Yuyucu tozlar ailə büdcəsini “təmizləyir”- bu məhsulları kim bahalaşdırır?

Yuyucu tozlar ailə büdcəsini “təmizləyir”- bu məhsulları kim bahalaşdırır?

 

Yerli istehsal səmərəsiz hesab olunur; hökumət daxili bazarda qiymətləri nəzarətdə saxlamalıdır

Ötən ildən başlayaraq Azərbaycanda yalnız ərzağın deyil, qeyri-qida məhsullarının qiymətində də artım müşahidə olunur. Şəxsi gigiyena məhsulları arasında daha çox sintetik yuyucu vasitələrin, sabun və diş pastalarının, qabyuyan mayelərin, antiperspirantların qiymətində qeydə alınan bahalaşma ərzaq məhsulları ilə müqayisədə daha artıqdır. Belə ki, ərzaq və digər məhsulların qiyməti qəpik-qəpik artdığı halda, yuyucu vasitələrin qiyməti bir neçə manat birdən bahalaşır.
Şəxsi gigiyena vasitələri, yuyucu vasitələri kimi gündəlik tələbat mallarının əhalinin istehlakında mühüm yer tutduğunu nəzərə alsaq, bu məhsulların bahalaşmasının ailə büdcələrinə nə qədər böyük zərər vurduğunu təsəvvür etmək mümkündür. Xüsusilə Ukraynada müharibə başladıqdan sonra enerjidaşıyıcılarının, xammalın qiymətlərinin sürətlə bahalaşması fonunda bütün dünyada  şəxsi gigiyena vasitələri və yuyucu vasitələrin qiymət artımı müşahidə olunur. Lakin həmişə olduğu kimi, bu məhsullar üzrə də bahalaşma bütün region ölkələri arasında Azərbaycanda daha yüksək sürətlə gedir. Məsələn, Azərbaycanda çox məşhur olan “Ariel” yuyucu tozlarının qiyməti üzrə Gürcüstan, Qazaxıstan və Türkiyədən 20 faizə yaxın “irəlidəyik”. 
Bu ilin əvvəlindən bəri yuyucu və şəxsi gigiyenik vasitələr Dövlət Statistika Komitəsinin hesabatlarında ən çox bahalaşan məhsullar sırasında özünə yer edib.
Aydın məsələdir ki, şəxsi gigiyena vasitələri və yuyucu vasitələrin Azərbaycanda böyük istehsalı yoxdur və bu məhsulların mühüm hissəsi ölkəmizə xaricdən idxal olunur. Rəsmi statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda cəmi 1673.5 ton, bu ilin birinci yarısında isə 525 ton yuyucu maddələr istehsal olunub. Bu, ölkə üzrə istehlakın 5-7 faizi deməkdir. Qalan hissə xaricdən idxal edilir. Rəsmi hesablamalar göstərir ki, bu ilin 8 ayında üzvi səthi-aktiv maddələr (sabundan başqa); səthi-aktiv vasitələr, yuyucu vasitələr və tərkibində sabun olan və ya olmayan təmizləyici vasitələrin idxalı 45 milyon 341,82 min dollar dəyərlə 45847,52 ton təşkil edib.

