Deputatın ömürlük cəza alan qardaşı oğluna qarşı xuliqanlıq edən şəxsdən gözlənilməz qərar

Deputatın ömürlük cəza alan qardaşı oğluna qarşı xuliqanlıq edən şəxsdən gözlənilməz qərar Deputatın qardaşı oğlunun da qarışdığı silahlı toqquşmaya görə həbs edilən şəxs şikayətini geri götürüb. Deputatın qardaşı oğlu bu işə görə ömürlük həbs cəzası alıb.

Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü Elman Əhmədovla Bakıda “1001 gecə” istirahət mərkəzində deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov arasında 2011-ci ildə mübahisə olub. E.Əhmədov Rəşad Mirələmov üzərində üstünlüyünü nümayiş və qəbul etdirmək məqsədilə qeyri-qanuni zor hərəkətləri edib. Rəşad Mirələmovun E.Əhmədovla mübahisəsinin səbəbi isə başqa şəxslərin işinə müdaxilə etmələri olub.


Belə ki, R.Mirələmov Lənkəran şəhərində dostu Taleh Həsənova borca 3700 manat pul verən Zamin Bağırovla görüşüb və ondan tələb edib ki, həmin puldan imtina etsin. Z.Bağırov etiraz etdikdə onu Lənkəran şəhərində yerləşən “Cənub” şadlıq sarayının çayxanasına çağırıb. Qatlanmış vəziyyətdə olan bıçağın dəstək hissəsi ilə Zamin Bağırovun göz və kürək, təpiklə isə ayaq və bədəninin digər nahiyyələrinə zərbələr vurub. Ondan Taleh Həsənova verdiyi borcundan imtina etməsini tələb edib.

2012-ci ilin iyun və iyul aylarında isə Rəşad Mirələmov qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə Lənkəranın Şilavar kənd sakini Firdovsi Bağırovu döyüblər. Ondan Həsənov Taleh Zakir oğluna, Əliyev Valeh Müslüm oğluna və qeyrilərinə mövcud olmayan borcu - 19 min dolları alıblar. Pulu əlindən alınan Firdovsi Bağırov Ramal Bayramova və Elman Əhmədova müraciət edib.

Bununla bağlı Elman Əhmədov 16 iyul 2012-ci il tarixdə Rəşad Mirələmova zəng vurub və Səbail rayonu, Salyan şosesi 32 ünvanında, Şıx çimərliyi ərazisində yerləşən və millət vəkili Hüseynbala Mirələmov və onun ailəsinə məxsus olan “1001 gecə” istirahət mərkəzində görüşməyi razılaşdırıb. Elman Əhmədov iyulun 17-də, gecə saat 03 radələrində əvvəllər tanıdığı Ramal Bayramov, Səməd Mənsimov, Elnur Qasımov, Elmar Süleymanov, Mübariz Məmmədovdan ibarət bir qrup şəxslə Rəşad Mirələmovla görüşə gəlib. Elman Əhmədov orada Rəşad Mirələmovun və restoranın xidmət personalının ünvanına ucadan nalayiq ifadələr işlədib. Qarşılıqlı yaranan mübahisə zəminində o, stolun üzərində olan stəkanları Rəşad Mirələmova tullayıb.

Dəstə üzvləri deputatın qardaşı oğluna təpik zərbələri vuraraq, ona xəsarət yetirib. Rəşad Mirələmov isə həmin zaman özündə olan “Makarov” tipli tapançadan atəş açıb. Bu zaman Ramal Bayramov ölüb. Ramal Bayramov kriminal aləmdə “Rövşən Lənkəranski”nin yaxın adamı kimi tanınıb. Bu hadisəyə görə Rəşad Mirələmov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Deputatın qardaşı oğlu ilə mübahisə edən digər şəxslər həbs edilsə də, Elman Əhmədov istinraqdan yayınıb. O, 2015-ci ildə həbs edilib. E.Əhmədov həbsdə olan deputatın qardaşı oğluna qarşı xuliqanlıq etməkdə təqdirləndirilir. Bu cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Elman Əhmədov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə ittiham edilib. Səbail Rayon Məhkəməsinin hökmü ilə Elman Əhmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib. Prokurorluq protestində Elman Əhmədovun cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorluğun protestinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilib. Yeni hökmə əsasən Elman Əhmədovun cəzası 3 il müddətinə qədər ağırlaşdırılıb.

Amma Elman Əhmədovun vəkili bu qərardan narazı qalıb və kassasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin cəzasının azaldılmasını xahiş edib. Vəkilin şikayətinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Maraqlısı isə budur ki, həbsdə olan Elman Əhmədov vəkili ilə eyni mövqedə olmayıb. Hakimlər kollegiyası işə baxan zaman Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Elman Əhmədovun ərizəsi daxil olub. Məhkum gözlənilməz qərar verərək ərizəsində müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirib. Bununla da cəzası ilə razılaşıb.

Hakimlər həmin məktubu elan edərək məhkumun istəyini nəzərə alıblar. Hakimlər kassasiya şikayətinin geri götürülməsi barədə qərarı elan ediblər.( Musavat.com)
Tarix: 31-07-2017, 14:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}