Yaşamaq ümidini banklara bağlayan kredit borcluları…

Yaşamaq ümidini banklara bağlayan kredit borcluları…
Yaxın vaxtlara kimi məşhur bankların birində işləyən bir tanışım ölkədə kredit borclusu olan insanların yaşadığı faciələr haqqında ürək parçalayan şeylər danışdı. On illik bank işi təcrübəsindən danışan xanım deyir ki, bu ölkədə kredit götürmək yaxanı Əzrayılın əlinə vermək kimi bir şeydir. “Bu müddətdə o qədər insan faciələri gördüm ki, dillə deyiləsi deyil. Faiz bataqlığına düşüb evini itirən, torpağını satan, var-yoxdan çıxan, adam bıçaqlayan, ev yaran, həbsə düşən, intihar edən kim… Bu qədər yüksək kredit faizləri olmaz ki. Siz bank rəsmiləşdirmələrinə baxmayın. Kredit borcları ilə bağlı bataqlığa düşən insanların çoxu sonda etiraf edir ki, onlar krediti məhz ağır durumlarını müvəqqəti düzəltmək məqsədi ilə götürüblər. Biri başqasına olan şəxsi borclarını ödəmək, biri xəstəliklə bağlı əməliyyat keçirmək, biri övladının təhsil haqqını ödəmək, biri qızına cehiz almaq. Çox belə faktlar var. İşlədiyim müddətdə gücüm, sadəcə, ilk başdan insanları məlumatlandırmağa çatırdı ki, sonda daha çıxılmaz vəziyyətə düşməsinlər. Bəzən fikrindən dönən də olurdu, amma belələri çox az idi. Çünki ölkədə insanların 90%-ni banklara gətirən çıxılmazlıqdır…”-deyir o. Peşəkar bir bank işçisinin ürək ağrısı ilə danışdıqları ölkə insanının faciəsini açıqca ortaya qoyur. Ölkədə ən azı 3 milyona axın kredit borclusu olduğunu nəzərə alsaq, faciənin miqyasını özünüz təsəvvür edə bilərsiniz…

Azərbaycan dünyanın ən yüksək bank faizləri olan ölkələri sırasında yer alır. Bu haqda dəfələrlə yazılıb. Ekspertlərin sözlərinə görə, Azərbaycan Rusiya, Ukrayna və Belarusdan sonra MDB-də ən yüksək faizlə kredit təklif edən ölkədir. ABŞ və ya Avropa Birliyində kredit faizləri Azərbaycan ilə müqayisədə 5 dəfə ucuz, yəni 3-5 faiz intervalında təklif edilir. Bundan başqa, bir sıra ölkələrdə tələbələr, sahibkarlıq fəaliyyətinə başlayanlar, ailə quranlar üçün güzəştli kreditlər verilir. Hətta daşınmaz əmlak üçün Avropa Birliyinə üzv ölkələrdə verilən kredit faizləri 3-7 faiz arasındadır.

Məsələn, İspaniyada mənzil almaq istəyən şəxs bankdan bu məqsədlə 3-4 faizlə, İtaliyada 4,5 faizlə, Almaniyada 5,5 faizlə kredit götürə bilər. Amma bizdə problemin kökü başqa yerdədir. Problem ondadır ki, krediti əsasən gündəlik yaşam ehtiyaclarını qarşılaya bilməyən insanlar götürür. 150 manat təqaüd alan təqaüdçü müalicə olunmaq üçün, 250 manat alan müəllim evini təmir etdirmək üçün, 170 manat alan kitabxanaçı qızına cehiz almaq üçün, 400 manat alan alim övladının təhsil haqqı üçün, müharibə veteranı əməliyyat keçirmək üçün. Ölkənin acınacaqlı mənzərəsi tam belədir. Özünüz də çevrənizdəkilərdən kiçik bir sorğu aparıb buna əmin ola bilərsiniz. Mən də sosial şəbəkədə və çevrəmdə olan insanlar arasında belə bir sorğu apardım. Reallıq tam yuxarıda bəhs etdiyim tanışımın dediyi kimidir. Bu ölkədə kredit borclusu olan insanların heç 10%-i də onu xarici ölkələrdəki kimi sahibkar olmaq, iş qurmaq, pul qazanmaq məqsədilə götürmür. Bir ailədə kredit borcunu yalnız təqaüd kartı ilə ödəməyə gücü çatan ailənin durumunu özünüz düşünün. Aşağıdakı rəylərdən özünüz də buna şahid olacaqsınız.

“4500 dollar götürdüm, yoldaşımı və uşağımı müalicə etdirmək üçün. Dolların kursu 0,78 olanda götürdüm, bank məni aldatdı. 21 fevralda götürdüm, 2 gün sonra dollar bahalaşdı, indi məhkəmə yolu ilə məndən 9800 manat alırlar. Maaş kartımla ödəyirəm. Mənə zamin duranın da pulunu ödəməliyəm. Bu da qurtarana oxşamır…” Fuad Hüseynov)

“Mənim də kredit borcum var, əməliyyat üçün götürmüşəm. Hələ də borc bataqlığındayam. Maaşın yarısı kreditə gedir.”(Anar Hüseynov)

“Kreditə 5000 manat ödəyəcəm, ayda 200 manat. Ev tikəndə götürmüşəm. Maaşımın yarısını tuturlar.”(Amil Əliyev)

“İki banka borcluyam, təhsil haqqı üçün birinə 98 manat, o birinə 110 manat. Hələ iki il də ödəməliyəm.”(Əhmədova İlkanə)

“Qızımın təhsil haqqı üçün götürmüşəm. Əlillik kartımdan 97 manat tutulur, 53 manat qalır “şah” kimi dolanmağıma…”(Sevinc Abbas)

“Kredit borcum var, cərrahiyyə əməliyyatı üçün götürmüşəm.”(Nurlan Milli)

“ Mən əməliyyat üçün götürmüşəm, hələlik bir ayını ödəmişəm.”(Məhərrəm Qasımov).