Bu zaman pərakəndə satış üçün qablaşdırılmış səthi-aktiv və yuyucu-təmizləyici vasitələrin idxalı (sabundan başqa) 19 milyon 52,13 min dollar dəyərlə 20 300,88 ton(12 milyon 471,65 min dollarlıq 14 473,49 tonu Türkiyədən, 4 milyon 39,69 min dollarlıq 3 228,43 tonu Rusiyadan, 778,78 min dollarlıq 1837,24 tonu İraqdan), pərakəndə satış üçün qablaşdırılmış vasitələr idxalı 13 milyon 884,64 min dollar dəyərlə 14 488,81 ton (9  milyon 951,07 min dollarlıq 10541,17 tonu Türkiyədən, 2 milyon 263,59 min dollarlıq 1611,95 tonu Rusiyadan, 804,18 min dollarlıq 1859,95 tonu İraqdan), digər səthi-aktiv və yuyucu-təmizləyici vasitələr 9 milyon 468,21 min dollar dəyərlə 8 944,83 ton (3 milyon 413,43 min dollarlıq 2920,8 tonu Türkiyədən, 1 milyon 775,3 min dollarlıq 4259,05 tonu İraqdan) təşkil edib. Çox maraqlıdır ki, 2019-cu ilədək bu məhsullar üzrə idxalımızda İraq ilk onluqda belə olmayıb.
Şəxsi gigiyena vasitələri, sabunu da əlavə etdikdə, 1 il ərzində Azərbaycanın belə məhsullar üçün 100 milyon dollara yaxın vəsait xərclədiyini görərik. Ümumiyyətlə, dünyada belə məhsulların bazarı sürətlə böyüyür. 2019-cu ildə dünya yuyucu toz bazarının həcmi 120 milyard dollara yaxın olub. Bunun 100 milyard dolları paltar  üçün istifadə edilən yuyucu tozların payıdır. Proqnozlara görə, 2026-cı ilədək yuyucu toz bazarı 180 milyard dolları ötəcək
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sifarişi ilə SATGROUP tərəfindən həyata keçirilən  bazar araşdırması maraqlı nəticələr ortaya çıxarıb. “Kimyəvi yuyucu vasitələrin istehsalı (paltar və qab üçün)” adlı daxili bazar araşdırmasının nəticələrinə görə, Azərbaycanda ümumilikdə, əsas yuyucu maddələrə olan tələbat artmaqdadır və il ərzində artım 7-10 faiz səviyyəsində müşahidə olunur. Azərbaycan bazarının yuyucu maddələrin idxalından asılılığı olduqca böyükdür və tələbatın 94 faizi idxal olunan mallar hesabına ödənilir. İdxaldan asılılıq səviyyəsinin yüksək olması yerli istehsal üçün kifayət qədər böyük potensial yaradır.
Lakin uzun illərdir Azərbaycanda bu məhsulların yerli istehsalını qurmaq mümkün olmur. 2000-ci ildən indiyədək dəfələrlə xarici şirkətlərin Azərbaycanda yuyucu vasitələr istehsalı müəssisəsi quracağına dair məlumatlar açıqlansa da, bu, reallaşmayıb.
Hazırda ölkəmizdə iki yerli yuyucu vasitə istehsalçısı var. Sumqayıt şəhərində yerləşən müəssisənin əsas məhsulu “Payt” yuyucu tozu və yuyucu mayesidir. Şirkət artıq 7 ildir fəaliyyətdədir və 2019-cu ildən bir sıra ixrac əməliyyatlarını həyata keçirir.
“Büllur” qabyuyan mayenin istehsalçısı isə “Zaman LTD” şirkətidir, müəssisə Xırdalanda yerləşir. Bu iki müəssisə ölkənin tələbatını ödəyə biləcək potensiala malik deyil. Bu müəssisələrdən əlavə zaman-zaman Azərbaycanda saxta yuyucu vasitələr istehsal edən sexlər aşkarlanır. Ən son belə sexlər 2019-cu ildə aşkarlanıb. Məlum olub ki, Bakıda, Gəncədə, Sumqayıtda ən məşhur yuyucu vasitə, şəxsi gigiyenik vasitələr istehsal edən şirkətlərin Azərbaycanda tanınmış markaları adı altında bazara külli miqdarda saxta vasitələr buraxılıb. Son 3 ildə hansısa belə faktın aşkarlanmasına dair məlumat açıqlanmayıb. Lakin bu, saxta məhsulların bazardan tam yığışdığının göstəricisi deyil.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə, ölkədə kifayət qədər sertifikatlaşdırılmamış yuyucu vasitə mövcuddur. Bir çox məhsullar xarici brend adı altında əsasən Sumqayıt şəhərində və qismən bölqələrdə istehsal olunur. Ekspert bildirir ki, saxta yuyucu vasitələr arasında “Tide”, “Ariel”, “Calgon”, “Alafran” və digər məhsullara rast gəlinir. Belə məhsullar yuyucu vasitə bazarının təxminən 30 faizini təşkil edir: “Yuyucu vasitələrin keyfiyyətsizliyi ilə bağlı hər gün AİB-ə zənglər olunur. Saxta məhsul istehsal edən şəxslər əsasən aşağı keyfiyyətli yuyucu vasitə alaraq onlara 3 pay duz qatır, bir pay isə həmin vasitəni qatırlar. Sonra adını çəkdiyim şirkətlərin qablarına doldurub əhaliyə satırlar”.
Yuxarıda qeyd etdiyimiz araşdırmanın müəllifləri bildirirlər ki, yuyucu və şəxsi gigiyenik vasitələr istehsalı sahəsində dünya nəhəngləri olan “Henkel” və “Procter&Gamble” şirkətləri istehlak bazarı baxımından Azərbaycan bazarını MDB ölkələri sırasında 6-cı yerdə görürlər (Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və Belarusdan sonra). Belə qiymətləndirmə əhali sayına əsaslanır: “Belə ki, beynəlxalq şirkətlərin heç biri hal-hazırda və yaxın 5 il ərzində Azərbaycanda istehsal təşkil etmək planların olmadığını bildirib”.
2019-cu ildə Türkiyənin ABC şirkəti Azərbaycanda istehsal təşkil etmək planlarını açıqlamışdı. Şirkət Azərbaycan üzərindən MDB ölkələri bazarına daxil olmaq niyyətində idi. Lakin bu plan da reallaşmamış qaldı.
Araşdırmanın nəticəsi göstərir ki, Azərbaycanda yuyucu vasitələrin satışı bazarının müəyyən inkişaf potensialı var. “Henkel” və “Procter&Gamble” şirkətlərinin marketinq mütəxəssislərinin fikrincə, bazar ildə 3-5 faiz arasında artım göstərir və bu tendensiya yaxın 10 ildə dəyişməz qalacaq. Lakin ekspertlərin fikrincə, bazarın ümumi həcminə külli miqdarda sərmayə yatırmaq və yalnız daxili bazarı hədəfləmək tamamilə yanlış bir strategiya olar: “Qonşu Gürcüstanda bir neçə dəfə belə cəhdlər olub və uğursuzluqla nəticələnib. "Procter&Gamble" şirkətindən bildiriblər ki, hər hansı bir istehsalatın lokallaşdırılması üçün şirkətin hədəf bazarı ən azından 50 milyon istehlakçı olmalıdır. Bu səbəbdən MDB üzrə əsas yuyucu vasitə istehsalat müəssis ələri Rusiya və Ukraynada yerləşdirilib”.

