Regionda yeni müharibəni kim əngəlləyib - iddia


 

Vahan Kostanyanın sentyabr döyüşlərində Azərbaycanın qarşısını İranın aldığını deməsi İrəvan və Tehranın Vaşinqtona ünvanladığı birgə mesajdır

İran-Azərbaycan münasibətlərinin gərginləşməsindən istifadə etməyə çalışan Ermənistan rəsmiləri dövriyyəyə daha bir yalan buraxıblar. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ötən ilin sentyabrında Azərbaycanın Ermənistana qarşı daha irihəcmli əməliyyat hazırladığını iddia edib. O, bu iddiasını “kəşfiyyat məlumatları”na əsasən dilə gətirdiyini bildirib.
“Bakının "aqressiv planları" sentyabrın 13-14-də “başlatdığı” hərbi əməliyyatlardan qat-qat böyük idi. Ermənistanın cənub qonşusu İranın hərəkətləri və ritorikası bu vəziyyətin daha da pisləşməsinin qarşısını almağa kömək etdi. İran bu gün Ermənistanın mühüm tərəfdaşıdır. İran və Gürcüstanla sərhəd respublika üçün xarici dünyaya “təbii qapı” kimi mühüm əhəmiyyət kəsb edir", - o bildirib.
Qeyd edək ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun hərbi hissəsinə raket zərbəsi endirmişdi. Buna cavab olaraq Azərbaycan Ordusu sərhəddə düşmən hədəflərini darmadağın etmişdi.  Məlumdur ki, Ermənistan regionda təklənmək riski ilə üzləşib. Son aylar ciddi anti-Rusiya addımları atan, Moskvanın iradəsinə zidd olaraq Avropa İttifaqının uzunmüddətli müşahidə missiyasını sərhəddə yerləşdirən, KTMT təlimlərində iştirakdan imtina edən və özünə yaxın qüvvələrlə 102-ci bazanın çıxarılması barədə tələbləri artıran Paşinyan hökuməti İran ətrafında gərginlik fonunda çıxılmaz vəziyyətə düşməkdədir. Ermənilər Azərbaycana qarşı “Laçın yolu”ndakı aksiyaya görə Qərbdən umduğu dəstəyi də ala bilmədilər. İndi isə regionda əsas dəstəkçilərdən olan İranın özünün başının üstündə “qara buludlar” sıxlaşıb. Bu səbəbdən İrəvan hər yolla regionda əlavə gərginlik yaratmaqda maraqlı görünür. İndi də İranın guya Azərbaycanın “müharibə planlarının” qarşısını aldığı kimi iddia ortaya atır, münasibətləri daha da gərginləşdirməyə çalışırlar. İran bacarsaydı, İkinci Qarabağ müharibəsinin qarşısını alardı. Bunu bacarmadısa, ermənilərin Tehranın guya sentyabrda “Azərbaycanı müharibədən çəkindirdiyi” iddiasına kimsə inanmaz. Bəs bu iddiaları ermənilər niyə tirajlayır?

