Paraqvay, vay, vay: millimizin azərbaycanlılardan təmizlənmə prosesi davam edir


 "Keşlə”də legioner sayı çoxalıb və onların hamısını start heyətinə salmaq üçün nəsə fikirləşmək lazımdı. Klubun rəhbəri Zaur Axundov da düşünüb ki, kimisə milliləşdirsinlər.

Doğrusu, Sezar Meza Kolli səviyyəli futbolçudu və milli komandamıza güc qatacağına ümid edirəm. Bu səbəbdən onun milliləşdirilməsinə bir o qədər pis baxmıram. Lakin oktyabrda 29 yaşı tamam olacaq parayvaqlıya (!!!) yığma forması geyindirmək nə dərəcədə məntiqlidi? Guya Sezarın millidə oynaması bizə nə verəcək ki? Riçard Almeydanı milliləşdirib, nəyə nail olduq ki, Meza Kollidən nə xeyir götürək?

2013-cü ildə Bakı "İnter”inə gələn, daha sonra "Zirə”yə keçən və 2018-də yenidən əvvəlki klubuna qayıdan (bu dəfə adı dəyişərək "Keşlə” olmuşdu)  paraqvaylı ölkəmizdə 5 il yaşayıb. O, uğursuz Rumıniya karyerasından sonra ötən il yenidən bura qayıdıb. Bəli, bütün hüquqi tələblərə cavab verir, lakin onun futbolu ancaq Azərbaycanda parlaq görünür. Yunanıstanda, İtaliyada, Rumıniyada uğursuz olub və beynəlxalq arenada uğurlu olacağına zəmanət yoxdu.

"Keşlə” üçün lazımlı ola bilər və klubun onu milliləşdirmək istəməsi başadüşüləndi, buna haqqları çatır. Lakin bunu AFFA-nın elan etməsi, onu milli komanda üçün azərbaycanlılaşdırması xoş deyil. Bizə Sezar yox, Sabir, Samir, Sədrəddin, Seyfəddin lazımdı. Onları yetişdirmk üçün zəhmət çəkmək, tər tökmək, iş qurmaq gərəkdi. Bunu bacarmayanlar ən asan yola – milliləşdirməyə əl atır.

Milli komandamız necə də beynəlmiləl olacaq: qazaxıstanlı Nazarov, ukraynalı Krivotsyuk, dağıstanlı Kurbanov, braziliyalı Almeyda, paraqvaylı Meza Kolli, anqolalı İsrafilov, israilli Ağayev, rusiyalı İsayev, türkiyəli Ekinçier, iranlı Babayi, almaniyalı Dadaşov və s. AFFA genefondumuzu məhv etməkdə, azərbaycanlıların sonuna çıxmaqda israrlıdı.

Xeyirli olsun. Lakin bu xeyri Azərbaycan futbolu yox, bir qrup adam görəcək, Meza Kolli isə hansısa həmyerlimizin layiq olduğu yeri tutacaq.

Mənbə: futbolinfo.az
Tarix: 18-02-2020, 21:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}