“Manatın alıcılıq qabiliyyəti düşür, sonra məzənnəsi düşəcək, ölkədə yoxsulluq səviyyəsi kəskin artacaq” - PROQNOZ


“Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev deyib ki, Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var”. Yaxşı, 2022-ci ildə sabit saxladınız, tutaq ki, 2023-cü ilədə də saxlaya bildiniz, bəs sonra?! Eyni səhvi 2005-2015-ci illərdə etdiniz, sabit məzənnə rejimi ilə 10 il ölkə yaşadı, sonra nə oldu?! Əvvəl sabit məzənnəni qorumaq üçün bir ildə 12 milyard dollar xərclədiniz, sonra gördünüz mümkün deyil, 3 addımlı devalvasiyaya getdiniz, manatı dollara qarşı əvvəl 1.05, sonra 1.55, ən son isə 1.70 manat təyin etdiniz. İndi də 4 ildən çoxdur ki, sabit məzənnə rejimi ilə gedirsiz, məzənnə dəyişmir, amma manatın alıcılıq qabiliyyəti ölür, bu ən azı elə devalvasiya qədər təhlükəli prosesdir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
 
N.Cəfərli qeyd edib ki, Azərbaycan hökuməti statistikanı da, məzənnəni də siyasiləşdirib, manatın məzənnəsini siyasi sabitlik simvoluna çevirib, yenə eyni səhvi edirlər, 2005-2015-ci illərdə dərs olmadı bu hökumətə, amma indiki proses daha təhlükəlidir – manatın alıcılıq qabiliyyəti düşür, bir müddət sonra da məzənnəsi düşəcək, bu zaman ölkədə yoxsulluq səviyyəsi kəskin artacaq: “Qalstuklu müəllimlər anlamırlar ki, məzənnə  sadəcə iqtisadi göstəricilərdən biridir, məzənnə siyasəti ölkənin iqtisadi siyasətinin tərkib hissəsində olmalıdır, ayrıca bir simvol kimi dəyərləndirilə bilməz. Mən başa düşürəm ki, indiki primitiv “boru iqtisadiyyatı” modeli üzən məzənnəyə keçmək üçün yararlı deyil, hətta Elman Rüstəmov 2015-2017-ci illərdə, “biz üzən məzənnəyə keçmişik-keçirik-keçəcəyik”, deyirdi, sonra bu termini yadına da salmadı, çünki üzən məzənnə normal bazar iqtisadiyyatı institutları olan ölkədə mümkündür, gərək valyuta qazanan minlərlə şirkət olsun, bazara onlar qazındıqları valyutanı çıxarıb manata çevirsinlər, həmin manatla maaş-vergi ödəsinlər, məhz bu zaman normal məzənnə siyasətini qurmaq mümkündür. İndi isə bizdə manat “kağız neftdir”, ancaq bir amildən asılıdır, hökumətin isə iqtisadi modeli yoxdur deyə məzənnəni sabitlik simvoluna çevirib buna sitayiş edirlər. Sabitlik isə institutsional anlayışdır, qanunun aliliyi ilə ölçülür, iqtisadi instututlarla ayaqda qalır, bizdəki sabitlik isə “borudan” asılıb sallanır...”
Tarix: 9-12-2021, 15:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}