə qoşulub. “Socar-AQŞ” MMC guya yeni açılmış hallar əsasında qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edib. Bəli, bu, həqiqətən mümkündür, əgər məhkəmə aktı çıxarıldıqdan sonra işə baxılarkən işin düzgün həlli üçün həlledici əhəmiyyət kəsb edən naməlum materiallar (hallar) aşkar edilərsə. Maraqlıdır, “Socar-AQŞ” MMC hansı materialları aşkar edib? Guya hələ il yarım bundan əvvəl işdən çıxarılmış “Socar-AQŞ” MMC-nin keçmiş direktorunun seyfindən (sonra dəqiqləşdirdilər - gizli seyfdə!) yuxarıda adları keçən şirkətlərin, yəni “Ulduz” firmasının və “Baker Energy Services” QSC-nin möhürləri aşkarlanıb. Hansısa xüsusi ekspert natamam rəy verib ki, mübahisəli müqavilələrin bağlanmasında məhz bu möhürlərdən istifadə olunub. Bu isə o deməkdir ki, keçmiş direktor həmin şirkətlərlə sövdələşmədə olub, ona görə də onlarla bağlanmış müqavilələrdə yüksək icarə haqqı müəyyənləşdirilib və bununla da “Socar-AQŞ” MMC-yə ziyan vurub. Belə olduğu halda da, bağlanmış müqavilələr guya etibarsızdır və məhz bu səbəbdən də işlərə yenidən baxmaq lazımdır. Hüquqi nüansları kənara qoyaq.
Bu mövqenin absurdluğunu başa düşmək üçün hüquqşünas olmaq lazım deyil. Necə oldu ki, seyf möhürlərlə birgə yalnız keçmiş direktorun gedişindən 1 il yarım sonra aşkar edildi? Tutaq ki, tapıblar. “Ulduz” firması ilə “Baker Energy Services” QSC-nin möhürlərinin müəyyən nüsxələrinin tapılması faktı, həqiqətən də, araşdırma üçün əsasdır. Amma “Socar-AQŞ” MMC-nin xeyrinə deyil. “Ulduz” firması və “Baker Energy Services” QSC-nin xeyrinə olan məsələdir. Axı belə çıxır ki, kimsə onların möhürünü saxtalaşdırıb. Hər iki şirkət təəccüb içindədir: onların möhürləri özlərindədir, bunlar haradan əmələ gəldi?
Məktəbli inanmaz, Ali Məhkəmə Plenumunda isə mifik möhür nağılına inanan hakimlər tapıldı!
Sahibkar deyir ki, bütün bu möhür hekayəsi yalnız “Socar-AQŞ” MMC-nin xeyri üçün düşünülüb! Məhkəmələrin qüvvəyə minmiş qərarlarına etiraz etmək naminə möhür məsələsi ortaya atılıb. Daha ağıllı bir şey düşünə bilməyiblər! Məgər “Socar-AQŞ” MMC-nin özü bu möhürləri saxtalaşdıra bilməzdimi? İndi möhür hazırlamaq bir neçə dəqiqə məsələsidir!
Möhürlər, həqiqətən, keçmiş rəhbərin seyfində olub yoxsa sadəcə, “Socar-AQŞ” MMC-nin özü onları ora atıb? Bu suala aydınlıq gətirilmədən qanuni qüvvəsini almış məhkəmə qərarlarına yenidən baxılmasına necə əsas ola bilər? Məgər möhürlərin aşkar edilməsi faktının özü guya yüksək qiymətlərlə qanunsuz müqavilənin bağlanmasını və s. sübut edirmi? Axı bütün bu arqumentlər “Socar-AQŞ” MMC tərəfindən əvvəlki məhkəmə araşdırmaları zamanı məhkəmə çıxışlarında səsləndirilib! Və sübut olunmayıb! Məgər hansısa mifik möhür bunun əksini sübut edir? Əlbəttə ki, yox! Yoxsa “Socar-AQŞ” MMC ötən il yarım ərzində keçmiş direktora sonuncu müqavilələrdə guya yüksək qiymətlərlə əlaqədar vurulan zərərə görə iddia irəli sürüb? Xeyr! Bütün bu illər ərzində “Socar-AQŞ” MMC hər şeyi vaxtında ödədi, hətta sonra da ödəmədikdə, borcları tanıyırdı, şirkətin sahibləri heç nə ilə narazılıqlarını bildirmirdilər, sonra direktor istefa verdi və yalnız il yarımdan sonra ona qarşı “iddialar” yarandı! Bütün bunlara hətta bir məktəbli inanmaz!
Təəssüf doğuran odur ki, Ali Məhkəmənin Plenumu bu nağılvari mifik möhür məsələsinə inanmağa xüsusi meyllənib! Amma bütün plenum deyil, onun rəhbəri və Ali Məhkəmə kollegiyalarından birinin sədri şübhə doğuran inam sərgiləyiblər! Hər halda, plenum işi baxışa qəbul edib. Halbuki bu çox nadir hallarda baş verir! Belə müraciətlərin böyük əksəriyyəti kəndardan rədd edilir.

Ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağı...
Maraq doğuran digər məsələ odur ki, bu il iyulun 8-də plenumda hakim adını qazanan 39 nəfərin andiçmə mərasimi keçirilib. Yeni təyin olunan 39 nəfər hakim “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib. Ali Məhkəmə divarları arasında andiçmənin əks-sədası çəkilməmiş, dərhal kollegiyalardan birinin sədri kürsüyə qalxıb və möhür nağılını məruzə şəklində iştirak edənlərin diqqətinə çatdırıb. Bu zaman qurulmuş ssenaridən kənar bir hal baş verib. Məlum olub ki, yuxarıda adıçəkilən 2 hakimdən başqa, heç kim işlə tanış deyil. Yumşaq desək, 2 hakimdən başqa digər hakimlər bu işin onların icraatında olmasına təəccüblərini etirazları ilə bildiriblər. Qanuna görə, plenumdan əvvəl, Ali Məhkəmənin 5 üzvündən ibarət olan tərkibi işi ilk olaraq nəzərdən keçirməli idi. Aydın olur ki, belə bir baxış olmayıb! Qanuna görə, proses iştirakçılarına etirazların verilməsi üçün 20 gün vaxt vermək lazımdır.
Bu da olmayıb. Müddət məsələsi isə sadəcə, nonsensdir! Qarşı tərəfin müraciəti hələ aprel ayında verilib. Avqust ayına qədər müddət 5 dəfə ötüb! Nəyi qoyub nəyi danışırıq: nə olsun ki, qanun orada hər hansı bir müddət müəyyənləşdirib!
Hakimlər qanunsuzluğa təpki göstərdi, ara qarışdı!!!
Nəticədə, sədrlik edən məruzəçi hakimi danlayıb,  Plenumda yaşanan böyük qanunsuzluqdan dolayı yaranmış qarışıqlığı aradan qaldırmaq üçün avqustun sonuna qədər fasilə elan olunub. Mətləb İsmayılov deyir ki, avqustun sonuna qədər nə olacaq, hər şey necə dəyişəcək, ona aydın deyil. Lakin görünür ki, aşkar edilmiş möhürlər barəsində daha mötəbər arqumentlər vermək üçün hansısa hərəkətlər həyata keçiriləcək.
Və sonda: Ali Məhkəmə Plenumu bir işə 2 dəfə necə baxır?
Onun sözlərinə görə, Plenumda bir işə iki dəfə baxılması. ümumiyyətlə, təəccüblüdür:   - plenumunun təcrübəsində işə iki dəfəyə baxılması hələ ki yox idi. Üstəlik, qanunla nəzərdə tutulmuş bütün müddətlər də ötüb. Biz doğma Azərbaycan məhkəmələrində nələr görmədik. Məsələ təkcə azərbaycanlı əsilli rusiyalı sahibkar Mətləb İsmayılovun hüquqlarının müdafiəsində deyil. Əlbəttə ki, bu da vacibdir! Axı bazar iqtisadiyyatının əsasları mülkiyyətin qorunmasından, müqavilələrin icrasından və sağlam rəqabətdən keçir. Bunların heç biri olmasa, sərmayəçilər də olmayacaq, o cümlədən mənim kimi sərmayəçi soydaşlarımız da olmayacaq. Digər vacib məsələ odur ki, Ali Məhkəmənin Plenumu tərəfindən belə bir müraciətin baxılmağa qəbul edilməsi, hələ onun potensial təmin olunması ehtimalını qeyd etməsək belə, ölkədə ədalət mühakiməsinin əsaslarını sarsıdır. Məhkəmə qərarlarının sabitliyi ədalət mühakiməsinin ən vacib aspektidir. Qüvvəyə minmiş məhkəmə qərarlarına müstəsna hallarda yenidən baxıla bilər. Təsəvvür edin, avqustun sonuna qədər “Socar-AQŞ” MMC aşkar edilmiş möhürlər üzrə hər hansı uydurma və əsassız prosessual icraatın başlanmasına nail olur. Bundan sonra bu, rahat təcrübəyə çevrilir və bütün borcalanlar, kredit götürən borclu ordusu da daxil olmaqla, müxtəlif yerlərdə möhürlər aşkarlamağa başlayır, bunun üzərindən fantastik nəzəriyyələr qurmaqla qüvvəyə minmiş məhkəmə qərarlarına yenidən baxılmasını tələb etməyə başlayacaqlar. Üstəlik, bu imkanı da Ali Məhkəmənin Plenumunun ötürməsi ilə əldə edəcəklər! Halbuki Ali Məhkəmənin vəzifəsi eyni zamanda vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Şübhəsiz ki, aşkar edilmiş möhürlərlə bağlı iş sadəcə fürsətçilər üçün əla hədiyyə olacaq. Və ədalət mühakiməsi üçün böyük bir nüfuz itkisidir...
E.MƏMMƏDƏLİYEV,

P.S “Yeni Müsavat” prosesin gedişini, xüsusən Ali Məhkəmə Plenumunun növbəti iclasının nəticələrini izləyəcək.
Tarix: 5-08-2022, 09:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}