Fukuyama və yeni dünya düzəninin dialektikası


Fəxrəddin Mehdi
Bu il avtoritar rejimlərin çöküşünün sürətlənməsi gözlənilir, xüsusilə rejimlərin sütunlarından hesab edilən Rusiya və İran kimi ölkələrdə bu hadisələrin baş verəcəyi proqnozlaşdırılır.
Əslində dünyada nə baş verir, hansı dünya düzəni yaranır?
Məşhur Yaponiya mənşəli amerikan politoloqu Frensis Fukuyama “ Tarixin sonu və sonuncu insan” əsərində yeni dünya düzəninin yaranmasının zəruriliyini və şəraitini açıb.
Fukuyama göstərirdi ki, insanların şəxsi azadlığına və xalqın suverenliyinə əsaslanan liberal demokratiya dünyada universal ideya kimi genişlənəcək.
Liberal demokratiyanın dünyada alternativi yoxdur, onun genişlənməsi tarixi tendensiyadır.
Bu bəşəri ideya monarxizmi, faşizmi, kommunizmi yola salıb, hazırda da avtoritarizmi yola salır.
Rejimlər təkcə öz xalqları üçün deyil, bütün dünya üçün təhlükəyə çevrilib. Fukuyama yazırdı: “Demokratiyanı boğan güclü hökumətlər vətəndaş cəmiyyətlərini məhv edir, bazar münasibətlərini deformasiyaya uğradır və hətta cinayətkar cəmiyyətlər yaradır.” (F. Fukuyama. Triumf qlobalizma. M. 2020. S.8)
Burada sual yaranır, nə üçün insan təbiətinə, inkişafına zidd olan rejimlər dünyada mövcudluğu davam etdirir ? Rejimlərin gücü nədədir ?
Çox təəssüf ki, dünyada elə qüvvələr vardır ki, onlar üçün rejimlərin yaşaması lazımdır.
Bu qüvvələrin birincisi dünyadakı hərbi-sənaye kompleksidir. Hərbi-sənaye kompleksi daimi silah istehsal edir, silahı varsa müharibələr olmalıdır, müharibələrə həm də rejimlər lazımdır. Məlumatlara görə təkcə 2012-ci ildə dünyada silahlanmaya çəkilən xərclər 1,753 trilyon dollar olmuşdur, hər il dünyada 30-a qədər hərbi konflikt baş verir. Köhnə konfliktlərin həll edilməsinə imkan verilmir. Yeni-yeni konflikt ocaqları yaradılır. Hərbi sənaye kompleksinin motoru hərbi münaqişə və müharibələrdir, motorun yanacağı isə insanların qanıdır.
İkincisi, dünyada demokratik elita formalaşıb və inkişaf edir. Lakin həmin elitada eyni zamanda rejimləri himayə edən kriminal təbəqə də mövcuddur. Kriminal elita rejimlərin yaşadır, onları carı dövr üçün inək kimi sağır, gələcəyə qurbanlıq üçün kökəldir. Kökəlmə maksimum həddə çatdıqda onların kəsilmə dövrü başlayır və rejimin nümayəndələrinin bütün haram sərvətləri zəbt edilir. Məhz bu elita Səddamı kökəldib kəsdi, Qəddafini kökəldib kəsdi. İndi də növbə Rusiyanındır. İyirmi ildən çox müddətdir ki, Rusiya rejimini kökəlmə dövrü davam edirdi. Hazırda onun kəsilmə dövrü başlayıb. Ölkənin sərvətləri dondurulur, oliqarxların xarici ölkələrdəki yaxtaları, villaları müsadirə edilir, oliqarxlar təkcə varidatlarını itirmirlər, həm də başlarını itirirlər, müəmmalı şəkildə öldürülürlər. Bu qanlı “razborkada” bəzən rejim nümayəndələrinin ailələri, uşaqları da məhv edilir. Faciə ondadır ki, “razborkanın” nəticəsində xalqın sərvəti də yoxa çıxır.
Göründüyü kimi, Rejimlər öz xalqlarına cəhənnəm əzabı yaşadırlar, sonda özləri də bu cəhənnəm odunda məhv olurlar. Rejimlər hamısı eyni taleyi yaşayırlar.
Və nəhayət, üçüncüsü, rejimləri yaşadan səbəblərdən biri də insanların siyasi mentaliteti, ölkənin siyasi proseslərində iştirak etməməsidir.
Demokratik ölkələrdəki insanlar bioloji, sosial və eyni zamanda siyasi varlıq kimi yaşayırlar, ölkənin siyasi proseslərində fəal iştirak edirlər. Rejimdəki insanlar isə siyasi proseslərdə iştirak etmək istəmirlər, özlərini siyasi varlıq kimi görmürlər.
Ey insanlar, siyasi varlığınızı unutmayın! Zaman siyasi varlığını unutmayan və bunun üçün mübarizə aparan insanlarındır!
Tarix: 24-01-2023, 11:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}