Dəhşətli statistika: Azərbaycanlılar niyə canlarına qıyır?- Deputat “yoxsulluqla əlaqəsi yoxdur” deyir

Dəhşətli statistika: Azərbaycanlılar niyə canlarına qıyır?- Deputat “yoxsulluqla əlaqəsi yoxdur” deyir Zahid Oruc: “İnsanların informasiyaların təsirinə, o cümlədən də beyin yuyulmalarına məruz qalması intiharlara səbəb olur”

Fazil Mustafa: “Əsas səbəb sosial problemlərdir”

Musa Quliyev: “İntiharın yoxsulluqla heç bir əlaqəsi yoxdur”

Elnur Rüstəmov: “İnformasiya əsri və qloballaşma insanların ruhi hallarına birbaşa təsir edir”


Son 8 ildə Azərbaycanda intihar statsitikası 3 min 745 nəfər artıb. Qeyri-rəsmi mənbələrdə bu rəqəm 138 olubsa, ötən il 797 nəfər təşkil edib. Əlbəttə, intihar statistikasının artımında maddi problemlərlə yanaşı mənəvi çətinliklər də mühüm rol oynayır.Bu istiqamətdə mənəvi problemlər maddi çətinliklərdən daha ön sırada qərarlaşıb.İnformasiya, texnologiya əsri özü ilə insanlara mənəvi problemlər də gətirdi.

Ailələrin, qohum-əqrəbaların bir-birindən qopması, insanların dərd-sərini deyəcək birini tapmaması, içini aça bilməməsi, bütün bunlarla yanaşı maddi problemlərin olması kritik vəziyyəti pik həddə çatdırır.Əlbəttə, bu çıxış yolu olmasa da, dar vəziyyətdə qalan şəxslər intihara əl atır.Məhz bunun nəticəsidir ki, bu gün o rəqəmlərin sayı artıb. İntihar elə bir xəstəlikdir ki, hər il bu virusa yoluxanaların sayı artır.

Maraqlıdır, ekspertlər bu haqda nə düşünür? İntihara səbəb amillər hansılardır?



Millət vəkili Zahid Oruc “Cümhuriyət”ə açıqlamasında bu haqda danışıb.İntihar hadisələrini günümüzün acı reallığı kimi dəyərləndirən millət vəkili bildirib ki, baş verən hər belə hadisə təkcə bir şəxsin deyil, bütünlükdə cəmiyyətin faciəsidir. Çünki baş verən hər bir intihar hadisəsi növbəti intiharlara çağırışdır ki, bu da beyni saf, düşüncəsi, iradəsi zəif insanları daha tez cənginə ala bilir:

“Son illərdə aparıcı dövlətlərdə də intiharların sayı artıb. Sosial sıxıntıda olan dövlətlər üçün intihar əsas problemlərdən biri hesab edilir.İnsanların yeni dövrə transformasiya edilə bilməməsi, müxtəlif problemlər içində tək qalması, informasiyaların təsirinə, o cümlədən də beyin yuyulmalarına məruz qalması intiharlara səbəb olur.Səmavi kitabların təbliğatı da insanları bu cür addımlardan yayınmağa vadar edə bilmir.Əlbəttə, teleməkan və digər informasiya vasitələri də intiharların sayının artmasında təsirə malikdir”. Millət vəkilinin sözlərinə görə, hər bir intihar hadisəsi geniş şəkildə təhlil olunmalı, insanların hansı səbəbdən dolayı bu yola əl atdığı araşdırılmalıdır:

“Son zamanlar körpülər, binalar da intihar hadisəsinin tribunasına çevrilib. Halbuki körpülər, binalar başqa təyinat üçün nəzərdə tutulub.Təəssüflər olsun ki, insanlar bu körpüdən keçməyə deyil, oradan intihar etməyə üstünlük verirlər.bu məsələ yalnız siyasi dairələr tərəfindən nəzərdən keçiriləcək məsələ deyil. Dövlət bunu etsin çağırışı da düzgün səslənmir.Çünki bu cür hadisələrdə tərbiyədən, ailədaxili münasibətlərdən cəmiyyətdəki ictimai münasibətlərədək olan amillər aparıcı rol oynayır.Təkcə intiharların statistikası da çağırış edir.Qeyd edim ki, intihar burulğanı tək Azərbaycanda deyil, Norveç kimi ölkələrdə də geniş yayılıb”.

