Maraqlıdır ki, Təhsil Nazirliyi özünü məsul hesab etmir... - AXI NİYƏ?!


Ümumi təhsil müəssisələrinin 4-cü siniflər üçün “Rus dili” dərsliyində 1990-cı il 20 Yanvar faciəsi təhrif edilib. Dərslik mətnində qeyd edilib ki, Bakıda həmin qanlı gecə şəhid olmuş dinc sakinlər, guya Sovet ordusu ilə AXC silahlı dəstələri ararsında baş vermiş atışmada həlak olublar. Mətn sosial mediada tənqid olunduqdan sonra “Şərq-Qərb” nəşriyyatı bildirdi ki, mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub: “Bildiririk ki, 2019-cu ildə hazırlanan dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib”.
Siam.az-ın məlumatına görə, Təhsil Nazirliyindən AYNA-nın sorğusuna cavab olaraq bildirilib ki, dərsliklərdə qüsurlara görə məsuliyyəti nəşriyyat və müəlliflər daşıyır: “Dərslikdə hansısa qüsur aşkarlanarsa, həmin dərsliyin elektron versiyasında nəşriyyat düzəliş edərək yenidən müvafiq sayta yerləşdirir. Həmin dərsliklərin təkmilləşdirilmə vaxtı çatdıqda düzgün versiya çap olunaraq ümumi təhsil müəssisələrinə təqdim edilir”.

Müəlliflərin səhvlərə görə hansısa formada cəzalandırılmasına qaldıqda isə nazirlikdən qeyd olunub ki, müəlliflərlə nazirliyin müqaviləsi olmadığından bu proses nəşriyyat tərəfindən tənzimlənir: “Hər bir sinif və fənn üzrə dərsliklərin qüsurları cədvəllərə toplanır və sonda nəşriyyatlara təqdim edilir. Həmin düzəlişlərin aparılmasına nəzarət edilir”.

Bəs öhdəliyin nəşriyyat və müəlliflərdə olmasını bildirmək Təhsil Nazirliyini məsuliyyətdən azad edirmi? Nazirlik belə ciddi qüsurların olmaması üçün hansı zəruri addımlar atmalıdır? AYNA bu suallara cavab tapmağa çalışıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı söyləyib ki, nazirlik dərslik məsələsində sərt olmalıdır: “Tarix dərsliklərindəki nöqsanlar barədə Milli Məclisin plenar iclaslarında, Elm və təhsil komitəsinin toplantılarında bir neçə dəfə danışmışam. Mediaya müsahibələr vermişəm. Ona görə də xırdalıqlara diqqət yetirməyə lüzum görmürəm”.

“Dərslik yazan şəxs və ya şəxslər ilk növbədə, dövlətin dərslik siyasətinin məqsədlərini, vəzifələrini dərindən bilməlidirlər. Bunları bilməyənləri dərslik yazmaq işinə yaxın buraxmaq olmaz. Dərslik yazmaq iddiasında olanlar dərsliklərin yazılmasına verilən standartları bilməlidirlər. Hər bir alim dərslik yaza bilməz. Dərslik layihələri əvvəlcə mütəxəssislərin, sonra geniş formada müzakirədən keçirilməlidir. Nazirlik dərslik məsələsində sərt olmalıdır. Bir-iki müəllifə görə bütün millətin övladlarına, təhsil sistemimizə zərbə dəyməməlidir”, - deyə deputat vurğulayıb.

Əməkdar elm xadimi Şahlar Əsgərov dərsliklərdə qüsurlara görə nəşriyyat və müəllif kimi Təhsil Nazirliyinin də məsuliyyət daşıdığını deyib: “Nəşriyyatın səhvini qəbul etməsi yaxşıdır. Lakin hesab edirəm, burada müəyyən mənada Təhsil Nazirliyi də məsuliyyət daşıyır. Çünki təhsil sahəsində bütün siyasət istər-istəməz nazirliyə aiddir. Dərslik də təhsilin məzmununu təşkil etdiyinə görə, əlbəttə ki, nazirlik də məsuliyyət daşıyır”.

“Mən təəssüf edirəm ki, bu səhvi nəşriyyat, nazirlik özü yox, üçüncü tərəf, yəni cəmiyyət aşkarlayıb. Burada işin ağır tərəfi məsul şəxslərin öz işini məsuliyyətsiz görməsidir. Nazirlik deyəndə ki, məsuliyyəti müəllif daşıyır, o zaman mən bilmirəm, biz müəllifə neynəyəcəyik ki? Əgər o, hansısa formada cəzalandırılmırsa, deməli, növbəti səhv üçün şərait yaratmış olurlar. Burada ciddi cəzalar olmalıdır. Həmin müəlliflərin hüquqları əllərindən alınmalı, onlara tenderdə və s. güzəşt edilməməlidir”, - deyə mütəxəssis qeyd edib.

Əsgərovun sözlərinə görə, dərslik müəllifləri peşəkar şəxslər olmalıdır: “Hər kəs, hər qələm tutan adam dərslik yaza bilməz. Dərsliyi Azərbaycanın “qaymaq” alimləri yazmalıdırlar. Həmin müəlliflər həm mövzünü, həm fəlsəfəni bilməlidirlər. Həmin fənlə əlaqəli digər fənlərə də müəyyən qədər bələd olmalıdırlar. Məsələn, tarix fənninin müəllifi müəyyən qədər coğrafiyanı da bilməlidir. Bazara pomidor çıxarmırıq - cəmiyyətə dərslik çıxarırıq. Tarixi bilməyən adam vətənpərvər ola bilməz. Tarix dərsliyində buraxılan səhvlər bizim gənclərin vətənpərvərliyini azaldır. Tarixdə elə nümunələr var ki, gənclər onlarla fəxr etməlidirlər. Məsələn, Şuşanın işğaldan azad edilməsi - bu zəfər dərsliklərdə öz əksini layiqincə tapmalıdır”.

