Abşeronun başçısı rüşvətlə tutulan bacısı oğlunu necə azadlığa çıxardı? - şah qanundan üstün oldu...




 
 
Azərbaycanlı məmurlar “saman çöpüyü”ndən yapışanda bütün müttəfiqlərini, şəriklərini və qulluqçularını “günah keçisi” kimi qurban verməyə hazır olurlar. Yalnız öz qohum-əqrəbalarına çatanda istisna vəziyyət yaranır və onları xilas etmək üçün dəridən-qabıqdan çıxırlar.
Bu illər ərzində biz nələr görməmişik: “Qaçqınkom”un keçmiş sədri Əli Həsənov iki nəfəri “Galenvagen”in təkərləri altında qoyaraq tələf edən nəvəsini həbsdən çıxardıb, Nərimanov rayonunun icra başçısının keçmiş müavini Şahmar İbadov maşınla piyada vurub öldürən oğlu Elmir İbadovu azadlığa çıxarıb və digər belə nümunələr göstərmək olar ki, məmurlar öz yaxınlarını törətdikləri cinayətin məsuliyyətindən qısa zamanda yayındıra biliblər. Analoji hadisə bu dəfə Abşeronun icra başçısı İradə Gülməmmədova nümunəsində yaşandı. 
Anaxeber.info bildirir ki, xanım icra başçısı rüşvət ittihamı ilə həbs edilən bacısı oğlu Babək Alıyevin azadlığa çıxmasına nail oldu və artıq evindədir. 
Halbuki onunla eyni vaxtda saxlanılan baş memar Akif Əliyev həbsdə qaldı və icra başçısı bacı oğlunu xilas etməklə qalanlarını qurban verdi. B.Alıyev məhkəmə zalında həbs olunmuşdu.
Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov və daha 5 nəfər həbs olunmuşdu. 
Bu dəstə fərdi ev tikintisi üçün vətəndaşlardan rüşvət almamış icazə vermirdilər. Əslində, təəccüblü hal yoxdur, bu barədə illərlə yazılıb. 
Təbii ki, ev tikintisi üçün rüşvət alınması tutulan şəxslərin özfəaliyyəti deyildi, bu şəbəkənin başında icra başçısının dayandığı bildirilirdi. Heç kim inanmaz ki, baş memar və digərləri İ.Gülməmmədovanın xəbəri olmadan belə iş tutsunlar. 
Onların həbsi ilə icra başçısının işdən azad edilməsi ahəngdarlıq təşkil etməliydi. Amma icra başçısı vəzifədə saxlanıldı və bir müddət sonra bacısı oğlunu da həbsdən qurtardı.
Bu barədə bir müddət əvvəl yazmışdıq, İ.Gülməmmədovanın qohumunu azad etdirmək üçün çırmandığını bildirmişdik. Amma başçı digər əməkdaşlarının xilası naminə heç tükünü tərpətmədi. 
Nə hikmətdirsə, məhkəmə tutulan şəxslərdən yalnız başçının qohumunun günahsız olduğu qənaətinə gəlib. Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülmüşdü.
İ.Gülməmmədova isə öz vəzifə imkanlarından istifadə edərək, siyasi hakimiyyətdəki dayaqlarına güvənərək qanunları, istintaq materiallarını ayaqlar altına ataraq bacı oğlunu dörd divar arasından çıxarır, onun təlimatlarını yerinə yetirmiş baş memarı və digərlərini isə qurban verir.
İndi hansı Abşeron İH əməkdaşı öz başçısına güvənər, hansı məmur onun qeyri-rəsmi tapşırıqlarına boyun əyər? Əgər başçı öz qohumunu müdafiə edirsə, qalanlarını peşkəş edirsə, ona heç bir etimad ola bilməz. 
Ən əsası iş üzrə düzgün araşdırma olmalıydı - icra başçısı dindirilməli, ev tikintisi üçün rüşvət tələbinin konkret kimdən gəldiyi təsbit olunmalıydı. 
Hər şey bir yana, Məhəmmədi bələdiyyəsinin sədri olmuş Xaləddin Məmmədov ifadəsi kifayət etməliydi. Sitat: “Baş memar Akif Əliyev və Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalıyevin himayəsi altında Seymur adlı şəxs ərazidəki tikintilərə icazə məsələlərini həll edirdi. Onlar ev tikmək istəyən şəxslərə müəyyən miqdarda pul alıb tikintiyə icazə verirdilər. Pul verməyən şəxslərin tikdiyi evlər sökülürdü”.
B.Alıyev isə məhkəmədə özünü həyatda iztirablar çəkmiş biri kimi göstərməyə çalışırdı. O, istintaqa verdiyi ifadə zamanı özündə olmadığını bəhanə gətirirdi: “İstintaq dövründə atam rəhmətə getmişdi, vəziyyətim çox pis idi. Demək olar ki, özümdə deyildim. Belə bir vəziyyətdə ifadə vermişəm. Ona görə də nəyə imza atdığımı xatırlamıram”.
Təbii ki, xala və bacı oğlu İH-də olan qaranlıq işləri bir-birindən gizlətməzdilər. Baş memardan daha çox elə Alıyev Gülməmmədovaya yaxın olub, onunla bütün rüşvət alış-verişini rahat müzakirə ediblər.
Abşeronda ev tikintisinə görə İH tərəfindən rüşvət istənilməsi, bu məbləğin 3000-5000 manat olması heç kimə sirr deyildi. O da məlum idi ki, İ.Gülməmmədovanın dəstəsi bu işləri onun təlimatı əsasında həyata keçirirlər. Dəfələrlə tikintisi dayandırılan, sökülən vətəndaşlar etiraza qalxıb, intihara cəhd edib, icra başçısının əməllərini ifşa ediblər. 
Ev tikintisində rüşvət istənilməsini təsdiqləyən iki faktı yada salmaq kifayətdir: Qarabağ qazisi Fuad Əkbərov Abşeron Rayon İcra Hakimiyyətinin qoçu dəstələrinin fiziki təzyiqlərinə və qanunsuz tələblərinə etiraz edərək evinə od vurması ilə cəmiyyətdə geniş rezonans doğurmuşdu. Qazi evini yandırmamışdan əvvəl bildiribmiş ki, Abşeron rayon İcra Hakimiyyətinin qoçuları onu döyərək evini dağıdıblar. 
Bir müddət əvvəl də İH qoçuları 2-ci qrup Qarabağ əlili, evsiz-eşiksiz, səfalət içində yaşayan Səyyaf Bayramovu vəhşicəsinə döymüşdülər. Yəni bunlar göstərirdi ki, Gülməmmədova rayonu necə idarə edirmiş.
İndisə “sudan quru” çıxmağa çalışan icra başçısı həbsdə olan bacısı oğluna xalalıq edərək Babək Zalıyevi azadlığa buraxdırdı. Bu da ədalət, bu da femida, bu da şahın qanundan üstün olması...
Anaxeber.info
Tarix: 20-09-2021, 10:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}