Z.Orucun sözlərinə görə təminatlı ölkələrdə də bu statistika olduğu üçün baş verən intihar hadisələrində sosial məsələlər ilkin amil ola bilməz:

“50-100 il öncə insanlar indiki ilə müqayisədə qat-qat kasıb yaşayıblar. İntihar statistikası sosial problemlərdən asılıdırsa, gərək ki, 50-100 il öncə də bu qədər insan intihar edəydi. Heç şübhəsiz ki, sosial problemlərin də intihar hadisələrində müəyyən çəkisi var. Amma aparıcı amil bu deyil.İntihar edən şəxs bu yolla ailənin problemini həll etmir axı.Əksər hallarda insanlar ümidsizlik və inamsızlıqdan bu yola əl atırlar.Bəlkə o insanın sabaha çörəyi də var. Lakin mənən sabaha inamsızdırlar.Ailələr sevgi üzərində qurulmadığı, virtual məkan həyatında aparıcı rol oynadığı üçün özlərini cəmiyyətdən kənarlaşmış hesab edirlər”.

Millət vəkilinin sözlərinə görə, baş verən hadisələrin kökündə mənəvi problemlər əsas rol oynayır:

“İnsanlar mənəvi, ruhi düşüncələrini yaşaya bilmirlər. Onlara elə gəlir ki, verdikləri bu qərar həyatları üçün önəmlidir.Nikahların pozulması statistikasına nəzər yetirin.68 min ailədən 14-15 mini dağılıb.Hələ rəsmi nikahda olmayan şəxslərin də münasibətlərini bura əlavə etsək, çəki artar.İntiharların statistikası ilə boşanmaları müqayisə edin.Görün, hansı mənzərə yaranır. Vaxtilə qərb dünyasında bu cür problemlərin həlli üçün inanc ünvanları, psixoloji yardım məskənləri yaradıldı. Bu çox önəmli addım oldu.Tələbələrimir xarici universitetlərdə təhsil alır.Onları qəhrəman hesab edirəm. 12-13 il ərzində hər cümə və şənbə günü psixoloji treninqlər təşkil olunur. Əlbəttə, xaricdə təhsil alan bu cür gənclərimiz yeni mühitə adaptasiya olmaqla təhsillərini davam etdirirlər. Bu o qədər də asan proses deyil. Lakin ölkəmiz çərçivəsində insanlar bir göz qırpımında həyatlarına qəsd edirlər”.

Z.Orucun sözlərinə görə, ölkəmizdə də həftənin bir neçə günü bu ənənə tətbiq edilsə, müsbət nəticələr əldə etmək olar:

“Hesab edirəm ki, post müharibə sindromu, yəni müharibədən çıxan xalqlar cəbhədə baş verən situasiyaları cəmiyyətə daşıyır, bir-birilərinə yardım edirdilər. Cəmiyyətdə yardımlaşmanı görə bilmədikdə isə bu cür şəxslər özünə qəsd edirlər.Düşünürəm ki, əksər universitetlərimizdə psixoloji yardım, treninqlərin keçirilməsinin müsbət təsiri olar.Sokratdan soruşurlar ki, niyə insanlar dilənçiyə sədəqə verir, filosofa vermir. O deyir ki, hər bir insan dilənçi olmaq perspektivini düşünür, lakin filosof olmağı yox. Hamının sarsıntısı ola bilər. Bu insnaların imkanından, vəzifəsindən asılı deyil.Hətta bəzən varlı insanlar da intihara əl atır”.

Bir sözlə, yardımlaşmanın olmaması insanalrın mənən təklənməsinə və intihara sürüklənməsinə səbəb olur.

Maarifləndirmə vacibdir




Millət vəkili Fazil Mustafa isə həmkarından fərqli düşünür. Onun sözlərinə görə, intiharların baş verməsində əsas səbəb sosial problemlərdir:

“Bu səbəbdən intiharların səbəbini araşdırmaq da o qədər asan deyil. İndiki dövrdə intiharların əsas səbəblərindən biri insanların maariflənmə səviyyəsinin aşağı olması, çətinliyə hazır olmaması, orta məktəbdən yaranan təlim-tərbiyə sisteminin yetkin olmaması ilə əlaqədardır.Bu səbəbdən hökumət tərəfindən intihara meyilli insanların aşkarlanması, müəyyən sıxıntılı problemlərin aradan qaldırılması üçün proqramların hazırlanması vacibdir”.

Ekoloji amillərin də təsiri var


Digər millət vəkili Musa Quliyev düşünür ki, yoxsulluq intiharlara yol açmır:

“Dünya ölkələri ilə müqayisədə Azərbaycanda o qədər də çox intihar hadisəsi baş vermir. İntiharların baş verməsində müxtəlif səbəblər var. Depressiya, müəyyən psixoloji problemlərin olması bəzən arzuolunmaz hadisələrin baş verməsinə səbəb olur.Sosial çətinliklərin olması intiharların baş verməsində əsas amil deyil.Sosial problemlər bir çox ölkələrdə, məsələn, Pakistan, Hindistanda da var. Lakin bu ölkələr digər Avropa ölkələri ilə müqayisədə intihara meyilli deyil.İntiharın yoxsulluqla heç bir əlaqəsi yoxdur”.



