İranla Azərbaycan arasında problem bitdimi - Prezident İlham Əliyevdən önəmli açıqlamalar



Ekspertlər Bakının ehtiyatı əldən verməməli olduğu qənaətindədir

İrana məxsus yük avtomobillərinin qanunsuz olaraq Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə gedib-gəlməsi rəsmi Bakı ilə Tehran arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Azərbaycanın öz ərazisinə qanunsuz yükdaşımaların dayandırılması tələblərini qulaqardına vuran, ölkəmizlə sərhəddə genişmiqyaslı hərbi təlimlər təşkil edən İran Bakının sərt reaksiyası ilə üz-üzədir.
Azərbaycanın öz ərazi bütövlüyünün toxunulmazlığı məsələsində mövqeyindən bir addım belə geri çəkilməyəcəyi Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində səsləndiyi fikirlərdən də aydın olur: “İran TIR-larının qanunsuz şəkildə Qarabağ bölgəsinə getməsi ilk dəfə baş vermir. Belə hallar işğal dövründə də dəfələrlə baş verib. Bu barədə bizim məlumatımız vardı, ancaq əlbəttə, indiki kimi tam dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, müxtəlif kanallar vasitəsi ilə İran tərəfinə narahatlığımızı ifadə edirdik. Ancaq bu proses davam edirdi. Müharibə başa çatdıqdan sonra artıq Laçın dəhlizi bizim gözümüzün qarşısındadır. Bizim hərbi postlardan Xankəndinə gedən yola qədər məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın koridoru boyunca ayrıca Şuşa ətrafında və digər bölgələrdə yetərli qədər texniki vasitələrə malikik, kameralar var. Peyk, pilotsuz uçuş aparatlarından istifadə edirik. Biz gördük ki, TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Bu durumda Prezident Administrasiyasının əməkdaşlarına təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar, bunu rəsmiyyətə çevirmək istəmirik. Dostca danışsınlar və buna son qoyulmasının vacibliyini söyləsinlər. Bu, bizə hörmətsizlikdir, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, buna son qoyulmalıdır. Səhv etmirəmsə, bu danışıq iyul ayında oldu. Ondan sonra təbii ki, biz bunu izləməyə başladıq. Hər ayın başında bizdə məlumatlar toplanırdı ki, neçə TIR gəldi, neçə TIR çıxdı, nə gətirdi, nə apardı. Onların nömrələrinə qədər bütün məlumatlar bizdə vardı, bunlar mətbuatda yer aldı. Ancaq sonra nə etdilər? İran TIR-larına Ermənistan nömrələri vurmağa başladılar, belə saxtakarlığa əl atdılar. Bizi aldatmağa çalışdılar. Elə fərasətsiz iş gördülər ki... Maşının üzərindəki çənə farsca yazılar, aşağıda isə erməni nömrələri. Onu da deyim ki, eyni nömrələri bir neçə maşının üzərinə yapışdırırdılar. Bu iş o qədər sistemsiz həyata keçirilirdi ki... Bu da göstərirdi ki, bu işi davam etdirmək, ancaq pərdələmək istəyirlər”.
