Hökumətə 6 milyard lazımdır: Bu problemin həlli üçün…


Azərbaycanda vaxtı ötmüş problemli kreditlər məsələsi aktual olaraq qalır. Problemin həlli üçün uzun müddətdir müzakirəsi gedən "İşlək olmayan aktivlərin yenidən strukturlaşdırılması haqqında Kollektiv Saziş" məsələsi yenidən gündəmə gəlib. Problemli kreditlərin həcmini azaltmaq üçün nəzərdə tutulan "Bakı yanaşması"nın hazırlanması üzrə müzakirələr yenilənir. Məlumata görə, banklar və Azərbaycan Bank Assosiasiyasının nümayəndələri problemli borclarla, eləcə "İşlək olmayan aktivlərin yenidən strukturlaşdırılması haqqında Kollektiv Saziş"in ümumi qaydalarını və müddəalarını müzakirə etməyə hazırlaşırlar.

Məlumat üçün Mərkəzi Bankın məlumatına istinadən qeyd edək ki, kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin aprel ayının 1-nə 1 milyard 710,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 119,9 milyon manat və ya 7,54 faiz çoxdur. İlin əvvəli ilə müqayisədə isə bu ilin martında problemli kreditlərin həcmi 83,5 milyon manat və ya 5,13 faiz artıb. Problemli kreditlərin ümumi kredit qoyuluşlarındakı payı isə 16 faizə yaxınlaşır.

Azərbaycanda problemli kreditlərin yoluna qoyulması üçün müxtəlif ekspertlər tərəfindən çoxsaylı təklif və tövsiyyələr ortaya qoyulub. Hətta bu kreditlərin zamanla həll edilməsi üçün tutarlı variantlar da təklif edilib. Həmin məsələnin “üçtərəfli güzəşt mexanizmi”nin tətbiqi ilə həll olunacağı bildirilib və prosesin mexanizmi izah edilib. Amma hökumət həmin təklifləri nəinki dəstəklədi, məsələyə əhəmiyyət belə vermək istəmir. Görünür, bununla bağlı hökumətin bildiyi konkret addımlar var. 

Ekspertlərin dediyinə görə problemli kredit məsələsi təkcə Azərbaycanda deyil, bir neçə ölkədə də baş verib. Amma hökumət səviyyəsində problemdən çıxmaq istiqamətində konkret addımlar və işlər görülüb. Beləliklə də böhran dəf edilib. Məsələn, ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edilib. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın alıb və onları səhmləşdirərək bazara çıxardıb. Dövlət praktiki olaraq, həmin proqram çərçivəsində 400 milyard dollara yaxın vəsait xərcləyib. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub. Bu baxımdan, Azərbaycanda “üçtərəfli güzəşt mexanizmi”nin tətbiqini reallaşdırmaq doğru olardı. Bu birbaşa olaraq problemli kredit məsələsinin həllinə ciddi dəstək ola bilər. Bu mexanizmin maliyyələşdirilməsi üçün isə büdcəyə ediləcək dəyişikliklərdə xərcin nəzərdə tutulması da effektiv üsul olaraq təklif edilib. 

Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası bankların təklifi ilə razılaşıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı ilə qeyri-işlək aktivlərin idarə edilməsi üzrə “Bakı yanaşması” ilə bağlı Palata tərəfindən hazırlanmış “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası müzakirə edilib. 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə “Qeyri-işlək aktivlərin restrukturizasiya planının hazırlanması” üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

“Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası təqdim edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda banklar tərəfindən Kollektiv Sazişin layihəsinə dair təkliflərin təqdim edilməsi qərara alınıb. 

Problemli kredit məsələsində müzakirəsi uzun müddətdir ki, davam edən “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” yenidən gündəmə gətirilməsini ekspertlər anlaşılan hesab etmir. Çünki bu məsələ xeyli gecikib və ən əsas problem maliyyədir ki, bunun həlli variantları mövcud deyil.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, əsas məsələ həmin kreditlərin silinməsi və yaxud ertələnməsi üçün maliyyə mənbələrinin tapılmasıdır: “Yəni problemli kreditlərin həcmi kifayət qədər böyükdür və az qala bu bankları iflic vəziyyətə salıb. Rəsmi rəqəmlərə görə problemli kreditlərin həcmi ümumi kredit portfelinin 16 faizini keçib. Müxtəlif hesablamalara görə isə bu rəqəm 30 faizdir. Məsələni hansı formada müzakirə etsələr də burada əsas problem maliyyə məsələsinin yoluna qoyulmasıdır. Bu məsələ ilə bağlı danışıqlar aparılsa da maliyyə mənbəyi tapılmasa, bu məsələnin həlli mümkün deyil. Çünki banklar öz gücünə bu məsələni həll edə bilmir. Vətəndaşlar isə aldığı krediti qaytara bilmir. Artıq məhkəmələrin 60-70 faiz yükü bank-vətəndaş qarşıdurması ilə qaldırılan işlərlə doludur. Maliyyə mənbəyi isə ya büdcədən, ya da neft fondundan olmalıdır. Azərbaycanda digər maliyyə mənbələri yoxdur. 

