Azərbaycanda universitetdən "anekdot" kimi qərar: - "Avropaya uyğunlaşırıq"


Azərbaycanda universitetdən "anekdot" kimi qərar:
Azərbaycan təhsilində Avropaüsulu inkişafa şagirdlərin, tələbələrin fərdi biliklərinin artırılması, dərsliklərin yenilənməsi sahəsindən yox, təhsil müəsisələrinin yeməkxanalarındakı stol-stulların sayından başlanılıb. Necə deyərlər, “düzəlmişdi hər yarağımız, çatışmırdı saqqal darağımız”.
Odlar Yurdu Universiteti öz adı kimi odlu, hərarətli, avropameyilli islahatlar keçirmək fikrinə gəlib və bu böyük ideya layihəsinin nəticəsində universitetin yeməkxanasında tələbələrin oturub yemək yeməsi üçün ayrılmış stullar yığışdırılıb. Buna səbəb kimi, tələbələrin yeməkxanada çox vaxt keçirdikləri və 15 dəqiqə tənəffüs müddətini aşdıqları bildirilir. Qeyd olunur ki, tələbələrin ayaqüstə qida qəbul etmələri daha gözəl görsənir.

Bu “inqilabi” dəyişikliyə hətta universitetin prorektoru səviyyəsində açıqlama da verilib. Universitetin prorektoru Qabil Qafarov bu haqda bildirib ki, onlar xarici ölkələrdə, onların ali təhsil müəssisələrində səfərlərdə olarkən, oradakı əksər universitetlərdə də bu cür furşet masalardan istifadə olunur: “Biz də Avropanın bir parçasıyıqsa, hər mənada ora uyğunlaşmalıyıq. Bufetimizdəki furşet masalardır. Bunlar da tələbələrin ayaq üstə qidalanması üçün nəzərdə tutulub. Oturmaq üçün deyil. Tələbələrin 15 dəqiqəlik tənəffüsü var, bu müddət ərzində onların əyləşməsi, yeməyini gətirib yeməsi vaxt alır. Düşünürük ki, bu cür masalarda tələbələrin ayaq üstə qidalanması daha gözəl görünür”.

Bu açıqlamadan sonra Avropada məşhur olan bir neçə universitetin yeməkxanaları barədə müəyyən araşdırmalar aparsam da, həm görüntü, həm də məlumat olaraq prorektorun qeyd etdiyi mənzərə ilə rastlaşmadım. Yəni bu universitetlərdə tələbələr ayaq üstə yox, masada əyləşərək yeməklərini bitirirlər.

Yeri gəlmişkən, hərbi xidmət keçənlər bu sahədə vaxtın necə qiymətli olduğunu bilirlər. Burada hər şey vaxtladır – əsgərin yeməkxanaya daxil olub, yeməyini bitirməsi üçün iyirmi dəqiqə vaxtı olsa da, o, heç vaxt ayaq üstə yemək yemir. Vaxt tamam olanda “qalx” komandası verilir və hər kəs kolon şəklində yeməkxananı tərk edir. Ancaq Odlar Yurdu Universitetinin rəhbərliyi bu barədə hərbi sahəni də keçib. Bir o qalıb ki, tələbələrin saçları 2:1 nisbətində təraş olunsun və vahid formaya keçirilsin. Hərçənd, bunun olma ehtimalı da bu saatdan sonra çox böyükdür.

Əgər bir tələbə haradasa “vaxt öldürmək” istəyirsə, onun qarşısını stulları yığışdıraraq almaq gülünc davranışdır. Bundan əlavə, ayaq üstə qida qəbul etməyin insan sağlamlığı üçün ciddi zərərləri var ki, bunu da tibb sahəsinin mütəxəssisləri daha yaxşı bilir.

Azərbaycanda universitetdən "anekdot" kimi qərar:
Kembric Universitetinin Nahar Zalı

Yaxşı olardı ki, universitet rəhbərliyi bu “islahatlar paketi”nə yeməkxanadan yox, tələbənin təqaüdlərindən, təhsilinin keyfiyyətindən başlasın. Stulları “əridib”, adını “təhsildə inkişaf, vaxta qənaət” qoymaqla təhsil inkişaf etmir. Yaxşı olar ki, birinci elə təhsilin özü Avropaya çatdırılsın, stulları sonra da çatdırmaq olar.

Hə, bir də, görəsən, o stulların aqibəti necə olub?..
//Bizimyol.info//
Tarix: 24-09-2022, 14:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}