Psixoloq Elnur Rüstəmov “Cümhuriyət”ə açıqlamasında bildirib ki, bu gün intihara səbəb olacaq faktorlar çoxdur. Hətta ekoloji amillərin də müəyyən qədər bu cür hadisələrin baş verməsində çəkisi var: “İnformasiya əsri, qloballaşma və başqa səbəblər insanların ruhi hallarına birbaşa təsir edir ki, bu da son olaraq intiharlara səbəb olur”.

Eskpertin sözlərinə görə maddi problemlər arxa plandadır. Ön planda isə insanların mənəvi problemləri dayanır:

“Hər kəs komfort istəyir ki, bu hadisələrdə sonda fərdin təklənməsinə, özünə qapanmasına səbəb olur. Bu gün intihar hadisələri adiləşib.Adam sosial şəbəkədə elan edir ki, intihar edirəm.Sonra da bu yolda özünü fəda edir”.


Eskpertin sözlərinə görə Verter Sondromunun da intiharların say çəkisində mühüm rolu var. intihar xəbərləri nə qədər geniş yayılsa, arxasınca da kütlə gələcək ki, bu da sonda cansız bədənlərin sayının artmasına təsir edəcək. Sosiologi sorğuya görə dünyada intihar statistikasına görə, daha çox şimal qütbündə yaşayan ölkələr ön planda olub.Hava şəraiti ilə əlaqədar olaraq insanlar yaranan depressiyanın təsirindən intihara əl atır.Azərbaycanda bu rəqəmin böyüməsinin müxtəlif səbəbləri var. Sosial-iqtisadi vəziyyətin gərgin olmasının da xüsusi çəkisi var.



Psixoloji Sağlamlıq Mərkəzinin baş psixiatrı Fuad İsmayılov Cebhe.info-ya ötən sayların birində verdiyi açıqlamada bildirmişdi ki, daha çox daxili problemləri olan, krizis dövrü keçirən insanlar bu yola əl atır. Statistik rəqəmlərdən fərqli olaraq F.İsmayılov Azərbaycanda intihar statistikasının öncəki bir illə müqayisədə aşağı düşdüyü qənaətindədir:


“Ötən il ərzində intiharların sayında azalma olub. Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, 2016-cı il ərzində 327 intihar hadisəsi baş verib. 2015-ci ildə isə bu rəqəm 500-ə yaxın olub”.

Baş psixiatr bildirmişdir ki, intiharların baş verməsində əsas səbəb insanların reallıqdan qaçmasıdır:


“Reallıq o qədər pisdir ki, problemlər içində üzən insan qərara gəlir ki, intihar edib, bu girdabdan yaxa qurtarsın. Yaxud da sağalmaz xəstəliyə düçar olan şəxslər əzabdan qurtulmaq üçün bu yola əl atırlar.Məsələn, onkoloji xəstələr var ki, onların yaşamağa ümidləri olmadığı üçün intihara cəhd edir.Bununla yanaşı müxtəlif qumar oyunlarında pul itirən şəxslər də intihara meyilli olurlar.Bu yaxınlarda mərkəzimizə müraciət edənlərdən biri də Topaz Şans Oyunlarında uduzanlardan biri idi.Qumarda həddindən artıq pul itirən bu şəxs reallıqdan qaçmaq üçün intihara əl atırdı.Depressiyada olan insanlar arasında da intihara meyillilik var. Səbəb bu şəxslərin özünü cəmiyyət üçün lüzumsuz hesab etməsidir.Belə şəxslərdə özünə qarşı müəyyən nifrət olur.Əlbəttə, bütün bunlar yanlış addımdır”.

Sonda Dünya Sağlamlıq Təşkilatının ölkələrin intihar statistikası ilə əlaqədar olaraq 2015-ci il üçün hazırladığı hesabata nəzər yetirək. 183 ölkə sırasında hər yüz min nəfərə düşən intihar statistikasına görə siyahıya Şri-Lanka rəhbərlik edir. Burada hər 100 min nəfərə 34.6 nəfər düşür ki, onların sırasında kişilər üstünlük təşkil edir. 4-cü yerdə Qazaxıstan, 17-ci yerdə Rusiya, 21-ci yerdə Ukrayna, 112-ci yerdə Türkiyə, 146-cı yerdə Gürcüstan, 152-ci yerdə Ermənistan, 164-cü yerdə İran, 167-ci yerdə isə ölkəmiz qərarlaşıb.

Nigar Məhərrəm
Cebhe.info
Tarix: 10-06-2017, 23:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}