Tərtər işgəncələri: “Hamı bilməlidir, bizə hansı nazirlər, generallar nə əmrlər verib...”


Tərtər işgəncələri: “Hamı bilməlidir, bizə hansı nazirlər, generallar nə əmrlər verib...”Hərbi Prokurorluq

Tərtər hadisələri zamanı yüzlərlə hərbçiyə işgəncə verməkdə, nəticədə onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunan şəxslərdən daha dörd nəfər – Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılov mayın 23-də məhkəmə qarşısına çıxarılıb. Bundan əvvəlki 4 və 5 nəfərdən ibarət iki qrupun işində olduğu kimi, bunların da işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Bizimyol.info xəbər verir ki, adları çəkilən dörd nəfərin hamısı bundan əvvəl bir dəfə elə Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıblar, 44 günlük Vətən müharibəsində iştirak ediblər.
Təqsirləndirilən şəxslərdən 30 yaşlı Ruslan Mikayılov ali hərbi təhsillidir, Tərtərdə N saylı hərbi hissədə leytenant rütbəsində xüsusi təyinatlı qrupun komandiri vəzifəsində xidmət edib. Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyev isə gizir olub.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat təzələnəndən bir neçə ay sonra – apreldə adları çəkilən 4 nəfər yenidən həbs olunub. Onlar yeni üzə çıxan hallar üzrə məsuliyyətə cəlb ediliblər. Hazırda onlara qarşı 180-dən çox zərərçəkmiş var. Onların bir qismi işgəncə nəticəsində vəfat edən şəxslərin ailə üzvləridir.
“Onlar öz vəzifələrində oturublar, mənim 33 yaşında oğlum əziyyət çəkir”
Hakim Zeynal Ağayevin sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Ruslan Mikayılov vəsatət qaldıraraq, bu işlə bağlı həqiqətlərin ictimaiyyətə və ölkə başçısına çatdırılması üçün jurnalistlərə prosesdə çəkiliş aparmağa şərait yaradılmasını istəyib:
“Hüquq-mühafizə orqanları bu işi qərəzli araşdırıb. Nəticədə zərərçəkənlər o cür bədbəxt eləyiblər, bizi də bu cür. Ölkə başçısı da, ictimaiyyət də bilməlidir ki, orada kimlər olub, bizə kimlər hansı əmrləri verib. Bu işdə hansı nazirlərin, hansı generalların əli var. Ölkə ictimaiyyətində bizim haqqımızda mənfi imic formalaşıb. Xahiş edirəm, media nümayəndələri dəvət olunsun, onlara çəkiliş aparmağa imkan verilsin”
Zərərçəkmiş qismində tanınan şəxslər də onun qaldırdığı vəsatəti müdafiə edib.
“Azərbaycan ictimaiyyəti bilməlidir ki, kimlər göstəriş verib”, - Tərtər hadisələri zamanı dövlətə xəyanət və başqa ağır ittihamlarla həbs olunub, 6 ilə yaxın həbsdə saxlandıqdan sonra dekabrda bəraət alıb azadlığa buraxılmış Müşfiq Ədmədli bildirib.
İşgəncə nəticəsində əlil olmuş Bəhruz Novruzovun anası Aygün Novruzova da vəsatəti müdafiə edib. O bildirib ki, bu gün məhkəmə qarşısına çıxarılan şəxslər icraçılardır. Onlara əmr verən şəxslərin də mühakimə olunması vacibdir:
“Nazirlər, generallar olubsa, onlar da cəlb olunsun. Bunlar da cinayət törədiblər. Amma onlar niyə məsuliyyətdən kənarda qalmalıdır? Hamısı öz vəzifələrində oturublar bu gün də. Mənim 33 yaşında övladım isə əziyyət çəkir. Zəhmət çəkib övladımı müalicə elətdirsinlər. Mən sağlam oğul göndərmişdim. O vaxt MTN, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq – hamısı bir ağırdan deyirdi ki, casus şəbəkəsi aşkar eləmişik. İndi çıxıb cavab versinlər”.
“Zakir Qaralova, Ramil Usubova da gizirlər göstəriş vermişdi?”
İşgəncə nəticəsində vəfat edən Təmkin Quliyevin atası Nizami Quliyev də vurğulayıb ki, əmr verənlərin məhkəmə qarşısına çıxmasında israrlıdır: “Mənim oğlumu öldürənlər bunlardırsa, bəs öldürtdürənlər kimlərdir? Mən bunu bilmək istəyirəm...”
