Tərtər rayonunun Qaradağlı kəndində şəhidin xatirəsinə inşa olunmuş bulağın açılışı olub


Tərtər rayonunun Qaradağlı kəndindən olan, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, 1998-ci il təvəllüdlü Hüseynov Aslan Malik oğlunun xatirəsinə inşa edilən bulağın açılış olub.
Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Aslan Hüseynovun qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Rayon rəhbəri bildirib ki, Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Milli Məclisin deputatı Sahib Aliyev çıxış edərək Vətən müharibəsində Milli Ordumuzun göstərdiyi döyüş şücaətindən, xalq-iqtidar-ordu birliyindən danışaraq, Azərbaycan əsgərinin məğlubedilməzliyini, qalib əsgər olduğunu dilə gətirib.
Tədbirdə digər çıxış edənlər Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyətindən danışaraq, şərəfli döyüş yolu keçən və Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Aslan Hüseynov və onun kimi oğullarımızın xatirəsinin heç vaxt unudulmayacağını bildiriblər.
Şəhidin atası Malik Hüseynov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Sonra şəhidin övladlarının və məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib.
Qeyd edək ki, şəhid Hüseynov Aslan Malik oğlu Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan bayrağı” ordeni və “Vətən Uğrunda” medalı və ilə təltif edilib.
Tarix: 28-09-2021, 15:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}