Lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək? – “Azərbaycanın aldığı mallar ucuzlaşacaq, ancaq...”



“Türkiyə hökuməti ucuz pul siyasəti aparır və bu ucuzlaşmanı problem olaraq görmür”
Seçkilərdən sonra Türkiyənin milli valyutası ABŞ dolları qarşısında dəyər itirməyə davam edir. Mayın 28-dən bugünədək lirə dollara nisbətdə təxminən 16 faiz dəyər itirib. Hazırkı məzənnəyə görə, 1 dollar təxminən 23,52 Türk lirəsinə bərabərdir.
Xatırladaq ki, 2022-ci ilə qədər müəyyən artım və azalma ilə müşahidə edilən lirənin dollara nisbətdə səviyyəsi 2021-ci ilin dekabr ayında 18 lirədan 11 lirəyə enmişdi. 2022-ci ili 13 lirədən başlayan milli valyuta həmin ilin mayınadək daha 12,3 % ucuzlaşıb. Daha sonra il ərzində məzənnə uzun müddət 18-19 lirə aralığında sabitləşdi. 2023-cü ildə isə lirə dollar qarşısında təkrar dəyər itirməyə başladı.
Bəzi proqnozlara görə, bu ucuzlaşma 2023-cü ilin sonuna qədər davam edəcək və ilin sonunda 1 dollar 28-30 Türk lirəsinə bərabər olacaq.
Bu barədə “Commerzbank” 2023-cü il üçün il sonu gözləntisini 30 olaraq açıqlayıb.
Amerikanın investisiya bankı olan “Morgan Stanley” də iddia edir ki, seçkilərdən sonrs Türkiyə hökuməti indiki aşağı faiz siyasətinə sadiq qalarsa, Türk lirəsinin dollar qarşısında 29 faiz dəyər itirməsi riski var.
Ekspertlər hesab edir ki, Türkiyənin pul siyasətində dəyişiklik edilməzsə, dollar qısa müddətdə 26 TL-yə qədər, ilin sonuna kimi isə 28 TL-yə qədər bahalaşa bilər.
Bəs mövcud hal Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Bu barədə iqtisadçı ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində qeyd edib ki, mövcud vəziyyətin Azərbaycan iqtisadiyyatına təsirini anlamaq üçün iki ölkə arasındakı ticarət dövriyyəsinə baxmaq lazımdır: “2023-cü ilinin son məlumatlarına görə, Azərbaycanın ümumi ticarət dövriyyəsində Türkiyənin payı 13,8 faizdir. Xarici ticarət dövriyyəsində Türkiyə üzrə ixracın həcmi 13,7 faiz, idxalın həcmi isə 14 faiz təşkil edir.
Digər tərəfdən, qeyri-neft ixracında Türkiyənin payı 30 faizdən artıqdır. Bu baxımdan, Türk lirəsinin ucuzlaşması, Türkiyədə ixracın ucuzlaşmasına, idxalın isə bahalaşmasına səbəb olur. Başqa bir deyimlə lirənin kəskin ucuzlaşması Azərbaycanın aldığı malların manata nisbətdə ucuzlaşmasına səbəb olacaq. Düşünürəm ki, bu, hazırkı inflyasiya dövründə yaxşı bir xəbərdir. Bu zaman manatın stabil qaldığı bir dönəmdə inflyasiya bir qədər aşağı düşə bilər”.
Ekspert mövcud vəziyyyətin qısamüddətli dönəm üçün effektiv olduğunu vurğulayır:“Bir müddət sonra türk şirkətləri öz məhsullarının qiymətini bahalaşdırırlar. Ona görə də mövcud vəziyyət daha çox yüksələn qiymətlə, ucuzlaşan məzənnə arasında yaranan fərqdən asılı olur. Məsələn, məzənnə çox ucuzlaşırsa, qiymətlər az artırsa sonrakı dönəmdə idxalçılar bu ucuzlaşmadan faydalana bilərlər. Amma bu zaman ixrac üçün də əksinə əlverişsiz bir vəziyyət yaranır. Qiymətlər bahalaşır ki, bu da türk idxalçıları və Azərbaycandan olan ixracatçılar üçün əlavə problemlər deməkdir”.
“Bu cür vəziyyət milli məzənnəyə də təsir edir. Türkiyənin ticarətimizdəki payı və Azərbaycanda manatın real effektiv məzənnəsinin hesablanması zamanı xüsusi çəkiyə malik olması manatın real effektiv məzənnəsini artırır. Bu da manatın məzənnəsinə neqativ təsir edən amildir. Bu, idxal üçün yaxşı xəbər, ixrac üçün isə pis xəbərdir. Mövcud vəziyyət Azərbaycan məhsullarının bahalaşması, Azərbaycan idxalçılarının aldığı məhsulların isə ucuzlaşması anlamına gəlir. Belə olan halda isə yerli istehsalçıların rəqabət gücü aşağı düşür. Amma lirənin ucuzlaşmasının məzənnəyə birbaşa təsiri yoxdur. Çünki Mərkəzi Bank valyuta bazarındakı digər məsələləri nəzərə alaraq, manatı dollara fiksə edir. Həmçinin, hazırda ölkəyə dolların girişi çox olduğuna və ümumi ixrac idxalı üstələdiyinə görə, hələlik belə bir problem gözlənilmir”,- deyə ekspert bildirib.
Ekspertin sözlərinə görə, lirə bundan sonrakı dönəmdə ucuzlaşa, hətta qeyd olunan həddi belə keçə bilər: “Hazırda lirənin daha da ucuzlaşa biləcəyi ilə bağlı müxtəlif proqnozlar verilir. Lirə qeyd olunduğu kimi, 30 ola bilər. Amma bunun hansı tarixdə olacağı məlum deyil. Lakin 2023-cü ilin sonuna kimi, lirənin 10-15 faiz daha ucuzlaşacağı gözlənilir. Türkiyə hökuməti ucuz pul siyasəti aparır və bu ucuzlaşmanı problem olaraq görmür deyə, lirə daha da ucuzlaşa, hətta qeyd olunan həddi belə keçə bilər”.
Tarix: 10-06-2023, 10:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}