MÜHARİBƏNİN DƏ DƏYİŞƏ BİLMƏDİYİ “RUSBAŞLAR”... - Şəhid atasının, qazinin ödədiyi vergi ilə rus məktəbləri saxlanmalıdırmı?



Bir neçə gün əvvəl İrəvan metropolitenindən rus dilində lövhələrin yığışdırılması haqda məlumat yayıldı və hətta bu barədə Rusiyanın Ermənistandakı səfirinə sual da verildi. Səfirsə “məsələni öyrənmək üçün vaxt lazım olduğunu” deyərək, sualdan yayındı. İrəvanda rus dilinin getdikcə tamamilə sıxışdırılması fonunda istər-istəməz Rusiyadan Ermənistan qədər asılı olmayan Azərbaycanda bu dilə münasibət məsələsi barədə düşünməli oluruq...
Onsuz da Ermənistanda özlərindən başqa heç kimi görmək istəməyən ermənilər ölkədə rus dilinin son “izlərini” də silib atmaqla məşğuldurlar. Baxmayaraq ki, Rusiya hər zaman və xüsusilə də son 44 günlük müharibədə ermənilərə və Ermənistana sözün əsl mənasında atalıq etdi, onu qorudu, onun boğazını Azərbaycan əsgərinin əlindən zorla dartıb aldı...

Ancaq Ermənistandan fərqli olaraq, Azərbaycanda rus dili yenə də “elitar statusunu” qoruyur, rus dilində təhsil verən ali məktəblər, yüzlərlə orta məktəb və hələ də uşaqlarını bəh-bəhlə bu məktəblərə göndərən çoxlu sayda həmvətənlərimiz var. Eyni zamanda, rus dili yenə də “elita”nın əsas ünsiyyət vasitəsi olaraq qalır. Özü də buna nə müharibə, nə Rusiyanın açıq anti-Azərbaycan mövqeyi və addımları nə də başqa bir şey təsir etmir...
Azərbaycanda bir “rusdilli auditoriya” adı verilən toplum var və buraya deputatlardan tutmuş iri ranqlı məmurlara, politoloqlardan tutmuş incəsənət, elm adamlarına qədər xeyli vətəndaşımız daxildir. Qəribədir ki, bu toplum heç cür azərbaycandilli auditoriyaya çevrilmək istəmir. Özü rusdilli olduğu kimi, övladlarını, hətta nəvələrini də rus dilində təhsilə, rus ədəbiyyatına, incəsənətinə və s. yönəldir bu adamlar. Müstəqillik qazanandan bu yana dəfələrlə bu mövzu müxtəlif səviyyələrdə ziyalılar, siyasətçilər və s. tərəfindən qaldırılsa da, dəyişən bir şey yoxdur.
Dövlətin bu sahədə yaratdığı boşluq isə bəzən zəiflik, Rusiya qarşısında yaxşı görünmək cəhdi kimi qəbul olunub. Lakin şimal qonşumuzun 44 günlük müharibə və ondan sonrakı dövrdə davranışları göstərdi ki, bütün bunlar Rusiyanın regiondakı maraqları təhlükə altına düşən anda heç bir rol oynamır. İstəsəniz rus dilini dövlət dili elan edib, bütün məktəbləri rus dilində təhsilə keçirsəniz belə, xeyri yoxdur, bu, heç nəyi dəyişməyəcək!
Təbii ki, rus dilini, ədəbiyyatını, tarixini və s. öyrənməyi, rus dilində danışmağı qadağan etmək kimi fikri kimsə ağlına gətirmir. Lakin bu dilə gündəlik həyatımızda bu qədər sıx-sıx rast gəlinməsi müstəqil bir ölkəyə, topluma, cəmiyyətə yaraşan hal deyil. Bunun nəticəsidir ki, küçəsdə, sosial şəbəkələrdə, hətta televiziyalarda Azərbaycan dilində az qala erməni ləhcəsində danışan “rusdillilərə” sıx-sıx rast gəlirik.
Bu adamlar rus dilində bülbül kimi ötdükləri, sosial şəbəkələrdə rus dilində səhvsiz paylaşımlar, şərhlər yazdıqları halda, Azərbaycan dilində məcburiyyət qarşısında danışmalı, yazmalı olanda ortaya eybəcər, necə deyərlər “moltanı dilində” bir şey çıxır. 

Bizim dildə yazdıqları statuslarda, şərhlərdə nəinki hər cümlədə, hər sözdə 5-6 hərif, durğu işarəsi səhvi olur. Məsələn, Artur Rasizadə, Rasim Musabəyov, Elmar Məmmədyarov, yaxud olsun Tofiq Zülfüqarov və digərləri. Guya bu adamların indiyə qədər öz ana dillərində səlis danışıb-yazmağı öyrənmələri üçün nələri çatışmayıb – vaxtlarımı, savadlarımı, yoxsa nə? Əlbəttə ki, öz dilinə, millətinə, vətəninə saymazyana münasibətdən başqa heç nə!
Digər yandan, əgər rusdilli olmaq bilik, mədəniyyət, müasirlik, dürüstlük - bir sözlə, necə deyərlər, ”səviyyə” göstəricisidirsə, gərək onda məsələn, Elmar Məmmədyarov rus dilində “hırla-zırı qanmayan” bəzi yekəqarın, rüşvətxor icra başçılarından bir pillə yüksəkdə duraydı. Ancaq yox, təkcə ABŞ-dakı dəyəri milyonlarla ölçülən mənzilləri, varidatı, XİN-dəki korrupsiya cinayətləri üzə çıxandan sonra məlum oldu ki, o da elə həmin korrupsionerlərin, oğruların Azərbaycan dilində danışa bilməyən bir variantıdır, vəssalam!...

