Valyutanı Azərbaycandan kimlər niyə çıxarır? – “Gəlirimiz azalıb, xərcimiz artıb”


Valyutanı Azərbaycandan kimlər niyə çıxarır? – “Gəlirimiz azalıb, xərcimiz artıb”

Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin 6 ayı üzrə tədiyyə balansını açıqlayıb.
Məlumatda göstərilir ki, 2020-ci ilin 6 ayı üzrə tədiyə balansının ümumi saldosunda 957,5 milyon dollar kəsir yaranıb. Ötən ilin eyni dövründə tədiyə balansında 3 milyard 635 milyon dollar profisit yaranmışdı.
Yəni ölkədən çıxan valyuta hazırda daxil olandan daha çoxdur. Bu isə özlüyündə ciddi iqtisadi təlatümlərə gətirib çıxarıb.
Söhbət ölkədə valyuta qıtlığının yaranmasından və bunun məntiqi nəticəsi olaraq manatın dayanıqlığını itirməsindən gedir. Dollar-manat münasibətlərində sabitlik hökm sürsə də, avro və digər valyutalarla qarşı manat son aylarda kəskin dəyər itirib.
Bəs hökumət bu problemi necə həll etməlidir?
Bir müddət əvvəl Dövlət Gömrak Komitəsi (DGK) ictimai narazılıqla müşayət olunan qərar verdi və xaricdən gətirilən malların rüsumsuz keçirilməsinə icazə verilən hissəsi 1000 dollardan 300 dollara qədər endirildi. Bu, Komitə tərəfindən fərqli formada təqdim olunsa da, sonradan mütəxəssislərin verdiyi izahatla məlum oldu ki, DGK-nin məqsədi əlavə gəlir əldə etməkdir.
Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, ölkədən çıxan valyuta artmayıb, daxil olan azalıb:
“Ölkəyə xarici valyuta əsasən neft və qaz satışından gəlir. Neft və qaz qiymətlərinin düşməsi ilə əlaqədar təbii ki, daha az valyuta daxil olub. Amma bizim xərcimiz isə elə əvvəlki kimidir. Biz xaricdən müxtəlif ərzaq və mallar alırıq. Orada isə heç bir dəyişiklik yoxdur. Onların da qiyməti dəyişməzdir. Əsas səbəb budur. Təbii ki, insanlar yenə də əvvəlki kimi xaricə pul çıxarmağa cəhd edirlər. Bu məsələlər də var, amma əsas səbəb bu deyil”.
Gömrük Komitəsinin qərarına gəlincə, Əkrəm Həsənov qeyd edib ki, bu addım xaricdən az mal gətirilməsi üçün deyildi:
“Bu qərarın məqsədi büdcəni doldurmaqdır. Gömrük Komitəsi bu qərarla deyirdi ki, siz xaricdən mal gətirin, biz də buna görə sizdən daha çox rüsum tutaq. Biz idxaldan çox asılı ölkəyik. Biz nə istehsal edirik? Hətta ərzağı da əksər hallarda xaricdən alırıq”.
Vilayət Muxtar
Tarix: 15-09-2020, 21:44




Xəbər lenti