Azərbaycanda etnik etimadsızlıq problemi varmı?

Qənimət Zahid
Bəziləri deyirlər ki, ermənilərdən başqa heç bir xalqla problem yoxdur. Əlavə etmək olar ki, hətta ermənilər də bölücülükdən əl çəkib ölkənin bütünlüyünü qəbul etsələr, onlarla da heç bir problem olmayacaq.
Azərbaycanda ümumən dövlət problemi var. Daha doğrusu, dövlət hakimiyyəti problemi var. Dövlət hakimiyyəti insanlara necə dəyər verirsə, ölkədə yaşayan xalqlara da eyni dəyəri verir. Bu baxımdan, dövlətin də münasibətində fərqli çalarlar yoxdur. Dövlət nə insan haqlarını tanıyır, nə də ayrı- ayrı xalqların haqqını. Xalqların haqqı yalnız insan haqlarını tanıyan, ona sayğı göstərən hakimiyyətin siyasəti ilə tanınar.
Şəxsən mən belə düşünürəm ki, ölkəmizdə yaşayan bütün xalqlar Azərbaycanın milli sərvətidir. Azərbaycanda çoxlu xalqların yaşaması bizim problemimiz deyil, üstünlüyümüzdür. Mədəniyyətimizin inkişafı üçün də faydalıdır: ortaq mədəni dəyərlər, ortaq mədəni tələblər bir millətin özünə qapanıb qalmasını, səfeh ideyaların əsiri olmasını əngəlləyir. Bu, stratji baxımdan belədir.
Ümumiyyətlə isə Azərbaycanda yaşayan xalqların fundamental haqları əlbəttə, təmin edilməlidir. Dilin, başqa mədəni ehtiyacların gəlişdirilməsi üçün təşkilatlanma, yerli və mərkəzi hakimiyyətdə təmsilçilik kimi spektrlərdə bu faktor mütləq nəzərə alınmalı, dövlətin daxili siyasətinin aparıcı xətti olmalıdır. Bu tələbləri kimsə «separatçılıq» adlandıra bilməz. İnsanın öz dilində danışması, dövlətdən bu dilin qorunması və inkişafı üçün proqramlar həyata keçirmək istəyi onun təbii haqqıdır.
Bir başqa aspekt də bu problemlərlə bağlı ictimai təşəbbüslərin genişlənməsi, nəinki genişlənməsi, hətta yaranması ilə bağlıdır. Ölkədə sərt avtoritar rejim var və bütün ictimai təşəbbüsləri bloklayır. Məsələn, etiraf edim ki, mən bir türk olaraq ölkəmizdəki başqa xalqların mədəni irsinin öyrənilməsi və təbliği ilə məşğul olan təşəbbüslərin yaranmasında və onlarla əməkdaşlıqda maraqlıyam. Ən azı, təəssüratlarımı, biliyini genişlənidirmək üçün. Yaxud da, az əvvəl dediyim kimi, ölkəmizin milli sərvəti olan bu dəyərləri, faktorları yüksək qiymətləndirdiyim üçün.
Amma ölkədə ibtidai insan haqları tanınmalıdır. İnsan haqları üçün təşəbbüslər təqib edilməməlidir. Demokratik Azərbaycan qurulmalıdır. Demokratik olmayan ölkələrdə yalnız xalqların haqqı inkar edilmir, ümumiyyətlə hakimiyyətin bəyənmədiyi təşəbbüslər əsasında bütün insan birlikləri təqib edilir. Azərbaycan hakimiyyəti primitiv instinktlər əsasında birikmiş yarımsiyasi orqanizmdir. Bu primitiv formula öz planları ilə səsləşməyən bütün vətəndaş istəklərini, haqları, tələbləri rədd edir.
Azərbaycanda hakimiyyətin insan haqlarını və milli haqlarını tələb edən hər kəsə münasibəti eynidir. Kimsə türk, talış, ləzgi, udin,.. olduğuna görə təqib edilmir. Belə faktlar varsa da, onlar mahiyyəti üzrə deyil, sadəcə olaraq müstəqil təşəbbüs olduqlarına görə təqib edilib və ya edilir.
Milli azlıqların haqqı üçün aktiv təşəbbüslərdə də bir xırda qüsur var: «hakimiyyət bunu etmir, amma başqaları da elə onlar kimi düşünür» şüarı ilə meydanda görünmək zərərlidir, özünütəcrid kimi qavranılır. Birincisi, bu, belə deyil. İkincisi, milli azlıqların fundamental haqlarını cəmiyyətdə daha çox insanın dəstəkləməsi üçün çalışmaq daha uyğun fəaliyyətdir, nəinki, hamını bəri başdan dışlayıb rədd etmək.
Tarix: 20-09-2021, 21:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}