“Mehdi xidmətçiləri”nin Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu öz üzərinə götürdüyü bildirilir


XİN hadisə ilə bağlı məlumat paylaşıb
Avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum olub.

Hücum edənlərin bir qrup radikal dini dəstənin üzvləri olduğu deyilir. Azərbaycan səfirliyinə edilən hücumun məsuliyyətini “Mehdi Xidmətçiləri” şiə ekstremist qruplaşmanın öz üzərinə götürdüyü bildirilir.
KİV həmin qruplaşmanın radikallar tərəfindən Londonda yaradıldığını bildirir. Bu qruplaşmanın İran İslam Respublikası hökumətinə qarşı olduğu və İranın Ali Dini rəhbəri Xameneinin dini etimadnaməsini şübhə altına aldığı bildirilir.
Onlar şüarlar səsləndirib, Azərbaycanın bayrağını yerə atıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb.
Nazirlik bildirib ki, səfirliyin binasına daxil olaraq vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər:
“Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb”.
“Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır”,-deyə nazirlik bildirib.
Nazirlik əlavə edib ki, Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.
Tarix: 5-08-2022, 09:16




Xəbər lenti

{sape_links}{sape_article}