Araşdırmaçılara danışan yerli ekspertlər də hesab edirlər ki, Azərbaycanda böyük istehsal həcmlərinə hesablanmış yuyucu vasitə istehsalı müəssisəsinə vəsait yatırmaq səmərəli olmayacaq. Çünki belə vasitələrin istehsalı üçün zəruri olan əsas xammalların hamısı xaricdən idxal olunmalıdır: Azərbaycanda onları istehsal edəcək texnologiyalar mövsud deyil. Bu isə ona gətirib çıxaracaq ki, yerli istehsalçının məhsulu böyük brendlərdən 25-30 faiz baha olacaq. Belə olduqda isə yerli məhsulun bazarda yer tutması, demək olar ki, mümkünsüzdür. Qonşu Gürcüstanda son illərdə 3 dəfə yuyucu vasitələrin geniş istehsalını təşkil etmək cəhdi olsa da, heç biri uğurla nəticələnməyib.
“Henkel” şirkətinin Şərqi Avropa və MDB ölkələri biznesin inkişafı üzrə direktoru Hanz Miller bildirib ki, onun təcrübəsinə görə, Azərbaycanda yuyucu vasitələr istehsalı yalnız kiçik həcmli, lakin eksklüziv (ekoloji təmiz, premium səviyyəli və sair), keyfiyyət üstünlükləri olan məhsullardan ibarət ola bilər. Belə məhsullar isə həmişə bahalığı ilə seçilir. Bu baxımdan, onların Azərbaycanda satış bazarının böyük olacağı real deyil. Bu isə investorun mütləq xaricə ixracı hədəfləməsini zəruri edir.
Beləliklə, aydın olur ki, Azərbaycanda əsas istehlakçı qrupunun cibinə uyğun yuyucu və gigiyenik vasitələrin yerli istehsalını qurmaq demək olar ki, mümkünsüzdür. Belə istehsal yalnız dövlətin subsidiyalaşdırması yolu ilə yaradıla bilər. Belarus təcrübəsi göstərir ki, əhali sayı az olan  ölkələrdə belə istehsal daim dövlətdən maliyyə dəstəyi almalıdır. Azərbaycan hökumətinin yaxınmüddəti dövrdə belə istehsalı subsidiyalaşdıracağı real görünmür. Bu halda, hökumətin üzərinə düşən əsas vəzifə idxal məhsullarının qiymətini nəzarətdə saxlamaqla onların əsassız bahalaşmasının qarşısını almaq ola bilər...“Yeni Müsavat”
Tarix: 23-09-2022, 09:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}