Xarici ölkələrdə istirahət üçün qiymətlər kəskin artdı - Növbəti aylarda...


Aprel ayından etibarən Azərbaycandan xarici ölkələrə tur paketlər 300-400 dollar bahalaşıb. Hazırda da bu sahədə tələb təklifi üstələyir. Növbəti aylarda fərq daha çox olacaq.
Ən çox tələbat hər il olduğu kimi, yenə də Türkiyəyədir. Bu il qardaş ölkə üzrə qiymətlər tez, həmçinin də çox artıb.
Hazırda qiymət artımı təxminən 25-30%-dir. Növbəti aydan etibarən isə bu artım daha çox olacaq.
Mövzu ilə bağlı TNS-ə açıqlama verən turizm sektoru üzrə ekspert Ceyhun Aşurov bunun səbəblərini erkən rezervasiya dövrünün daha tez başlaması ilə əlaqələndirib.
Onun sözlərinə görə, 2023-cü ilin dekabrından etibarən Türkiyənin turizm bazarı Azərbaycanda reklam olunmağa başlanıb və ilkin rezervasiya açılıb: "Cari ilin mart ayının sonuna qədər endirimlər qüvvədə oldu. Artıq turizm mövsümü başlayır və endirimli paketlərin böyük əksəriyyəti alınıb. Buna görə də şirkətlər 25-30 faizlik endirimləri artıq tətbiq etmir".
Müsahibimiz qiymət artımının əsas səbəbinin dünya bazarında baş verən tendensiyalarla bağlı olduğunu diqqətə çatdırıb: "Son vaxtlar bütün dünyada enerji daşıyıcılarının, eləcə də qida məhsullarının qiyməti durmadan artır, inflyasiya sürətlənir. Bu da bütün dünyada tur paketlərin qiymətinə mənfi təsir edir".
İkinci səbəbin COVID pandemiyası ilə bağlı olduğunu deyən ekspert qeyd edib ki, pandemiyadan sonrakı illərdə bir turistə düşən xərclər 40 faizə qədər artıb: "Əgər 2018-2019-cu illərdə bu xərclər təxminən 1000 dollardan hesablanırdısa, hazırda 1500 dollardır. Eyni zamanda,  pandemiya zamanı tətbiq olunan məhdudiyyətlər də artıq aradan qaldırıldığı üçün turistlər daha sərbəst hərəkət edə bilirlər".
Bahalaşmanın Azərbaycan vətəndaşlarına daha çox təsir etdiyini söyləyən C.Aşurov bunu əhalimizin Türkiyə bazarına daha çox meylli olması ilə əlaqələndirib: "Son 2 ildə Türkiyənin turizm bazarında qiymətlər ciddi şəkildə yüksəlib ki, bu da dövlətin turizm strategiyası ilə bağlıdır. Dövlət artıq hər şeyi ucuz satmaq yolu ilə deyil, ölkəyə daxil olan turistlərin sayı qarşılığında daha çox gəlir əldə etmək istəyir. Bunun hesabına da təkcə ötən il Türkiyəyə rekord sayda, yəni 57 milyon turist daxil olub. Türkiyə bundan 54 milyard dollar gəlir əldə edib".

Bahalaşma azərbaycanlıların xaricə, əsasən də qardaş ölkəyə turizm səfərlərinə necə təsir edəcək?
Ekspert bildirib ki, bu artımlar Azərbaycanın turizm sektoru üçün sərfəlidir: "Cunki bunun qarşılığında alternativ bazarlar daha cəlbedici olacaq və daha çox seçmək imkanları əldə ediləcək. Hazırda dünya üzrə 217 turizm distansiyası mövcuddur. Hansı distansiya daha sərfəli şərtlər təklif edəcəksə, insanlarımız da sərbəst şəkildə seçim edəcəklər. Bu gün Misir daha ucuz qiymətlər təklif etdiyi üçün vətəndaşlarımızın çoxu ora yönəldi. Dubay, Albaniya, eləcə də Çernoqoriya daha sərfəli paketlər təklif edir. Viza tələblərinin aradan qaldırılması və birbaşa uçuşların təşkil edilməsi ilə həmin bazarlara yönəlmə artacaq".
Tarix: 29-04-2024, 22:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}