Monopoliyasız gömrük: İslahat dalğası…


Dövlət Gömrük Komitəsində aparılan islahat tədbirlərinin müsbət nəticələri görünür. Komitənin sabiq sədri Aydın Əliyevin dövründə etirazlara səbəb olan bir sıra problemlər DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin fəaliyyəti nəticəsində qaydasına düşməyə başlayıb. Öncə “Sınıq Körpü”də, bu günlərdə isə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda mövcud vəziyyətlə tanış olan Səfər Mehdiyev gediş-gəlişin asanlaşdırılması üçün tapşırıqlar verib. 

Belə ki, Azərbaycanın Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən “Samur” gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Gömrük sahəsinin digər bir problemi isə monopoliyaya verdiyi “dəstək”dir. Bu haqda dəfələrlə deyilsə də ötən dövrlər ərzində bu istiqamətdə konkret addımlar atılmayıb və buna görə də hələ də müsbət nəticə əldə olunmayıb. Gömrük sahəsində islahatlar monopoliyanı aradan qaldıracaqmı?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə şərhində monopoliyanın aradan qaldırılması üçün vacib olan şərtlərə diqqət çəkib: 

“Azərbaycanda iqtisadiyyatın istənilən sahəsində və ya hamısında monopoliyanı aradan qaldırmaq çətin deyil. Burada əsas məsələ siyasi iradənin olmasıdır. Məsələn, Qazaxıstanda, Rusiyada, Gürcüstanda bu məsələlər öz həllini tapıb. Gürcüstan bu məsələnin ən ideal nümunəsidir. Sabiq prezident Mixail Saakaşvili bütün sahələrdə rüşvəti, korrupsiyanı, monopoliyanı aradan qaldırdı. Yəni, ölkənin iqtisadi inkişafına mane olan bütün problemləri həll etdi. Sonradan hakimiyyətə gələnlər də bunun əksini edə bilmədilər. Artıq zamanında monopoliyaya görə Gürcüstandan çıxanlar indi geri qayıdırlar. Yəni, bu dünyada praktikası olan məsələdir. Azərbaycanda isə bu istiqamətdə aparılan işlər hələ ki, kosmetik xarakter daşıyır. Bu günə qədər gömrükdə menecerlər dayanırdılar və insanların sənəd işlərini düzəldirdilər. Əslində isə onlar heç bir işlə məşğul olmurdular, sadəcə olaraq gömrük əməkdaşları ilə sövdələşib vətəndaşlardan pul alırdılar. Bunlar artıq aradan qaldırılıb. Bütün sənədləşmə işlərini vətəndaşlar özləri edir. Broker xidmətlərinin fəaliyyətində müəyyən məhdudiyyətlər tətbiq olunsa da, indi yüklərin görmükdən keçməsi daha uzun vaxt aparır. Belə demək mümkündürsə, insanların gediş-gəlişi asanlaşıb, ancaq yüklərin keçidi çətinləşib. Çünki əvvəl brokerlər yüklərin daha tez bir zamanda sənədləşib sərhəddən keçməsinə şərait yaradırdılar”.

A.Nəsirli hesab edir ki, bütün sahələrdə monopoliyanı ləğv etmək lazımdır: “İqtisadiyyatın bir hissəsini monopoliyadan xilas edib, bir hissəsini saxlamaq mümkün deyil. Gərək işlər kompleks şəkildə aparılsın. Çünki gömrük iqtisadi sərhəddir. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatı idxaldan asılıdır. Burada gömrük əsas rol oynayır. Amma digər sahələrlə də bağlıdır. Əgər gömrükdə monopoliyanı ləğv edib, digərlərindən saxlasalar, yenə də problemlər yaşanacaq. Ona görə də hesab edirəm ki, bu məsələ köklü şəkildə həll olunmalıdır”.

Vilayət Muxtar

Tarix: 5-06-2018, 21:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}