İlham Əliyev “Anadolu” agentliyinə müsahibə verdi - CANLI YAYIM » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı
Prezident İlham Əliyev qeyd edib ki, bu vəziyyətdə bir ay keçdikdən sonra Azərbaycan artıq rəsmi formada diplomatik nota verib: “İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edildi. Şikayətlər səfirə bildirildi və bu duruma son qoyulması xahiş edildi. Bu, avqustun ortasında olmuşdu. Ümid edirdik ki, buna son qoyacaqlar. Lakin 11 avqust - 11 sentyabr aralığında 60 İran TIR-ı qanunsuz şəkildə Qarabağa hərəkət etdi. Bunun qarşısını almaq üçün biz artıq praktik addımlara keçdik. Bizim davranış və addımlarımız məsuliyyətlidir, dostluq münasibətlərinə əsaslanmaqdadır. İlk dəfə sözlə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə nəzarət məntəqələri, gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və sonrasında Qarabağa gedən TIR-ların sayı sıfıra düşdü. Baxın, məsələni bu həddə çatdırmağa gərək vardı? Orada, Rusiya sülhməramlılarının nəzarətindəki Qarabağ bölgəsində cəmi 25 min insan yaşayır. Bu bazar o qədərmi önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyünüz ölkəyə açıq hörmətsizlik edəcək qədər önəmli idimi? Biz, əlbəttə, beynəlxalq konvensiyalar və beynəlxalq hüquqla müəyyən edilən bütün vasitələrdən istifadə etdik. Bəziləri deyirlər ki, sadəcə, İran maşınlarından gömrük vergisi alırsınız. Biz indi xarici ölkələrə daxil olanda gömrük vergisi ödəyirikmi? Ödəyirik. Onlar da Azərbaycan torpaqlarından keçirsə, vergi ödəməlidirlər”.
Dövlət başçısı İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə də münasibət bildirib: “O ki qaldı bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüblü bir məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur, söz ola bilməz. Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi?
Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır. Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir hal olmasın. Bir də demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə və təmkinlə aparır. Ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakter daşıyır".
İran Ermənistanla yeganə avtomobil əlaqəsinin təmin edən Gorus-Qapan yolunda hərəkətin fasiləsizliyinin təmin olunmasında maraqlıdır. Bu baxımdan, ən azından Ermənistanla alternativ yolun işə salınmasınadək Bakının Azərbaycan ərazilərinə qanunsuz yükdaşımaların dayandırılması tələbinə əməl etməkdən başqa yolun olmadığını Tehranda anlamamış deyillər. Nəzərə alsaq ki, Ermənistanın alternativ kimi təklif edəcəyi yol ən yaxşı halda bu ilin sonuna hazır olacaq və orada 10 tondan artıq yükü olan maşınlar hərəkət edə bilməyəcək, dəyəri 1 milyard dollar hesablanan geniş magistral yolun tikintisi isə ən tezi 2025-ci ildə istismara verilə bilər, o zaman İranın Azərbaycanın tələblərinə əməl etməkdən başqa yolunun olmadığı görünür. Bu reallığı qəbul edən İran yavaş-yavaş geri addım atmaqdadır. Belə ki, ötən cümə günü İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə bildirib ki, Tehran hakimiyyəti özəl nəqliyyat şirkətlərinə Qarabağa qanunsuz daşımalar etməyi qadağan edib. Şirkətlərə xəbərdarlıq Azərbaycan hakimiyyətindən rəsmi məlumat aldıqdan sonra edilib. Onun sözlərinə görə, şirkətlərə Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək barədə xəbərdarlıq edilib.
İran səfirinin açıqlaması problemin həlli deməkdirmi? İran Qarabağdakı separatçı ermənilərə dəstəyini dayandıracaqmı?
Elxan Şahinoğlu: “Prezidentlərin görüşü uğurlu oldu”
 Elxan Şahinoğlu
Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, hələlik İranın Azərbaycan ərazisində separatizmə dəstəyi ilə bağlı problemin tam aradan qalxdığını söyləmək mümkün deyil: “Səfir özəl şirkətlərə xəbərdarlıq edildiyini bildirdi, təki belə olsun. Azərbaycan İranla münasibətlərin gərginləşməsində maraqlı deyil, tam əksinə, Ermənistan xaricində biz bütün qonşularla dost, tərəfdaş münasibətlərini genişləndirməyə, ortaq layihələr həyata keçirməyə çalışırıq. Amma bunun üçün gərəkdir ki, həmin dövlətlər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar, onu pozmağa çalışmasınlar”.
Politoloqun fikrincə, hələlik bir müddətə problemin səngidiyini demək olar: “Ola bilsin ki, hansısa mərhələdə yenidən məsələ aktuallaşsın. Amma hər bir halda, problemi danışıqlar yolu ilə həll etmək lazımdır. Daha yenə hansısa axundun dili ilə bizə nəsə söz atmaqla yox. Ümid edək ki, Tehran bunun çox uğursuz yol olduğunu, nəhayət ki, anlayıb”.
Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...
 Asif Nərimanlı 
Siyasi şərhçi Asif Nərimanlı deyir ki, səfir Abbas Musəvi Qarabağa yük daşıyanların özəl şirkətlər olduğunu açıqlayanda bu məsələ gündəmə gəldi: “Çünki yük daşıyanlar İran dövlətinə birbaşa bağlı olmasa da, onlara yük daşımaq üçün icazə verən İranın Gömrük İdarəsidir və bu da yüklərin birbaşa İran dövlətinə aid olduğunun, yaxud ən azından dövlətin prosesdən xəbərdar olduğunun sübutudur. Səfirin özəl şirkətlərə qadağaların qoyulduğu ilə bağlı açıqlaması göstərir ki, rəsmi Bakı danışıqlarda məsələni bu kontekstdə qoyub. Çünki özəl şirkətlər daşıyır deməklə məsuliyyətdən yayınmaq mümkün deyil. Səfirin açıqlamaları və proseslər İran-Azərbaycan  arasındakı böhranın aradan qaldırıldığını göstərir, lakin hər şey yenə də proseslərin sonrakı inkişafından asılı olacaq. Hələ ki vəziyyət stabilləşib və bunun bir neçə səbəbi var. Birincisi, rəsmi Bakının prinsipial mövqeyidir. Azərbaycan Qarabağa yük daşıma ilə bağlı İran tərəfindən dəfələrlə xəbərdarlıq etsə də, Tehranın reaksiyası adekvat olmadı və adekvat reaksiyanın verilməsi, bu qanunsuzluğun qarşısının alınması üçün Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisindən keçən hissəsində praktiki addımlar atıldı. Bu addımlar həm İrana, həm də, ümumiyyətlə, Azərbaycanın suverenliyinə qarşı çıxan bütün qüvvələrə əyani mesaj idi. Tehranın narahatlığı da işə yaradığını göstərdi. İkincisi, İranın bölgədəki dəyişikliyin önünü kəsməyin mümkünsüz olduğunu, artıq şərtlərin dəyişdiyini anlamasıdır. Tehran Türkiyənin bölgədə olmasını istəmir, buna qarşı addımlar da atır, lakin artıq bölgədə Azərbaycanın yaratdığı yeni reallıqlar var və bu reallıqda Bakı ilə hesablaşmaq lazımdır. İran ilk olaraq güc yolu ilə nəsə etməyin mümkünlüyünü yoxladı, sərhəddə təlimlərə başladı, lakin Azərbaycan və Türkiyə buna qarşı məhz Araz çayının üzərindən adekvat reaksiya verdilər. Bununla nəyəsə nail ola bilməyəcəyini anlayan İran danışıqlar yolunu tutdu”.


A.Nərimanlının sözlərinə görə, bütün bunların fonunda İran Ankara və Bakının müəllifi olduğu “altılıq platforması”na qoşulmaq haqqında da düşünür: “Ərdoğanın Soçi görüşündə bununla bağlı qərarın veriləcəyi gözləniləndir. Tehran bu platformada təmsil olunmağın, ona qarşı çıxmaqdan daha sərfəli olduğunu anlayır, çünki müharibədən sonra Cənubi Qafqazda yaranan reallıq təkcə bölgə üçün yox, Avrasiya üçün önəmlidir. Bakı-Tehran arasında problemlərin həll edildiyi görünür, lakin təcrübə göstərir ki, ehtiyatı əldən buraxmamalıyıq. İranın Qarabağda separatçı-terrorçu rejimə dəstəyini müxtəlif yollarla davam etdirə biləcəyi də istisna deyil. Təbii ki, nə qədər səmimi olduqlarını zaman göstərəcək, amma Azərbaycan bölgəyə vizual nəzarəti gücləndirməlidir”.
Dünya SAKİT,
“Yeni Müsavat”
Tarix: 28-09-2021, 10:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}