Metro keçidləri üstə qanlı savaş – Azərbaycanlı və tacik mafiyası niyə toqquşdu?

Metro keçidləri üstə qanlı savaş – Azərbaycanlı və tacik mafiyası niyə toqquşdu? Sovet hökuməti zamanında dilənçiliyə görə cinayət məsuliyyəti vardı. Amma rejimin çökməsindən sonra qanunlar yumşaldıldı. 1993-cü ildə isə Rusiya Federasiyasının Cinayət Məcəlləsindən 209-cu maddə götürüldu.Bundan sonra dilənçilər daha qanunla təqib olunmurdular.

24.saat. org bildirir ki, qanunun götürülməsindən sonra mafiyalar arasında “dilənçi biznesi” üstə qanlı savaş başladı. Axı yeraltı keçidlərdə, metrolardakı dilənçilərdən kriminal qruplaşmalar hər gün milyonlarla dollar qazanırdılar.


1998-ci ilədək müxtəlif ərazilərə müxtəlif etnik qruplaşmalar nəzarət edirdi. Onların arasında üç ən güclü qruplaşma öz aralarında razılığa gəldi. Sülh sazişi bağlayan azərbaycanlı, tacik və qaraçı mafiyası qalan qruplaşmalara müharibə elan etdi. Rusiya Daxili İşlər Nazirliyinin həmin vaxt üçün olan məlumatına görə, Azərbaycan qruplaşmasında 150, taciklərdə 130, qaraçılarda 80 nəfərə yaxın döyüşçü vardı.

Üç mafiya birləşərək Moskvanı rəqiblərdən təmizləməyə başladı. Kənara çəkilənlərə dəymədilər, “ləziz tikə”dən əl çəkmək istəməyən rəqib klan üzvlərini isə amansızlıqla öldürdülər. Müharibə cəmi bir ay çəkdi. Hər üç klan qalibiyyəti bayram edərək Moskvanı dədə malı kimi böldülər. Kimin hansı əraziyə nəzarət edəcəyi haqda razılaşma əldə olundu.

Hər üç qruplaşma 9 il bizneslərini “sülh şəraitində” idarə etdi. Razılığı 9 ildən sonra, 2007-ci ildə artıq daha da güclənmiş tacik mafiyası pozdu. Onlar Orta Asiyada olan nə qədər cüzam xəstəsi varsa, dartıb Moskvaya gətirdilər. Xəstələrə pul, yaxşı yemək vəd edirdilər. Qeyri-adi görkəmləri – kor, şil, çürümüş burun-qulaqlı cüzam xəstələri öz ekzotik görkəmləri ilə moskvalıları dəhşətə gətirirdilər. Bununla belə, rusların, qucağında azyaşlı uşaq dilənçilik edən qaraçı qadınındansa cüzam xəstələrinə daha çox yazığı gəlirdi. Tezliklə taciklərin cüzamlı xəstələri yeraltı keçidlərdən və metrolardan qaraçıları və azərbaycanlıların himayə etdikləri dilənçiləri sıxışdırdılar.

Azərbaycanlılar cüzam xəstələrini öz tərəflərinə çəkmək istəsə də, alınmadı. Səbir kasaları dolduqda Azərbaycan qruplaşması cüzam xəstələrini kütləvi güllələməyə başladı.

Bu, artıq müharibə demək idi. Taciklərlə azərbaycanlılar arasında qanlı savaş başladı. Qaraçılar əvvəlcə neytrallıqlarını saxladılar. Taciklər azca üstünlük əldə edən kimi isə onların tərəfinə keçdilər. Qaraçılar ümid edirdi ki, bundan sonra taciklər onları “cüzam biznesi”nə şərik edəcəklər. Arada onlar bicliyə də əl atdılar – küçədə səfil həyatı sürən alkoqolikləri tutur, onların qolunu, ayağını qırır, üzlərini doğrayıb qorxunc hala salır və dilənməyə məcbur etdilər. Qaraçıların eybəcər dilənçiləri cüzamlılara rəqabət yaratmağa başladı. Taciklər bunu bağışlamadılar. Üç ay içində bir neçə qaraçı baronu güllələndi.

Taciklərin başı qaraçılara qarışdı. İki klan arasında müharibə alovlandı.


Bundan istifadə edən azərbaycanlılar ağıllı plan fikirləşib dilənçi biznesini üstələyən yeni üsul tapdılar. Onlar işsiz qalan musiqiçiləri, aktyorları biznesə cəlb etdilər. Bütün yeraltı keçidlər və metrolar küçə musiqiçiləri ilə doldu. Azərbaycanlılar hətta “İncil”i əzbərdən bilən rahibləri də bu işə cəlb etdilər. Axı metroda gitara çalan musiqiçiyə, yaxud ucadan avazla ”İncil”dən sitatlar oxuyan rahibə ruslar daha maraqla yanaşırdılar. Onların gəlirləri dilənçilərdən daha çox olurdu.

Moskva Duması isə hələ də paytaxtı dilənçilərdən necə təmizləməyin yolları axtarır. Dilənçilərin sayına görə Moskva hətta Asiyanın kasıb dövləti olan Banqladeşi belə üstələyir.

Amma mafiya ilə bacarmaq hələlik məmurlar üçün mümkünsüzdür. Yeraltı Moskva hələ də bu üç klanın nəzarətindədir.

İlqar Atabəyli
Tarix: 21-01-2017, 09:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}