“Qurtlar vadisi – Ziya Məmmədov”

“Qurtlar vadisi – Ziya Məmmədov”
Yaxud “qərdəşim kayfdadır, hoqqa çıxarmaq istəyir” qafiyəsinin bilinənləri...

2010-cu ildə parlamentin yaz sessiyası zamanı gündəliyə “Bahar LTD” adlı, Dubayda qeydiyyatdan keçən, neft sahəsində çalışması nəzərdə tutulan bir şirkətlə bağlı müzakirələr salınmışdı və mübhəmlər üzə çıxmışdı. Həmin vaxt deputat olan Pənah Hüseyn bu şirkətlə bağlı saxtakarlıqların izinə düşmüşdü.


Bəndəniz də o zaman jurnalist araşdırması aparmağa başlamışdı. Şirkətin rəsmi sənəddə Mirzəağa Əliyev 24 ünvanında qeydiyyata alındığı göstərilmişdi... Gedib Mirzəağa Əliyev 24 ünvana çatanda orada sökülməkdə olan bir mülkə rast gəlmişdim.

Bəlli olmuşdu ki, bu mülk bir kasıb xanıma məxsusdur və onun da mülkündə belə şirkətin qeydiyyata alınmasından xəbəri yoxdur.

Araşdırmaları davam etdirərək üzə çıxarmışdıq ki, “Bahar LTD” əslində iş adamı Hafiz Məmmədova məxsus olan “Bağlan Group”la əlbirdir, onunla eyni hüquqi ünvanı bölüşür, ipin bir ucu da gedib Ziya Məmmədovla şərikliyə dayanır. “Bağlan” isə faktiki olaraq Mirzəağa Əliyev yox, Həsən Əliyev 24 ünvanda yerləşirdi. Bu işbazlar güman ki, çaşqınlıq yaratmaq üçün qəsdən saxta ünvan göstərmişdilər rəsmi sənəddə - dövləti də, cəmiyyəti də, medianı da aldatmaq üçün...

Sən demə, bu “Bahar LTD” olayının sonu kriminalla bitibmiş. Əlbəttə, bəd əməllərin ömrü 40 gün çəkər...
Hafiz Məmmədov “Bahar LTD” ilə bağlı baş verənləri açıqlayıb. Yazı ilə aşağıdakı linkdən tanış olar bilərsiniz - http://musavat.com/news/ziya-memmedov-xususi-teyinatlilarla-hucum-edib-hafka-nin-oglunu-tutdu-atana-de-oyun-bitdi_497866.html

Adamı dəhşət bürüyür: qısacası odur ki, Ziya Məmmədov həmin vaxtlar “Bahar LTD”-ni ələ keçirmək üçün eynilə “Qurdlar vadisi” serialında rast gəlinən metodlardan istifadə edib. Təsəvvür edin, ölkənin nəqliyyat naziri dostu olan iş adamı Hafiz Məmmədovun oğlunun maşınını sıxışdırıb saxladır. Maşından yerə düşür, onun arxasında isə dayananlar Milli Təhlükəsizlik Nazirliyini (artıq ləğv edilib) şəxsi mühafizə xidmətinə çevirən sabiq Eldar Mahmudovun xüsusi təyinatlıları olur! Nazir xüsusi təyinatlıların qarşısında dəstə başçısı kimi dayanıb və Hafiz Məmmədovun sabah toyu olacaq oğluna deyib ki, atana de ki, oyun bitdi, gəlsin görüşə.

Əslində, özü də az aşın duzu olmayan Hafiz Məmmədov isə durumun kritikliyini anlayaraq görüşə gedib. Həmin xüsusi təyinatlılar da bu məkanda peyda olublar. Ziya Məmmədovun oğlu Anar Məmmədov da görüşü idarə edirmiş. Və “Hafkaya” deyirlər ki, qol çək, “Bahar LTD”-ni təhvil ver...

MTN əməliyyatçılarının Ziya Məmmədovun şəxsi sərəncamına verilməsinin də “hüquqi” sirri bu imiş ki, Hafiz Məmmədovun “Bahar”dakı səlahiyyətləri Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin dostu Emin Sadiqə təhvil verilib. Yəni faktiki olaraq “Bahar”a şərik çıxan “Canik” də Eldar Məmmədovun qudasıdır axı. Deyib, ay quda, 5-10 xüsusi təyinatlı ver Ziyaya, getsin “Hafka”nın oğlunu tutsunlar ki, dədəsi görüşə gəlsin, şirkəti əlindən alaq...

Belə məlum olur ki, bu adamlar bütün günü “Qurtlar vadisi” serialına baxırlarmış, orada gördüklərini gerçəkləşdirirlərmiş. Faktiki olaraq bizim rejissorlar “Qurtlar vadisi – Ziya Məmmədov” serialı çəkə bilərlər.

Biz isə bunların dövləti talan etmələrindən, 1 milyon manata ayı kəsib yemələrindən yazmışıq, müxtəlif paxırlarını ifşa etmişik, indiyə qədər sağ qalmağımız sanki Allahın bizi qorumasına görədir! Düzdür, bu işlərə artıq start vermişdilər. Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov jurnalist Fərahim Qasımovu evinin qarşısında bir idmançıya döydürmüşdü. Bu həmin Aynar Məmmədovdur ki, “hallı” görkəmdə meyxana-şou təşkil etdirib, şəxsən özü “qərdəşim kayfdadır, hoqqa çıxarmaq istəyir” qafiyəsini açdırmışdı...

Bəli, bu adamlar nə hoqqalardan çıxmayıblarmış ki! Qafiyə də əməllərinin göstəricisi imiş.

Bəli, bu adamlar dövləti, onun ən mötəbər qurumunu şəxsi mənafeləri üçün istifadə ediblər, dövləti, dövlətçiliyi sarsıdıblar. Bir vətəndaş olaraq məni vahimə bürüyür ki, bunlar bir-birilərinə qarşı belə cinayətlər ediblərsə, sadə insanlara nələr edərlər?!

Vətəndaşların dövlətə inamını bərpa etmək, bu adamların isə dövlətçiliyin məhvi üçün atdıqları addımlara görə Ziya Məmmədovun sol əlini Eldar Mahmudovun sağ əlinə qandallayıb aparıb Cahangir Hacıyevin yanında oturtmaq gərəkir...

Və sonda – üç gün öncə Ziya Məmmədov “Göy məscid”dən çıxarkən görüntülənib. İbadətə oturub deyilənə görə. Günahlara görə hüquqi baxımdan da cavab verilməlidir amma...



Elşad MƏMMƏDLİ
Tarix: 14-01-2018, 19:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}