Geri alınan 255 min hektara yaxın torpaq


Geri alınan torpaqlar kimlərindir: kəndlinin, yoxsa məmur-oliqarxların?

Əmlak Məsələləri Dövlət Komitəsinin 23 may məlumatına görə, aparılan monitorinqlərdə 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxsin kənd təsərrüfatı təyinatlı torpaqları səmərəsiz istifadə etdiyi və ya ümumiyyətlə istifadəsiz qoyduğu aşkarlanıb: “255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib. Qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında üzə çıxıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.

Komitə kənd təsərrüfatı torpaqlarında 2600 pozuntu halı aşkarlayaraq inzibati protokollar tərtib edib. Təqsirkar fiziki və hüquqi şəxslər 1 milyon manatdan çox cərimə olunublar.

Geri qaytarılan torpaqlarda iri taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür”(novator.az).

Ancaq Komitə bu torpaqların kimlərdən alındığını adbaad açıqlamayıb. Son illər məmur-oliqarxların regionlarda kədlilərdən torpaqları satın alması geniş yayılıb. Hökumətdən lazımi dəstəyi olmayan kəndlilər torpağı əkib-becərməkdə çətinlik çəkir, ya da əkib-becərmək çox baha başa gəlir. Sonda məhsulu satmaq problemi kəndlilərin ən ciddi qayğısıdır. Ya məhsulu dəyər-dəyməzinə satmalı, ya da ondan əlini üzməlidir. Ötən il sarımsaq əkənlər bu problemlə üzləşdilər, məmur-oliqarxların xaricdən gətirdiyi məhsul yerli malları sıxışdırıb bazardan çıxardı. Onlar öz məhsullarını ziyanla satmağa məcbur oldular, ucuz satmaq istəməyənlərinsə məhsulu qalıb zay oldu. Eyni aqibətlə soğan əkənlər üzləşdilər. Onların da min bir əziyyətlə yetişdirdiyi məhsul qapılarında qaldı. Yemiş-qarpız əkənlər də həmin problemi yaşayır. Məhsul yetişəndən sonra onu satmaq çətinliyi yaranır. Əsas baza olan “Meyvəli”də qiymətləri monopolistlər diqtə edir. Üstəlik, o bazara gəlib çıxana qədər yollarda polislərə və nəqliyyat müfəttişlərinə də pul vermək tələb edilir.

Bu günlərdə kartof əkib-becərən birinin sosial şəbəkələrdə videosu yayılmışdı. Həmin kəndli yetişdirdiyi kartofu sata bilmədiyinə görə məhsulunun üstündə ağı deyirdi.

Bundan bir müddət qabaq başqa biri, sarımsaq əkən kəndli məhsulunu yolub-tökürdü. Onun etirazı nazirlərin, irili-xırdalı məmurları əkinçiliklə məşğul olmasınaydı.

Elə xeyli vaxtdır məhkəməsi davam edən AzTV sədri Arif Alışanovu təqsirləndirilən şəxslər 7 milyon manata 340 hektar torpaq almaqda suçlayırlar. Televiziya rəhbəri büdcədən maliyyələşən kanalda bu qədər pulu hardan qazanıb? Niyə heyvandarlıqla məşğul olmaq qərarına gəlib? İnsanlarla işləməkdən bezdimi bu adam? Xeyloi vaxtdır proses gedir, indiyə qədər hüquq-mühafizə orqanları bir dəfə də maraqlanmayıb ki, bu pullar hansı yolla qazanılıb…

Saatlının dövlət fondunda olan torpaqlarını bir neçə ildir məmur-oliqarxlar mənimsəyib. Taxıl, yonca, pambıq və başqa məhsullar yetişdirirlər. Bir vaxtlar Cəlal Əliyevin sahibləndiyi deyilən torpaqların sahibi kimi indi İlham Əliyev, Kəmaləddin Heydərov, Hacı İbrahim Nehrəmli və başqalarının adı çəkilir. Bu mənimsəmənin cəzasını isə kəndlilər çəkir. O torpaqlar mənimsənəndən sonra kəndlərdə çox ciddi su problemi yaranıb. Əkin sahələri bir yana, camaat içməli suya həsrət qalıb. Ölkə başçısı kənd təsərrüfatının, pambıqçılığın inkişafından danışır, kəndlilər pambıq əkməyə məcbur edilir. Ancaq bütün başqa bitkilər kimi, susuz pambıq olmur axı.

Əmlak Məsələləri Dövlət Komitəsi indi ad açıqlasdın görək o torpaqlar kimlərdən alınıb, kəndlidən, yoxsa məmur-oliqarxdan? Çox güman ki, kəndlidən alınıb, çünki kəndlinin torpağı əkib-becərməyə nə fiziki gücü, nə texnikası, nə də maddi imkanı var. Dövlət büdcəsindən milyardlar talayanlardasa hər cür müasir texnika var. Bu texnukanın köməyi ilə onlar sahibləndikləri bütün torpaqları əkib-becərmək iqtidarındadır. Boş, Komitənin dediyi kimi, “səmərəsiz” torpaqlar kəndlilərindir. İndi onları da əllərindən alıb regionlarda əhalini biryolluq torpaqsız qoymaq düşünülmüş siyasətdir.

25 ildir işğalda olan torpaqlardan bir qarış belə almaq iqtidarında olmayanlar 255 min hektarı çox asanlıqla kəndlinin əlindən alır. Kəndlidən nə istəsən ala bilərsən; topu yox, topxanası yox. Bir özü, bir canı, bir də asılmağa kəndiri var, Kimsə də bu intiharlarda suçlu bilinmir. Haydı, irəli!..

Rövşən Hacıbəyli

Tarix: 23-05-2018, 23:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}