Bütün bunlarla yanaşı, demirik ki, rus dilində təhsil, kitab və s. olmasın. Sadəcə, bu dil də bütün xarici dillərlə eyni statusa malik olmalıdır, necə ki, rəsmən belədir, qanunda belə yazılıb (Amma həyatda, reallıqda başqa cürdür-C.M.). Bu dildə təhsil almaq istəyənsə buyurub pulunu ödəyib özü, yaxud övladı özəl kurslara yollansın. 
Axı, erməninin rusa arxalanaraq, ondan müftə aldığı silahla şəhid etdiyi Azərbaycan əsgərinin atasının, qardaşının, qohum-əqrabasının dövlətə ödədiyi vergi ilə rus məktəblərini saxlamaq, onlarda havayı tədris vermək nə dərəcədə doğrudur? Əgər bu qeyd etdiklərimiz millətçilik sayılırsa, qoy sayılsın...
Təbii ki, bütün bunlarla qeyd etdiyimiz insanları düşmən, xain sifətində təqdim etməkdən çox-çox uzağıq. Ancaq özünə, öz dilinə, xalqına, adət-ənənəsinə hörmət qoymayan, ona yuxarıdan aşağı baxan “rusdilli auditoriya”nın bir çox yüksək vəzifəli nümayəndələrinin ölkədəki “5-ci kolon”un formalaşmasında oynadığı rolu da unutmayaq.

Bizdə bəzən əcaib mənzərə ilə qarşılaşırsan – hansısa azərbaycanlı Azərbaycan dilində danışa bilən və danışmaq istəyən yerli rus əsilli həmvətənimizlə zorla rus dilində danışmağa çalışır. Dünyanın heç yerində belə bir şeyə rast gəlməzsiniz.
Pribaltikada, yaxud Gürcüstanda rus dilini bilmirlər? Əlbəttə ki, bilirlər. Ancaq onları bir-birilə rus dilində danışan, öz həmvətənləri üçün rus dilində paylaşımlar edən görməzsiniz. Görsəniz də mütləq əvvəlcə bunu öz dillərində, daha sonra rus dilndə edərlər.
Ümumiyyətlə, bu keçmiş SSRİ respublikalarında bizdəki kimi “rusdilli auditoriya” demək olar ki, 5-ci, hətta 10-cu plana keçib. Onların vətəndaşları isə uzağı ölkəyə gələn qonaqlarla, turistlərlə rus dilində ünsiyyət qurarlar, o da kefləri istəsə. Bəs, niyə, nədən biz belə deyilik? Sanki bizdə bir natamamlıq kompleksi var və təəssüf ki, hətta 44 günlük müharibədəki möhtəşəm qələbəmiz də bu kompleksə az təsir edib...
Nə bəladırsa, rusdilli olub, eyni zamanda gerçəkdən Azərbaycan təəsübkeşi, daxilən Azərbaycanı qanı, canı ilə sevən, ona sadiq olan adamlara hər deyən rast gəlmək olmur – məsələn, mərhum Hikmət Hacızadə, yaxud Ziya Bünyadov kimi. Təəssüf ki, belələri çox deyil.
Təcrübə göstərir ki, böyük əksəriyyət danışdığı dilə uyğun mənəviyyata, dünyagörüşünə, xalq, vətən, torpaq anlayışına malikdir. Bu, şüuraltı yaranan bir yanaşmadır və onu dəyişmək demək olar ki, qeyri-mümkündür.
Müharibə, bu müharibədəki itkilərimiz, düşmənimizin arxasında duran və qələbəmizi tam mənada yaşamağa, Qarabağ məsələsini birdəfəlik həll etməyə imkan verməyən qüvvənin kimliyinin açıq-aşkar üzə çıxması, Qarabağa sülhməramlı adı altında yerləşdirilən, ancaq özünü həmin ərazinin sahibi, ağası, bir sözlə işğalçı kimi aparan ordu, ərazimizə kütləvi qırğına səbəb ola biləcək “İskəndər-M”-in atılmasında şimal qonşumuzun “xidmətləri”, gecə gündüz Rusiya telekanallarında, ali idarəetmə orqanlarında, parlamentində Azərbaycan əleyhinə yürüdülən təbliğat, bəzən xalqımızın aşağılanmasına yönələn çıxışlar, iftiralar, böhtanlar, təhqirlər, əvəzində açıq ermənipərəstlik, tarixən azərbaycanlılara qarşı törədilən qırğınlarda ermənilərə verilən dəstək, Xocalı qətliamında 366-cı alayın rolu, 20 yanvar hadisələri və sadalamadığımız daha nələr nələr...

Təəssüf ki, bütün bunalara baxmayaraq, hətta indiki vaxtda da Azərbaycanda “rusbaşlar” sarıdan qıtlıq, defisit yoxdur. Görəsən, daha nələr olmalı, bizə qarşı hansı pisliklər edilməlidir ki, dostumuzla qeyri-dostumuzu tanıya və dilimizə, deməli həm də milli kimliyimizə sahib çıxa bilək?Azpolitika

Tarix: 15-04-2021, 09:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}