Sirli qətl-FOTOLAR

Sirli qətl-FOTOLAR
Müqəddəs Mehdiyev
“Şimal xəbərləri” qəzetinin baş redaktoru

Artıq düz yeddi ildir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü və iş adamı Nəcimə Babayevanın öldürülməsi müəmma olaraq qalır
Bu mövzuya ötən ilin dekabrında da toxunmuşduq. Üstündən xeyli müddət keçməsinə baxmayaraq, nə bir cavab verən oldu, nə də yenilik. Baş verənlərin sizlərə aydın olması üçün əvvəlki yazımızdan bir hissəni olduğu kimi dərc edirik: “Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şer kitabının müəllifi, Xaçmazdakı “Arzu” ticarət mərkəzinin direktoru Nəcimə Babayevanın qətlindən altı ildən çox ötür. Xatırladaq ki, o, iyirmi beş ilə yaxın Xaçmaz mərkəzi kolxoz bazarının müdiri olub. Yetmiş üç yaşı vardı. Nəcimə xanım yaşadığı şəxsi üçmərtəbəli evinin birinci mərtəbəsində öldürülüb. Ailə üzvləri həmin vaxt bildiriblər ki, anaları qisas məqsədi ilə qətlə yetirilib. Hadisə baş verən zaman onun qızı Gülnarə xanım da evin üçüncü mərtəbəsində olub. Ona anasının öldürülməsini evi təmizləməyə gələn qulluqçu xəbər verib. Məsələ bununla da bitməyib. Bu hadisədən iki il sonra Nəcimə Babayevanın qızı, 49 yaşlı Təranə Həbibova Xaçmazda bacısının yaşadığı binanın beşinci mərtəbəsindən özünü atıb. Onun nəyə görə intihar etməsinin səbəbləri bilinmir.
Sirli qətl-FOTOLAR
Bəs Nəcimə Babayeva niyə öldürülüb? Bu qətli kim sifariş edib? Nəyə görə bu ölüm hadisəsinin üstü hələ də açılmayıb? Bu suallar altı ildən çoxdur ki, ictimaiyyəti ciddi narahat edir. Ona görə də, əhali arasında cürbəcür şayiələr yayılır.
Doğrudur, Nəcimə Babayevanın oğlu Fuad Həbibov və qızı Gülnarə Həbibova bu səs-küylü cinayət hadisəsi haqqında dövlətin bütün instansiyalarına müraciətlər göndəriblər, bəzi güc strukturları rəhbərlərinin qəbullarında da olublar. Beş il öncə Bakıda mətbuat konfransı keçirərək cinayət işinin açılmaması ilə əlaqədar narazılıqlarını da ifadə ediblər. Fuad Həbibov bildirib ki, anasının heç kimlə düşmənçiliyi olmayıb. Onu sahib olduğu bazarı ələ keçirmək üçün öldürüblər. Bu arada qeyd edək ki, iyirmi beş il bazara rəhbərlik edən Nəcimə Babayeva sonradan onu özəlləşdirib. Hələ bundan öncə də rayonun müxtəlif rəsmi şəxsləri bazarı ələ keçirmək məqsədi ilə ona qarşı ciddi təzyiqlər edirdilər. Sonradan təzyiqlər daha da artıb.
Sirli qətl-FOTOLARÇoxsaylı məhkəmə prosesləri olsa da Xaçmaz şəhərinin mərkəzində yerləşən və indi də fəaliyyət göstərən bazarı onun əlindən ala bilməyiblər. Ən maraqlısı budur ki, Nəcimə Babayevanın ölümündə rayonun bir sıra vəzifəli şəxslərinin adları hallanır. Bu barədə mətbuatda da o vaxtlar kifayət qədər yazılar gedib. Nəcimə Babayeva bir yana, bəs qızı Təranə niyə intihar edib? Hadisədən üç il əvvəl mərkəzi bazarda yanğını kim törədib? Doğrudur, Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər nazirliyinin nümayəndələri Xaçmaza gələrək bu işi yerindəcə araşdırıblar. Mərhumun qızı Gülnarə Həbibova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayona səfər edəndə beşmərtəbəli binanın damına çıxaraq oradan qışqıra-qışqıra prezidentə müraciət edib, şikayətini çatdırıb. Məlumatlara görə, Nəcimə Babayevanın ölüm işinin araşdırılmasını Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır. Hələ ki, bir nəticə yoxdur.”
Bəli, yeddi il keçir. Bir çox sualların cavabı ictimaiyyət üçün yenə də qaranlıq olaraq qalır: Görəsən, Nəcimə Babayevanın qətlini kim sifariş edib? Niyə cinayətkar və sifarişçilər hələ də azadlıqdadırlar? Azərbaycanda kifayət qədər peşəkar əməliyyatçılar və müstəntiqlər var. Baş verən isə sıradan bir hadisə deyil. Qətlin tamah məqsədi ilə törədilmədiyi deyilir. Onda N. Babayevanın öldürülməsinin səbəbi kimi sadəcə bazarın ələ keçirilməsi versiyası qalır. Belədə bütün araşdırmalar həmin istiqamətdə aparılmalıdır. Bunu ortaya çıxarmaq isə o qədər də çətin bir iş deyil. Bazar hazırda mərhumun övladları tərəfindən idarə olunur. Əgər savaş bazar uğrunda idisə, qətlin sifarişçiləri nə əldə etdilər? Tutaq ki, bu versiya da düzgün deyil. Onda istintaq bizə məlum olmayan bir istiqamətə yönəlməlidir. Bəlkə problem heç bazarda olmayıb, kimlərsə bu ticarət obyekti uğrunda çəkişmələrdən istifadə ediblər? Bəlkə heç kimə məlum olmayan elə məsələlər var ki, N. Babayevanın öldürülməsinə səbəb olub? Yəqin ki, istintaqçılar da müxtəlif ehtimalları nəzərdən keçirməmiş deyillər. Bütün hallarda bir neçə şer kitabının müəllifi, yazıçılar birliyinin üzvü və iş adamı Nəcimə Babayevanın sirli qətlinin üstünün indiyədək açılmaması heç kimə başucalığı gətirmir. Onun qətlinin hansı səbəbdən törədilməsindən asılı olmayaraq bu cinayətin üstü mütləq açılmalıdır. İnsanlar əmin olmalıdılar ki, cinayətkarlar cəzasız qalmırlar.
Yəqin ki, bu qətllə bağlı araşdırmalar davam edir. Ötən yazımız dərc edildikdən sonra bəziləri bizə dedilər ki, artıq zəhmət çəkirik, bu cinayətin üstü açılmayacaq. Mən nəyə görə ictimaiyyətin belə bir qənaətə gəldiyini deyə bilmərəm. Ola bilsin ki, qətlin üstündən yeddi il keçib və insanlar düşünürlər ki, daha məsələ qapandı. Lakin belə deyil. Təbii ki, istintaq davam edir. Jurnalistlər isə bu qətli təkrar-təkrar işıqlandırmaqla yalnız prosesi sürətləndirə bilərlər. Bir də əsas məsuliyyət hüquq-mühafizə orqanlarının üzərinə düşür. Onlar görülən işlərlə bağlı vaxtlı-vaxtında ictimaiyyəti məlumatlandırsalar dedi-qodulara, şayiələrə yer qalmaz.
Qeyd: “Şimal xəbərləri” qəzeti üstü açılmamış qətllərlə bağlı silsilə yazılarını davam etdirəcək.
Siam.az
Tarix: 25-09-2017, 14:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}