“Təqaüd kartımdan ödəyirəm-60 manat. Əslində ayağımdakı problemlə bağlı ölkəyə ucuz, yaxın bir yerə getmək üçün almışdım, başqa səbəb göstərməklə. Üstü lazım olan qədər düzəlmədi, it də getdi, ip də…” (Nazlı Ağayeva)

“Bankla bağlı kredit borcuna görə dörd məhkəmə işim icraatdadır. Hələ ki, birini ödəyə bilirəm.”(Məhəbbət Oratdı).

“ Fermer təsərrüfatı yaratmaq üçün götürmüşdüm, hər ay vaxtlı-vaxtında ödəyirdim, sonra aldadıldığımı hiss edən kimi ödəməyi dayandırdım. Hərdən zəng edib krediti ödəməyimi xahiş edirlər, deyəndə ki, sizi məhkəməyə verəcəyəm əl çəkirlər.”(Namiq Həsənov)

“Mən 2 min manat götürdüm, 3 min manata qədər ödədim. Sonra ödəyə bilmədim, 1-2 ayda üstünə nələr gəldi, indiyə kimi maaş kartımdan tuturlar. Artıq nə qədər maaş aldığımı da unutmuşam.”(Sevil Şirinova).

“Kiçik biznes üçün 4600 manat götürmüşdüm. Özümdə olan yetmirdi. O da alınmadı, boşuna o qədər pul ödədim. Keçən ay qurtardı. Hər ay 244 manatlıq pensiyamdan 198 manat tutulurdu.”(Vüsal Əhməd)

“Mən götürmüşəm, hər ay 140 manat tutulur kartımdan, qalır 40 manat. 3 il belə davam edəcək” (Asəf Ulacalı)

“Mən dülgər işləyirdim. Bir müddət iş olmayınca, borclarım artdı, məcburən kredit götürdüm. Yaxşı ki, maaş kartım da yoxdur. Elə yaxşı ki, yoxdur, 100-200 manat nə maaşdır ki, mənə çatsın…” (Tahir Mustafayev)

“Mənim də kreditim var. İyirmi ilə ancaq çıxmaq olar kreditdən”(Vüqar Bağırov)

“ Kredit almışam – Kapital Bankdan! Nəvəmin Universitet ödəniş haqqını ödəmək üçün götürmüşəm! Pensiyadan normal şəkildə veririk! Təqribən pensiyanın yarısı qədər – bir az da aşağı!(Əlizamin Baxışlı)

“ Mən kredit götürdüm, bu yaxınlarda ödəyib qurtardım. Sonuncu ödənişi edəndən sonra borcumun olmadığı haqqında arayış istədim, arayış üçün məndən 10 manat pul istədilər.”(Fərhad Səlimov)

“İpoteka ödəyirik. Evin öz dəyəri 46000 manat idi, 36000 manat bank faiz gəldi”(İslam Sahiboğlu)

“İpoteka kreditim var, oğlum ödəyir.”(Fəridə Həsənova)

“Kreditim var, 2900 dollar.”( Xəlil Şəhriyar)

“ 3000-manat borcum var, pensiyadan tuturlar. Dövlət ev tikib, onu düzəltmək üçün götürmüşəm. 2021-ci ildə qurtaracaq…”(Ülvi Əhməd).

“Bank borcu vətən borcu kimi bir şeydi, borcu olmayana qəribə baxırıq. Mən də bu aydan banka borc ödəməyə başlayıram.”(Nihad Hüseyn)

“Mənim də kreditim var, dolanışıq üçün götürmüşəm”(Faiq Əmirov)

“Mən borclarımı ödəmək üçün 3 000 AZN götürmüşəm, 36 aylıq. Cəmi 4 ayı ödəyə bilmişəm, hər ay 123 manatlıq təqaüd kartımdan cixilir. 64 manat birinə, 51 manat da o birinə- cəmi 115 manat. 8 manat da qalır mənim yaşamağım üçün. ”(Seymur Həsənov)

“ Finca –Azerbaycan kredit təşkilatından və “Acsses bank”dan biznes üçün pul götürmüşdük. Bir az ödədik, dollar qalxdı deyə gücümüz çatmadı. Anamın pensiyasından çıxırdılar. Keçən ay bitdi.”(Rəşid Fərəcli)

“Krediti borcum vardı, artıq bağladım qutardı. 18 aylıq idi.” (Elmar Abdullayev)

“Borcumuz var, özümüz ödəyirik. Yəni kartdan tutulmur.”(Xumar Əli)

“Kredit, ipoteka borcum yoxdur. Amma başqa borc yetərincədir.”(Araz Yusifli)

“Mən götürdüyüm kredit borcunu artıqlaması ilə ödəmişəm. Amma yenə də başqa borcum qalır.”(Zaur Rzalı)

“Borcun içindəyəm. Evimizə su, qaz, işıq çəkdirmək üçün götürmüşəm.”(Sevda Laçınlı)

“İpoteka kreditim var. 62 yaşa qədər ödəyəcəm, ayda 380 manat”(Nüsrət Hacıyev)

“Mən də 1500 AZN götürmüşəm, ehtiyacım vardı.”(Rauf Novruzov”

“Kredit borcu ödəyirəm, ev şəraitini yaxşılaşdırmaq üçün götürmüşəm.”(Ziyafət Hüseynli)

Səadət
Tarix: 28-01-2018, 22:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}