Hakim Zeynal Ağayev vəsatəti təmin etməyib. Qərarla bağlı izahat verib ki, məhkəmədə media nümayəndələri iştirak edir. Jurnalistlər Tərtər işi üzrə digər qrupların da məhkəmə iclaslarında iştirak edərək, heç bir məhdudiyyət olmadan materiallar hazırlayır, ictimaiyyətə çatdırırlar. Lakin jurnalistlərə audio və video yazıya icazə verilmir. Məhkəmə özü prosesin həm audio, həm də videoyazısını aparır.
Təqsirləndirilən şəxslər və onların vəkilləri istintaqın natamam, qərəzli aparılmasında da şikayətləniblər. Vəkillər işin yenidən araşdırılması üçün istintaqa qaytarılması haqda vəsatət qaldırıblar.
Elçin Əliyevin vəkili Türkel Süleymanlının sözlərinə görə, cinayət işində elə təqdim olunub ki, sanki Hərbi prokuror Xanlar Vəliyevə, onun tabeliyində olan müstəntiqlərə, Hərbi Dəniz Qüvvələrinin rəhbəri Zaur Quliyevə, korpus komandiri Hikmət Həsənova adi gizirlər əmr verib Tərtərə gətirmişdi?
“Dövlətə xəyanət ittihamıyla cinayət işi başlanmasını, bu haqda ictimaiyyətə məlumat verilməsini o vaxtkı Baş prokuror Zakir Qaralov, Daxili İşlər naziri Ramil Usubova da gizirlər göstəriş vermişdi?”, - vəkil bildirib.
Türkel Süleymanlı əlavə edib ki, bu cinayət işi obyektiv, hərtərəfli araşdırılması üçün yenidən istintaqa qaytarılmalıdır.
Zərərçəkmişlər, digər vəkillər də istintaqa qaytarılma ilə bağlı onun qaldırdığı vəsatəti müdafiə edib.
Ruslan Mikayılovun vəkili əlavə əsas kimi, istintaq dövründə öz müvəkkilinə qarşı çoxsaylı qanun pozuntularına yol verilməsini göstərib: “İstintaqda qanunun tələbləri kobud şəkildə pozulub”.
Zərərçəkmişlərdən Nemət Məhərrəmov da istintaqdan narazılıq edib. Onun sözlərinə görə, narazılığını dilə gətirəndə qardaşıyla hədələnir: “Bunlara əmr verən adamların adlarını onlar da çəkib, biz də çəkmişik. Hanı o adamlar? Bunların başının üstündə dayananlar lazımdır. Baş Prokurorluğa gedirik, bizi qəbul eləmirlər. Məni qardaşımla hədələyirlər”.
Xanlar Vəliyev, Hikmət Həsənov, Nəcməddin Sadıqov, müstəntiqlər....
Sənan Maşıyevin vəkili bildirib ki, keçmiş Baş Qərargah rəisi ilə yanaşı, hazırda eyni vəzifəni daşıyan şəxsin də adı bu cinayət işində hallanır: “Çox təəssüf ki, bu cinayət işi üzrə istintaq hərtərəfli aparılmayıb. Məsələn, zərərçəkmiş Boris Cəfərova qarşı işgəncə epizodundan məlum olur ki, nəinki keçmiş Qərargah rəisi, hətta indiki Qərargah rəisi Kərim Vəliyev də orada olubmuş”.
Məhkəmədə əlavə şahidlərin dindirilməsi haqda da vəsatətlər qaldırılıb. Dindirilməsi tələb olunan əlavə şahidlər əsasən vəzifəli şəxslər olub. Bunların arasında Hərbi Prokuror Xanlar Vəliyev və onun tabeliyində çalışan müstəntiqlər, Tərtər Hərbi Prokuroru və bu qurumun müstəntiqləri, 2017-ci ildə korpus komandiri olan general Hikmət Həsənov, Hərbi Dəniz Qüvvələrinin rəhbəri Zaur Quliyev, sabiq Baş Qərargah rəisi Nəcməddin sadıqov, Müdafiə Nazirliyinin Bakı və Bərdə qarnizonlarının rəisləri, Mərkəzi Hərbi Hospitalın, eləcə də Sarıcalı hospitalının o vaxtkı rəhbərləri vardı.
Zərərçəkənlər də bu şəxslərin çağırılıb dindirilməsinin vacib olduğunu bildiriblər.
Məhkəmə əlavə şahidlərin dindirilməsi haqda vəsatətin baxılmamış saxlanmasına qərar verib. Hakim bildirib ki, bu məsələyə əsas şahidlər dindiriləndən sonra baxılacaq. İşin istintaqa qaytarılması haqda vəsatət isə təmin olunmayıb. İş məhkəmə baxışına verilib. Məhkəmə baxışı iyunun 7-nə təyin olunub.
Aytən, Bizimyol.info
Tarix: 24-05-2023, 14:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}