Simalar dəyişir, sistem dəyişəcəkmi – Finişə doğru...



“Federasiyaları məmurların boyunlarına yük etməklə ciddi nəticələr gözləmək olmaz”
Fərid Qayıbov gənclər və idman naziri təyin olunandan sonra idman sahəsinə aid olan qurumlarda ciddi kadr və struktur dəyiklikləri aparılır. O cümlədən, idman federasiyalarının rəhbərlikləri dəyişdirilir.
Bəs, bu dəyişikliklər Azərbaycan idmanına təsiri necə edəcək? AYNA dəyişiklikləri və onların mümkün təsirlərini idman ekspertləri ilə müzakirə edib.
İdman jurnalisti Sənan Abdullayev:
“Ard-arda seçkilər bəlkə də qəribə görünə bilər, amma bunlar gözlənilən idi. Azad Rəhimov dünyasını dəyişməsəydi də, postundan gedəcəyi çoxdan danışılırdı. Bu, onun yaxşı və ya pis işləməsi ilə bağlı deyildi. Həyatını idmanın içində keçirmiş ölkə başçısı da bu addımın gec-tez atılacağının anonsunu verirdi. Bəlkə də bu mesajlardan dərs çıxarsaydılar, gedənlərdən bəziləri postlarındada qala bilərdilər. Amma onlar "komfort zona" xəstəliyindən xilas olmaq istəmədilər.
Fərid Qayıbov gənc və enerjilidir. Hiss olunur ki, idman cameəsini tam tanımağa çalışır. Gündə bir neçə görüş, federasiyalara səfərlər iş addımından çox içəridən baxış və yanlışları axtarış xarakteri daşıyır. Mariana Vasilyevanın, başqa sözlə, bir bolqarın vitse-prezident təyin olunması mənə də xoş deyil. Amma bunu biz yox, Gənclər və İdman Nazirliyində yaxşı qazananlar qaçılmaz etdilər. Artıq bu postda Fərid Qayıbova yaxın, amma qalan hamıdan eyni bərabərlikdə uzaq biri çalışacaq.
Federasiyalarda ardıcıl seçkilər yeni dönəmin çılpaq görüntüsüdür. Amma bu mənzərədə də 2000-lərin əvvəlindəki pul yağışı yoxdur. Təyinatlar yenə nazirliyi maliyyə yükündən xilasa hesablansa da, çox şey əvvəlki kimi deyil. Diqqət yetirsəniz, bir çox postlar, köhnə federasiya prezidentinin adı getsə də, real işə nəzarət edən adamlara verildi. Yerində qalanlara və ya Mikayıl Cabbarov kimi ən ağır posta gətirilənlərə isə pul təminatı ilə yanaşı, doğru vitse-prezidentləri, baş katibləri həssaslıqla seçmək tapşırığı görünür.
Yenə deyirəm, əvvəlki maliyyənin olmayacağını düşünürəm. Hətta irəli gedərək, indidən Paris olimpiadasında da möhtəşəm nəticələr əldə etməyəcəyimizi deyə bilərəm. Çünki indi qurulan planlar qısamüddətli deyil. Uğurlu-uğursuz olacağını görəcəyik. Mənə yeganə qaranlıq qalan müvəqqəti idman şöbəsinin müdiri Elnur Məmmədovdur. Adam "Neftçi"də bərbad işlədikdən sonra voleybol federasiyasına getmişdi. Orada da faktiki heç bir iş görə bilmədi. İndi isə birdən-birə idman şöbəsinin müdiri təyin etmək risklidir. Yəqin ki, müvəqqəti təyin olunduğunun rəsmi elanı da imtahan və bir az da bacaracağına şübhə ilə bağlıdır”.
İdman yazarı Rəşad Ergün
“İdman sahəsində yeni nazirdən əvvəl də eyni sistem idi. Müxtəlif federasiyalar nazirlərə, iri çaplı məmurlara tapşırılırdı. O vaxtlar əldə olunan nəticələr nə idisə, bundan sonra da elə olacaq, o cür davam edəcək. İdman sahəsini nazirlərə, məmurlara təhkim etməklə, konkret olaraq, boyunlarına yük etməklə ciddi nəticələr gözləmək sadəlövhlükdür”.
İdman araşdırmaçısı Kənan Məstəliyev
“Federasiyalarda rəhbərlik və struktur dəyişikliklərin aparılması doğru və təbii prosesdir. İdmanda da müasir tələblər hər gün keçdikcə yenilənir, təkmilləşir. Bu sürət və yenilənmələrə uyğunlaşmaq üçün dəyişikliklərin olması vacibdir. Nazir Fərid Qayıbovun bu prosesdə ən yaxından iştirakı çox yaxşı məqamdır. Çünki bu, onun ölkəmizdə idmanın taleyindən narahat olduğunu, bütün diqqətini işə yönəltdiyini göstərir.
Bu, həm də Prezident İlham Əliyevin verdiyi tapşırığın sürətli və diqqətli yerinə yetirilməsi deməkdir. Hələ Qayıbovun təyinatı zamanı dövlət başçısı islahatların vacibliyini vurğulamış, federasiyaların fəaliyyətindən narazılığını dilə gətirmiş, bu istiqamətdə intensiv çalışmanın aparılmasının vacibliyini qeyd etmişdi. Bu səbəbdən yenilənmələrin aparılması həm də dövlət siyasətinə uyğunlaşdırmanın təcəssümü rolunu oynayır.
O ki qaldı bunun yaxın illərdə Azərbaycan idmanına təsirinə, bunu indidən söyləmək çətindir. Hər halda, daha yaxşı olacaq, buna şübhə yoxdur. Çünki son illərdə idmanımızda ciddi eniş yaşanır və Tokio Olimpiadasındakı çıxışımız da bunu açıq ortaya qoydu. Federasiyalar yenilənməli, öz yanlış siyasətlərinə yenidən baxmalı, səhvlərdən nəticə çıxararaq onları bir daha təkrarlamamağa çalışmalı olacaqlar. Azərbaycan idmanı az qala sıfır nöqtəsinə çatıb və artıq yüksəlişə doğru keçməlidir. Hər şeyin ideal olacağına inanmıram, amma bu dəyişikliklər ən azından hazırkı nəticələri daha da yaxşılaşdırmaq imkanı verəcək”.
İdman jurnalisti Səbuhi Musayev
“Federasiyalarda rəhbər dəyişiklərinin baş verməsi yaxşı haldır. Çünki idmanın inkişafına ciddi təsiri olacaq. Ancaq bu dəyişikləri nazirin dəyişməsi ilə əlaqələndirmirəm. Son Tokio Olimpiadasında idmançılarımızın ciddi uğursuzluğu idman sahəsində islahatların aparılmasını zəruri etdi. Bu problemə Prezident İlham Əliyev çıxışında da toxunmuşdu.
Əvvəllər hansısa federasiya prezidenti ofisin qapısını tanımırdısa, indi təyin olunan yeni federasiya prezidentləri çalışacaqlar ki, ölkə başçısının çıxışından sonra ən azı bu dəfə idmana diqqət və qayğı göstərsinlər. Bütün bunların nəticəsində idmanda inkişafın olması qaçılmaz olacaq”.
Tarix: 5-01-2022, 08:11




Xəbər lenti