Gömrük generalının bir çanta qızılına görə 9 il həbs tələbi

Gömrük generalının bir çanta qızılına görə 9 il həbs tələbi Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru, general-mayor Qambay Əliyevin evindən bir çamadan qızıl-zinət əşyaları və pul oğurlanmaqda suçlanan Sədaqət Məmmədovaya 9 il həbs cəzası istənilib. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Orxan Kəngərli bu təkliflə çıxış edib.

Prokuror deyib ki, Sədaqət Məmmədovaya CM-nin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə verilmiş ittiham sübuta yetirilib. Dövlət ittihamçısı hazırda ev dustaqlığında olan S. Məmmədovanın məhkəmə zalından həbs olunmasını istəyib.

Sentyabrın 27-də davam edəcək məhkəmədə S. Məmmədova özü son sözünü deyəcək.
O, özünü təqsirli bilmir, oğurlanan qızıl və puldan xəbəri olmadığını deyir. Səqadət Məmmədova məhkəmədə deyib ki, evdən əşyaları və pulu generalın öz yaxınları oğurlayıb, bunu Qambay Əliyev özü də bilir.

Sədaqət Məmmədova məhkəmədə Q. Əliyevin özünün də iştirakı haqda vəsatət qaldırmışdı. Amma general məhkəməyə gəlməkdən imtina edib.

Oğurluq hadisəsi generalın anası Böyükxanım Əkbərovanın adına olan evdə baş verib. Sədaqət Məmmədova o evdə xidmətçi olmaqla yanaşı, gecələr Böyükxanım Əkbərovaya da baxır və söylədiyinə görə, buna görə ayrıca pul alırmış. Oğurluq onun adına olan mənzildə baş verdiyindən, B. Əkbərova cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb. Amma o, bir müddət öncə dünyasını dəyişib. İndi zərərçəkmişin hüquqi varisi qismində Qambay Əliyev tanınıb.


Sədaqət Məmmədova hadisədən bir neçə gün sonra həbs olunub. Onun haqqında ilkin istintaq dövrü üçün dörd aylıq həbs-qətimkan tədbiri seçilib. Amma sonradan qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.

S. Məmmədova məhkəmədə oğurluğu boynuna götürməsi üçün Nəsimi Rayon Polis İdarəsində ona işgəncə verilməsindən danışıb. Qadının dediyinə görə, ondan generalın qızı ilə kürəkəninin adını hallandırmamağı tələb ediblər. Ev qulluqçusunun sözlərinə görə, həbsxanada olarkən, generalın qızı Sevinc Əliyeva onun yanına gəlib, 150 min təklif edib ki, onun həyat yoldaşının adını çəkməsin. Ardından onun barəsində həbs-qətimkan tədbirini dəyişib ev dustaqlığına buraxıblar

Siam.az

Mənbə – azadliq.info
Tarix: 20-09-2017, 21:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}