Ona görə də məsələnin müzakirəsinin əsas məqsədi o olmalıdır ki, dövlət və Mərkəzi Bank məsuliyyəti üzərinə götürüb müəyyən maliyyə mənbələrinə çıxış əldə etmək üçün banklara imkan verməlidirlər. 

Onlar da vətəndaşa ya borclarının bir hissəsini silsinlər, ya da köhnə, yəni ilkin məzənnə ilə borcları yenidən qeydiyyata alsınlar və vətəndaşı da 3 ya 5 illik bir sürət alsınlar ki, o vaxta qədər ödəsinlər. Bunun üçün təqribən 5-6 milyarda yaxın vəsait lazımdır. Bu maliyyə mənbələrinə hökumət büdcədən, yaxud Neft Fondundan çıxışa imkan verəcəkmi? Əsas məsələ budur. Hökumətin verəcəyi qərardan asılı olacaq. Yəni artıq bankların və vətəndaşların bu problemin həllində hər hansı bir fəaliyyəti, hansısa formada iştirakı mümkün deyil”. 

Ekspert əlavə edib ki, iyun ayında da dövlət büdcəsinin yeni müzakirəsi gözlənilir, niyyət varsa problem həll edilə bilər: “Əgər belə bir fikirləri varsa, yeni büdcə layihəsində bununla bağlı ilkin olaraq maliyyə vəsaitlərinin ayrılmasına getməlidirlər. Bu baş versə, məsələni ölü nöqtədən tərpətmək və həll etmək mümkün olacaq. Baş verməsə və maliyyə mənbələri tapılmasa, nə qədər istəyirlər müzakirə etsinlər, dəyirmi masalar keçirsinlər bu problemin həlli mümkün deyil”.

Natiq Cəfərli onu da qeyd edib ki, əslində “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Saziş” keçikmiş bir məsələdir: “Birinci devalvasiyadan sonra təklif etmişdik ki, məsuliyyətin 3 yerə bölünməsi protokolu imzalansın. O zaman dollar 1 manat 5 qəpik idi və kreditlərin də 60 faizdən yuxarı məhz dollarla idi. Həmin vaxt belə bir protokolun bağlanmasında məntiq də, imkan da var idi. Məsliyyətin 3 yerə bölünməsi o deməkdir ki, kredit borclarının 30 faizi vətəndaşın, 30 faizi bankların, yerdə qalanı isə dövlətin məsuliyyəti altına keçir. Belə məsuliyyət bölgüsü vasitəsilə vətəndaşın borc yükü azalır və onun ödəniş etmə imkanları yaranır.

Çox təəssüflər olsun ki, bu zaman o təklifi müzakirə də etmədilər və bütün yük vətəndaşın çiynində qaldı. Beləliklə də vətəndaşla bank qarşıdurması yarandı. Banklar da heç bir şey fikirləşə bilməyib kütləvi şəkildə vətəndaşları məhkəməyə verdilər. İndi yenidən həmin məsələ gündəmə gəlib. Üstündən bir neçə il keçəndən sonra protokol vasitəsilə məsuliyyət bölgüsünü aparmaq istəyirlər. Mənə elə gəlir ki, artıq gecdir. Çünki vaxtı keçmiş kreditlərin hesablanan faizləri o qədər yüksəlib ki, məsələn, birinci devalvasiyadan sonra cəmi 1-1,5 milyard manata həll oluna biləcək problemin dəyəri 5-6 milyard manata qədər qalxıb. Yenidən dövlət qərar verməyə məcbur olacaq. Protokol da, saziş də imzalansa, bir daha qeyd edirəm ki, maliyyə mənbələri tapılmasa, onun işlək olması imkansızdır ”.

Alçina Amilqızı
Cebhe.info

Tarix: 27-05-2018, 22:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}