Deputat Azər Badamovun sözlərinə görə, regionda yeganə sabitləşdirici ölkə  Azərbaycandır: “Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin başa çatmasından dərhal sonra Ermənistana çağırış edərək bəyan etmişdi ki, bizə qarşı bütün ədalətsizliklərə baxmayaraq, düşmənçilik səhifəsinin bağlanmasını və  yeni bir səhifə açmağı təklif edir. Amma sonradan İranın və Fransanın dayaq olması Ermənistanı yenidən revanşizmə ruhlandırmış oldu. 12-13 sentyabr hadisələri də Ermənistanın İrandan aldığı silahlara güvənərək həyata keçirmək istədikləri təxribatlara cavab idi. Azərbaycanın heç bir ölkəyə  hücum etmək niyyəti yoxdur. Bununla yanaşı, öz ərazi bütövlüyünün toxunulmazlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi əsas məqsədimizdir. Ermənistan XİN müavini Vaham Kostanyanın İranın guya regionda sabitləşdirici rol oynadığını və Azərbaycanın müharibə planlarının qarşısını aldığını deməsi tamamilə cəfəngiyyatdır. Birincisi, qeyd edə bilərəm ki, 12-13 sentyabrda Azərbaycan Ordusunun qarşısına hansı hərbi vəzifə qoyulmuşdusa, o vəzifəni yüksək səviyyədə icra etmişdir. Ordumuza yenidən müharibəyə başlanması əmri verilməmişdi. Əgər belə bir əmr verilsəydi, heç bir güc bizə mane ola bilməzdi. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı da müdaxilə etmək və Ermənistana dayaq dayanmaq istəyən qüvvələrin arzularını ürəklərində saxladıq. İrana gələndə isə  özü Ermənistandan başqa bütün qonşuları ilə müharibə vəziyyətindədir. İranın sabitləşdirici rolundan danışanda qeyd etmək istəyirəm ki, Ermənistana silahlar verib ordusuna təlimlər keçərək yenidən müharibəyə hazırlayan İran deyilmi? İran, əksinə, Ermənistanı qızışdıraraq Azərbaycanla yenidən müharibəyə hazırlayır. İran üçün maraqlıdır ki, regionda yenidən müharibə alovlansın və dünyanın diqqəti öz ölkəsindən yayınsın.
Ermənistan isə apardığı siyasəti ilə təklənir və heç kimə lazımsız bir tullantıya çevrilməkdədir. Belə ki, Qərbi Azərbaycanla üz-üzə qoymaq üçün  yalan üzərində qurduğu siyasəti iflasa uğradı. Laçın-Xankəndi yolunun humanitar məqsədlər üçün bağlı olmadığı bütün dünyaya məlum oldu. Ermənistanın Qərbdən yapışmaq siyasəti Rusiyadan da qopmasına yol açdı. Paşinyan hakimiyyətinin açıq-aşkar Rusiyanın ünvanına ittihamlar səsləndirməsi, KTMT təlimlərindən imtinası, 102-ci baza ətrafında təşkil etdiyi süni narazılıqlar Ermənistan-Rusiya münasibətlərində dərin çat yaradıb. İranla  bağlı isə bu ölkəyə dünyanın münasibətlərinin kəskinləşməsi, dronlar vasitəsilə hərbi obyektlərin vurulması və tətbiq olunmuş sanksiyaların əhatə dairəsinin genişləndirilməsinə başlanması və ölkə daxilində yaranmış böhran molla-fars rejiminin hakimiyyətinin də uzunmüddətli olmadığını göstərir. Bu gün bütün dayaq imkanlarından məhrum olunmuş Ermənistanın özü pat vəziyyətə düşüb. Yenə də bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycandan keçir. Bu yolu Ermənistanın yenidən danışıqlar masasına qayıtması və Azərbaycanla sülh müqaviləsinin imzalanmasında görürəm".
 
Siyasi analitik Asif Nərimanlı isə hesab edir ki, burada Amerikaya yönəlmiş mesajlar var: “Ermənistanın bu iddiası Bakı-Tehran xəttində gərginliyin daha da artmasına hesablanmış kimi görünür. Ermənistanda bilirlər ki, bu açıqlama Azərbaycanda anti-İran mövqeyini daha da gücləndirəcək və xüsusilə indi bunu dövriyyəyə buraxırlar. Lakin fikrimcə, bu iddia Tehranın istəyi ilə ortaya atılıb və məqsədi Azərbaycanda anti-İran mövqeyini gücləndirmək bahasına olsa belə, ABŞ-a regiondakı əhəmiyyətini göstərməkdir. 44 günlük müharibədən sonra Cənubi Qafqazda Ermənistan İranla yanaşı, Qərbin də regional maraqlarında əsas platforma kimi istifadə olunur. İran Bakı və Ankaranın qarşısında təklənməmək, həm də Moskva qarşısında "mərkəzdənqaçma siyasəti"ni davam etdirmək baxımından İrəvan üçün əhəmiyyətlidir. İranda da düşünürlər ki, yaranmış vəziyyətdə Ermənistana dəstək vermək regional planları ilə yanaşı, ABŞ-dakı erməni diasporunun dəstəyini qazanmağa, onlar vasitəsilə Vaşinqtonun hərbi müdaxilə ssenarisinin önünü kəsməyə nail ola bilərlər. Ermənistanın sentyabr döyüşləri ilə bağlı iddianı indi ortaya atması da bundan qaynaqlanır. Çünki İsrailin zərbələr endirməsindən sonra İrana hərbi müdaxilə ssenarisi də aktullaşır və nüvə proqramı məsələsindəki qarşıdurma bu perspektivi daha da gücləndirir. İrəvan və Tehranda Vaşinqtona göstərirlər ki, İranın vurulması Ermənistanın zəifləməsinə səbəb olacaq, həm də ABŞ-ın bölgə siyasətinə təsir edəcək və Cənubi Qafqazda Rusiyanın xeyrinə olacaq. Vahan Kostanyan sentyabr döyüşlərində Azərbaycanın qarşısını İranın aldığını deməsi, “İran bu gün Ermənistanın mühüm tərəfdaşıdır” fikrini ortaya atması və bunu məhz Vaşinqtonda fəaliyyət göstərən media orqanına - “Al-Monitor”a müsahibəsində etməsi, fikrimcə, Bakı-Tehran xəttində gərginlikdən istifadə etməkdən daha çox, İrəvan və Tehranın Vaşinqtona ünvanladığı birgə mesajdır".
“Yeni Müsavat”
Tarix: 3-02-2023, 10:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}