Gürcüstana axan Azərbaycan milyonları: Öz cibimizdən yad cibinə

Gürcüstana axan Azərbaycan milyonları: Öz cibimizdən yad cibinə Çingiz İsmayılov: “Turizm xatirinə sərhədləri aça, hər gələni ölkəyə buraxa bilmərik”

2016-cı ildə Gürcüstana 1 523 075 nəfər Azərbaycan vətəndaşı səfər edib. Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici ölkə vətəndaşları arasında birinci yerdədir. Gürcüstanın Milli Turizm Administrasiyasından bildiriblər ki, 2010-cu ildə bu ölkəyə cəmi 497969 min Azərbaycan vətəndaşı səfər edib. 2011-ci ildə bu rəqəm 714418 (artım 30 faiz), 2012-ci ildə 931933 (15 faiz artım), 2013-cü ildə 1075857 (19 faiz artım), 2014-cü ildə 1283214 (9 faiz artım), 2015-ci ildə isə 1393257 (9 faiz artım) təşkil edib. Keçən il Azərbaycandan bu ölkəyə gələn turistlərin sayı 2015-ci illə müqayisədə 129818 nəfər və yaxud da, 9,3 faiz çoxdur. Ümumilikdə isə 2016-cı ildə Gürcüstana 6 milyon 350 min 625 nəfər xarici ölkə vətəndaşı səfər edib.

Ölkə vətəndaşlarının üstünlük verdiyi ölkələrin sırasında qonşu Gürcüstan və Türkiyədən sonra Avropa ölkələri gəlir. Beləliklə, Gürcüstan və Türkiyənin müxtəlif turizm bölgələrinə axın gün-gündən artır. Keçmiş MDB ölkələri arasında Azərbaycan bəlkə də yeganə ölkədir ki, xadimədən belə rus, ingilis (birazdan ərəb də olacaq) dilləri tələb edir. Amma qonşu Gürcüstanda çox yerdə heç bir əlavə dil bilgisi tələbi yoxdur. Buna baxmayaraq kazinolar, otellər, gecə klubları, istirahət mərkəzləri turistlə dolu olur. Azərbaycanda belə əyləncələr yox, hotellər, uçuş biletləri od qiymətinə, viza prosesləri çətin, adamlarımız da turisti aldatmaq üçün pusquda gözləyir.

Azərbaycanda turizm sektorunun inkişaf etməsi üçün münbit şərait var. Ancaq danılmaz faktdır ki, Azərbaycanda xidmət və qiymətin baha olması, monopoliya əcnəbilərin bu sektora marağını azaldır. Ekspertlər hesab edir ki, ölkəmizdə turizm sektorunun inkişaf etməməsinin başlıca səbəbi monopoliyadır. Monopoliya olan yerdə inkişafdan söhbət gedə bilməz. Çünki monopolistlər imkandan istifadə edərək qoyduqları vəsaiti çıxarmaq üçün yüksək qiymətlər diktə edirlər. Ona görə də insanlar bahalı turizm bölgələrindən yan keçirlər. Dünyanın inkişaf etmiş ölkələrində turizmlə özəl sektor məşğul olur. Özəl sektorun bu işlə məşğul olması rəqabət mühiti yaradır və nəticədə, qiymətlər aşağı düşür.

“Bu il qonşu ölkəyə daha çox insan gedəcək”

Gürcüstana axan Azərbaycan milyonları: Öz cibimizdən yad cibinə

Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov “Cümhuriyət” qəzetinə bildirib ki,Gürcüstana 1.5 milyondan çox azərbaycanlı turistin getməsi yeni bir şey deyil: “Bundan nəticə çıxartmaq lazımdır. 2017-ci ildə bu göstərici 2 milyon olacaq. Məndə olan məlumata görə, 5 il bundan qabaq Gürcüstana 300 min nəfər Azərbaycan vətəndaşı gedib. Bu gedişlə 3 ildən sonra 2.5 milyon olacaq. Bunun da səbəbinin iki amili var: qiymət və servis. Bütün ölkələrdə turistin cəlb edilməsində bunlar başlıca amilidir. Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Turist xatirinə qapıları tam açıb bizi istəyəni də, istəməyəni də ölkəyə buraxmaq düzgün olmaz. Hesab edirəm ki, viza məsələsinə çox ciddi yanaşmalıyıq. Hazırkı viza şərtləri qənaətbəxşdir. Qonşu ölkələrdə siyasi stabillik yoxdur. Hətta silsilə terror aktları törədilir. Azərbaycana qarşı belə addımlar atmaq arzusunda olan və bizi istəməyən kifayət qədər qüvvələr var. Bunları nəzərə alaraq turizm xatirinə viza şərtlərini tam yumşaltmalı deyilik”.

