Talassemiyalı uşaqların müalicəsi adıyla dələduzluq- ''Mərkəzi Gömrük Hospitalından , Mərkəzi Klinikadan , “Bona Dea Hospital”dan bizə xəstələr göndərilirdi"



Təqsirləndirilən şəxs vasitəçi olan klinikaların adını açıqlayıb
Talassemiyadan əziyyət çəkən uşaqları Türkiyədə müalicə və əməliyyat etdirmək adıyla onların ailəsini aldadıb, pullarını ələ keçirməkdə ittiham olunan şəxslərdən biri Aysel Məmmədova məhkəmədə bu prosesin necə baş verdiyini danışıb. O, ifadəsində bir neçə məşhur klinikanın bu prosesdə vasitəçi olduğunu bildirib. Aysel Məmmədova həmin klinikaların adlarını da çəkib: “Baku Medical Plaza”, “Bona Dea Hospital”, Mərkəzi Klinika, Mərkəzi Gömrük Hospitalı…
Talassemiyalı uşaqların ailələrini aldadıb, pullarını ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” şirkətlərinin rəhbəri Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Təqsirləndirilən şəxslərdən yalnız Nuridə Seyidova həbsdə olsa da, Aynur Bayramova və Aysel Məmmədova məhkəməyə evindən gəlib-gedirdi. Lakin mayın 1-də keçirilən məhkəmə iclasında zərərçəkmişlərin tələbi ilə Aynur Bayramova haqqında ev dustaqlığı qətimkan tədbiri ləğv olundu və o, məhkəmə zalında həbs edildi. İndi yalnız Aysel Məmmədova azadlıqda qalıb.
Onlar 36 nəfərə qarşı dələduzluq etməkdə – övladlarının müalicəsi adıyla onları aldatmaqda təqsirləndirilir. Cinayət işinin materiallarına əsasən, zərərçəkmiş qismində tanınan 36 nəfərə ümumilikdə 980 min ziyan dəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi
Foto: Meydan TV
Hakim Azad Məcidovun sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında zərərçəkmişlərdən daha bir neçəsinin mülki iddia qaldırdığı, onlara dəymiş ziyanı tələb etdikləri məlum olub. Hakim məhkəməyə ünvanlanan mülki iddiaları elan edib. Zərərçəkmiş Şahbaci İsayeva, Vüqar Eminov hər biri 28 min, Sahid Mövsümov isə 20 min manat pulun onlara ödənilməsi tələbilə mülki iddia qaldırıb.
Ötən məhkəmə iclasında Şahbacı İsayeva bildirmişdi ki, nəvəsinin Türkiyədə əməliyyatı üçün istənilən pulu kürəkəni şəxsən Aynur Bayramovaya verib, bununla bağlı video-sübut da var.
Məhkəmə mülki iddiaları icraata qəbul edib. Sədrlik edən hakim Azad Məcidov deyib ki, iddialara hökmdə qiymət veriləcək.
Həbsdə olan təqsirləndirilən şəxslərə ifadə vermək təklif olunsa da, onlar hazır olmadıqlarını bildiriblər.
Aysel Məmmədova isə ifadə verib. O bildirib ki, Azərbaycan Beynəlxalq Universitetinin “Müalicə işi” fakültəsində 7 il təhsil alıb. Universiteti bitirəndən sonra 5 il Yevlax şəhərində sahə həkimi işləyib. Sonra öz ərizəsi ilə işdən çıxaraq, Bakıya gəlib. Burada “Bakı Medical Plaza”da həkim işləyib.
Onun sözlərinə görə, 2022-ci ildə xəstə yaxınlarının vasitəsilə Aynur Bayramova ilə tanış olub. Elə həmin il Nuridə Seyidovanın rəhbərlik etdiyi “Urmedhelp” və “My Doc Tour” şirkətlərində həkim- ekspert işləməyə başlayıb.
Onun sözlərinə görə, adıçəkilən şirkətlər ağır xəstəliklərdən əziyyət çəkənlərin xaricdə müalicəyə göndərilməsiylə məşğul olurdu.
Aysel Məmmədova bildirib ki, ona beynəlxalq donor təşkilatların xaricdə müalicə üçün maliyyə ayırdığı, xərcin bir hissəsi də xəstənin yaxınları tərəfindən ödənilməklə, onların müalicəyə, əməliyyata göndərildiyi deyilmişdi.
Təqsirləndirilən şəxs əlavə edib ki, müxtəlif klinikalardan tanış həkimlər onlara xəstələr yönləndirirdilər:
“Bizim şirkətin rəhbəri də xaricdəki təşkilatların köməyilə onları müalicəyə göndərirdi. Mənə pul verilmirdi. Xəstələrin yaxınları ödənişi şirkətin mühasibi Toğrula verirdi. Mənə də ödənişdən 20 faiz çatırdı. Pullar adətən şirkətin seyfinə qoyulurdu. Amma onları kimin, necə xərcləməsindən xəbərim yoxdur. Mərkəzi Gömrük Hospitalından Mircəlal Kazimi, Mərkəzi Klinikadan Eldar həkim, “Bona Dea Hospital”dan Tariyel həkim bizə xəstələr göndərirdi. Yadımda qalan bunlardır…”.
Aysel Məmmədova növbəti məhkəmə iclasında ifadəsini davam etdirəcək. Növbəti iclas mayın 15-nə təyin olunub.
Ötən məhkəmə iclaslarından birində ittiham aktı elan olunanda Aynur Bayramova və Aysel Məmmədova özünü təqsirli bilməyib. Nuridə Seyidova isə özünü qismən təqsirli bildiyini deyib.
Aynur Bayramova talassemiyalı uşaqların ailələrinin aldadılmasında onun təqsiri olmadığını, baş verənlərə görə Nuridə Seyidovanın məsuliyyət daşıdığını bildirib.
Adları çəkilən 3 nəfərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham verilib. Bu maddədə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Meydan TV
Tarix: 10-05-2024, 17:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}