Azərbaycanda gecikən qərar: Pulları Gürcüstana axıdır


2017-ci ildə Gürcüstanda xarici investisiya axınında rekord göstərici əldə edilib.Bu barədə Gürcüstanın iqtisadiyyat naziri Dmitri Kumsişvili bildirib.Nazir qeyd edib ki, indiyə qədər rekord göstərici 2014-cü ilə aid olub. Həmin il xarici investisiyaların həcmi 1 milyard 818 milyon dollar təşkil etmişdi. 2017-ci ildə isə bu rəqəm daha 44 milyon dollar artaraq 2014-cü ilin rekordunu təzələyib.

Xüsusilə, tikinti sahəsində xarici sərmayə qoyuluşu artaraq 294,6 milyon dollar olub. Bu isə 114 faiz artım deməkdir. Maliyyə sektorunda xarici investisiyanın həcmi ötən il 304,3 milyon dollar təşkil edib. Bu da 98 faiz artımdır. Energetika sektorunda xarici investisiya 61 faiz artaraq 188,6 milyon dollar olub.

Maraqlıdır, hazırda Azərbaycanda investisiya qoyuluşlarının vəziyyət necədir?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, müstəqillik illərində Azərbaycanda investisiyalar ən çox enerji sektoruna qoyulub:

“Doğrudur, investisiyaların həcminə görə Azərbaycan Gürcüstandan xeyli qabaqdadır. Amma təəssüf ki, investisiyaların 80-90 faizi neft-qaz layihələrinə qoyulub.Qeyri-neft sektora qoyulan investisiyalar çox azdır. Son zamanlar Gürcüstanın xeyli dərəcədə irəli keçməsi və investisiyaları cəlb etməsinin bir neçə əsas səbəbi var. Gürcüstanda olub Azərbaycanda olmayan səbəblərdən ilki bu ölkənin 15 ildən artıqdır ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmasıdır. Bu da investorların ölkəyə daha çox güvənməsinə və daha çox investisiyalar qoymasına imkan yaradır.Digər məsələ məhkəmə islahatlarıdır ki, Gürcüstan postsovet məkanında ən tez və effektiv məhkəmə islahatı aparan ölkədir.Bu ölkədə büdcə toxunulmazlığı ilə bağlı çox ciddi qanunlar var. Bu da öz növbəsində investorlara güvən verən əsas amillərdən biridir.Digər vacib bir məsələ ondan ibarətdir ki, çox çevik vergi siyasəti və təşviq proqramları həyata keçirirlər.Yaxınlarda Gürcüstanda illik dövriyyəsi 500 min lariyə qədər olan kiçik və orta sahibkarların vergisi 1 faiz oldu.Bu çox ciddi addımdır”.

İqtisadçının sözlərinə görə, həm daxili, həm də xarici investorların ölkəyə cəlb olunması üçün çevik vergi siyasəti önəmli şərtdir:

“Təəssüf ki, Azərbaycanda bu sahələrdə ciddi axsamalar var. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəmir. Hökumət bununla bağlı danışıqları 21 ildir uzadır. Həmçinin ölkədə məhkəmə islahatları həyata keçirilmir, mülkiyyətin toxunulmazlığı ilə bağlı kifayət qədər problemlər var. Bu məsələdə Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə ən çox iş göndərilən ölkələrdən biridir. Son illər AİHM-nə mülkiyyət toxunulmazlığı ilə bağlı mindən çox şikayət daxil olub.Azərbaycanda yerli və xarici investorlar üçün ciddi vergi təşviqat siyasəti həyata keçirilmir.Təəssüf ki, sadalanan məsələlərə görə, Azərbaycan Gürcüstandan geridə qalıb.

Gürcüstanın xarici ticarət dövriyyəsinin ilbəil artması, ümum daxili məhsulun (ÜDM) artım tempinə görə Qafqazın, hətta MDB-nin lider ölkəsinə çevrilməsi də bu amillərlə bağlıdır. Ötən il Gürcüstanın ÜDM həcmi 5 faizə yaxın artdı, amma Azərbaycanda demək olar ki, artım olmadı. 2016-cı ildə Gürcüstanın ÜDM həcmində 4.7 faiz artım olmuşdusa, Azərbaycanın ÜDM 3.8 faiz azalmışdı.

Azərbaycan həm strateji coğrafi mövqeyinə, həm insan resurslarına, həm də bazarının böyüklüyünə görə Gürcüstanı qabaqlayaraq daha çox investisiya cəlb edə bilər.Amma xroniki məsələlər həll olunmasa, təəssüf ki, Gürcüstan daha yüksək templə inkişaf etməyə və bizi bu sahədə qabaqalamqda davam edəcək”.

Yeganə Oqtayqızı

Cebhe.info

Tarix: 14-03-2018, 21:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}