Ekspert qeyd edib ki, Azərbaycan vətəndaşı alın tərilə qazandığı pulu aparıb Gürcüstan iqtisadiyyatına qoyur: “Düşünməliyik ki, niyə 1.5 milyondan çox azərbaycanlı Gürcüstana axın edib? Ona görə yox ki, oranın təbiəti gözəldir. Azərbaycan təbii şəraitin müxtəlifliyinə görə, daha zəngindir. Ölkənin həm çayı, həm dağı, həm dənizi, həm də subtropik meşələri var. Bu potensialı istifadə etmək üçün iki şey vacibdir. Münasib qiymətlər və lazımi səviyyədə servis. Baxmayaraq ki, iqtisadi böhranla əlaqədar Gürcüstanda da qiymətlər ötən ilə nisbətən artıb, amma bu artım yenə də Azərbaycanla müqayisə edilə bilməz.

Çünki Azərbaycandakı qiymətlər dəhşətlidir. Buna görə də otellərin, turizm mərkəzlərinin yarlıdan çoxu boşdur. Bu, böyük bir problemdir. Ancaq həmin turist şirkətləri bunu düşünmürlər. Onlar yalnız bu günlə yaşayırlar. Bunun üçün strategiya qurmaq lazımdır. Yeni qurulmuş hansısa turizm mərkəzi birinci il gəlir qazanmır. O, münasib qiymətlər təklif edir ki, potensial turistləri cəlb etsin, sonra ora daimi axın olsun. Münasib qiymət, yüksək servis görən turist öz ətrafına həmin yer haqqında məlumat verəndə təbii ki, ora axın olur. Yaxud da əksinə, turist gəlib görür ki, qiymətlər yüksəkdir, servis lazımı səviyyədə deyil gedib anti-reklam edir. Yerli turist şirkətlərinin problemi odur ki, yaradılan kimi gəlir qazanmaq istəyir. Başqa şirkətlərə baxıb qiymətləri qaldırır. Bu ənənə, bu tendensiya dəyişilmir”.

“Özəl sektor elə etməlidir ki, turist gəlsin”

Çingiz İsmayılov deyib ki, turizm bazar iqtisadiyyatı ilə tənzimlənməlidir. Onun qənaətincə, əks təqdirdə başqa ölkələrlə müqayisədə Azərbaycana turist axını ürəkaçan olmayacaq: “Azərbaycanda dövlət tərəfindən turizmə böyük dəstək verilir, turizm komplekslərinə kifayət qədər sərmayələr yatırılıb. Bu gün o sərmayənin heç 10 faizi belə qayıtmayıb. Halbuki ora milyardlar yatırılıb. Deməli orda idarəetmə baxımından hər il strategiya tərtib olunmalıdır. Bu isə həmin kompleksin həm servisinə, həm də qiymətlərinə uyğun olaraq dinamikası hesablanmalıdır. İnkişaf etmiş ölkələrin turizmini Azərbaycanla müqayisə etmək doğru olmaz.

Türkiyəni götürək, ora 1 il məşhur olmayıb. Turizm Azərbaycan üçün qeyri-neft sektorunun vacib bir sahəsidir və dövlət düzgün siyasət aparıb bura vəsait ayırıb. Azərbaycanda turizmin çoxunu özəl sektor təşkil edir. Dövlət imtiyazlar verir, şərait yaradır ki, bu sahə inkişaf etsin. Burda inhisarçılıq yoxdur, dövlət özəl şirkətlərə qarışmır. Özəl sektor elə etməlidir ki, bura insanlar cəlb etsin. Onlar obyekti bu gün tikib sabah qazanmaq istəyirlər. Çünki bu sahədən başları çıxmır. Özəl şirkətlər bir-iki il qazanmalı deyil, cəlb etməlidir. Hətta 3 il sonra gəlir əldə etmək barədə düşünməlidir”.

Yeganə Oqtayqızı
Tarix: 8-01-2017, 10:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}