“Əgər nazirlik belə güman edirsə ki, bu, onun işi deyil, o zaman mən də hesab edirəm ki, biz Azərbaycan ziyalıları da Prezidentə müraciət yazmalıyıq. Söhbət millətin tarixindən gedir. Tarix dəqiq olmalıdır. Tarix kitabı elə yazılmalıdır ki, oxuyan gənc qürur hissi keçirsin. Bu gün bizim tarix dərsliklərini oxuyan gənc qürur hissi keçirirmi? Tarixi faktlara yanaşma çox ciddi olmalıdır”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov da hesab edir ki, təhsildə dövlət siyasətini həyata keçirən ali icraedici orqan kimi Təhsil Nazirliyi heç bir halda məsuliyyətdən yayına bilməz: “Nazirliyin öz yaxasını kənara çəkməsi düzgün deyil. Səhvin nəşriyyat tərəfindən olmasını hamı başa düşür. Amma təhsildə dövlət siyasətini həyata keçirən ali icraedici orqan Təhsil Nazirliyidir və o, Nazirlər Kabineti qarşısında bu məsələnin nizama salınması ilə bağlı məsələ qaldıra bilər. Digər problemlərlə bağlı məsələ qaldırıldıqdan sonra müsbət irəliləyişləri müşahidə etdik. İndi bu məsələni də bu cür qoymaq olmaz. Bu, siyasi bir məsələdir. İndiki vaxtda rus dilində belə kobud səhvə yol vermək heç bir məntiqə sığmır. Bu, kiçik qüsur deyil. Mən bilirəm ki, nazirlikdə bu məsələ ilə məşğuldurlar və tez bir zamanda da öz həllini tapacaq”.

Dərsliklərin kimlər tərəfindən hazırlanmalı olduğuna toxunan müsahibimiz bildirib ki, dərslik yalnız elmi-nəzəri materialın yazılması deyil: “Dərsliyin pedoqoji, metodiki, psixoloji və s. tələbləri var. Buna görə də onlar sırf mütəxəssislər tərfindən hazırlanmalıdır. Hesab edirəm ki, dərslik məsələsini Təhsil Nazirliyi tamamilə öz əlinə almalıdır. Bu, günümüzün əsas, vacib məsələsidir”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva o fikirdədir ki, sözügedən səhvə görə əsas məsuliyyəti müəllif daşısa da, nazirlik bu barədə araşdırma aparmalı və günahkarlar layiqli cəzasını almalıdırlar: “1990-cı il 20 Yanvar Azərbaycan xalqının müstəmləkəyə qarşı ayağa qalxdığı, suveren dövlətin qurulması yolunda apardığı mübarizə kimi Azərbaycan tarixinə həkk olunub. Bu gün qazandığımız zəfərdə xalqımızın 20 Yanvarda göstərdiyi qəhrəmanlığın böyük rolu olub. Bunu da gələcək nəsillərə doğru-dürüst çatdırmalıyıq. Təbii ki, dərsliklərdə də öz əksini tapmalıdır. Dərsliklərin hazırlanması da peşəkarlara həvalə olunmalıdır”.

“Sözügedən məsələ ilə bağlı da ən böyük məsuliyyəti müəlliflər daşıyır. Əminəm ki, Təhsil Nazirliyi bu məsələni araşdıracaq, müəlliflərdən ətraflı izahat tələb edəcək. Bu işdə günahı olan hər kəs öz layiqli cəzasını almalıdır. Gələcəkdə bu və buna bənzər məsələlərin təkrarlanmaması üçün də Təhsil Nazirliyi dərslikləri ekspertizadan keçirməli, müsbət rəydən sonra nəşrinə icazə verməlidir”, - deyə deputat diqqətə çatdırıb.

Təhsil eksperti Elşən Qafarov Təhsil Nazirliyinin dərsliklərlə bağlı problemlərin öhdəsindən gələ bilmədiyi qənaətindədir: “Təhsil Nazirliyi bu məsələyə görə birbaşa məsuliyyət daşıyır. Dərsliklərimizdə belə səhvlərin olması birinci dəfə deyil. Bu dəfə şəhidlərimizə, Xalq Hərəkatına qarşı həqarətin olması onu göstərir ki, Təhsil Nazirliyində dərsliklərin monitorinq qrupları formal xarakter daşıyır. Nəticədə də belə səhvləri ancaq ictimaiyyət üzə çıxarır”.

“Düşünürəm ki, Təhsil Nazirliyi buna “yetər” deməli, dərsliklərin monitorinq qruplarını peşəkar müəllimlərdən təşkil etməlidir. Sözügedən hal da olduqca üzücüdür və bu məsələyə görə nazirlik birbaşa məsuliyyət daşıyır. Mən düşünürdüm ki, belə bir zamanda Təhsil Nazirliyinin hansısa rəsmi nümayəndəsi xalqdan, şəhid ailələrindən, təhsilalanlardan üzr istəyəcək. Görünən odur ki, bu olmadı. Gətirilən arqument də elektron versiyada dəyişiklik edilməsi oldu. Dövlətin bu qədər vəsaiti xərclənir, kitab çap olunur. Bu səhvi kitabda dəyişə bilməyəcəklər axı”, - deyə ekspert fikrini tamamlayıb.
Tarix: 25-01-2022, 08:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}