Çörəyin içərisindən taxta parçası ÇIXDI – “Binə” zavodu CƏZALANDIRILDI

Çörəyin içərisindən taxta parçası ÇIXDI
“Binə” çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında material dərc etmişdik. Belə ki, aprel ayının 30-da Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Şərur MTK binasında yaşayan vətəndaş həmin ərazidəki “Araz” marketdən çörək alıb.

O, evdə çörəyi kəsən zaman içərisində qaraltı gördüyünü və sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. Şəxsin bildirdiyinə görə, çörəyin içərisindən çıxan taxta qırıntısının uzunluğu təxminən 3 sm-ə yaxın olub. Aldığı çörəyin videosunu çəkən müştəri çörəyi istehsal edən “Binə” çörək zavodunun rəhbərliyinə səslənərək unun ələnməsində xüsusilə diqqətli olmalarını tələb edib.

“Binə” çörək zavodunun direktoru Seymur Babayev isə Bizim.Media-ya açıqlamasında bunu təkzib edib. Belə halın olmasını qeyri-mümkün hesab edən direktor məsələnin araşdırılacağını deyib.

Həmin vaxt Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən də saytımıza məsələni nəzarətə götürdüklərini bildiriblər.

Üstündən iki həftəyə yaxın müddət keçsə də nə vətəndaşı haqsız sayan zavod, nə də insanların qidasının təhlükəsizliyinə cavabdeh qurum araşdırmanın nəticəsini elan etmir. Araşdırmanın nəticəsini öyrənmək üçün bir daha “Binə” çörək zavodu və AQTA ilə əlaqə yaratdıq.

“Binə” çörək zavodunun hüquqşünası Rəhim Axundov Bizim.Media-ya açıqlamasında israrla belə halın mümkün olmadığını deyib:

“Bizdə qapalı elektron ələklər var, un ələnir və borular vasitəsilə yoğrulma prosesinə göndərilir. O ələkdə gərək deşik olsun ki, unun içərisindən yad cisim keçə bilsin. Ələyin içərisində elə bir deşik yoxdur. Hətta dəyirmandan gələn kisənin içərisində nəsə varsa, o, orada ilşib qalmalıdır. Əgər bir işçi öyrədilibsə, kimdənsə pul alıbsa, unun içərisinə nəsə atırsa, o yenə də ələkdə ilişib qalacaq, boruya keçməyəcək. Bu, o zaman baş verə bilər ki, ələkdə deşik olsun, kimsə ələkdə süni şəkildə deşik açsın, cırsın və s. Əgər ələk sağlamdırsa, bu necə baş verir?!

Zavodun hüquqşünasının sözlərinə görə faktın həqiqiliyini sübut etmək üçün ən azı 3 şahid lazımdır:

“Əgər iddia edirlərsə, çörəyi sübut üçün qurudub saxlaya bilərlər. Vətəndaşı dəvət etmişik, o çörəyi gətirməli, bizə təhvil verməli idi. Buna görə protokol tərtib olunmalı, məsələ aktlaşdırılmalı idi. Mən də sabah çörək alıb, özüm onun içərisinə hansısa formada nəsə qoya bilərəm. Bunun üçün minimum 3 nəfər şahid ifadəsi olmalıdır. Məsələnin aktlaşdırılması, araşdırılması üzərində işləyirik”.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqlaması isə tamamilə ziddiyyət təşkil edib.

AQTA-dan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən zavodda yoxlama aparılıb və bir sıra nöqsanlar aşkarlanıb:

“Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən “Binə Çörək Zavodu” MMC-yə məxsus çörək emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Yoxlama zamanı xəmir yoğurma sahəsində çirkab suyun toplandığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, divar və tavanında bəzi hissələrin tamlığının pozulduğu, emal sahəsinin normativlərə cavab vermədiyi və müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilib”.
Bizim.Media
Tarix: 14-05-2024, 11:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}