Ölkənin idarəçilik yolu: doğum evindən qəbir evinə qədər rüşvət


Rüşvət Azərbaycanı bəd şiş kimi bürüyür. Roma dövründə Siseron yazırdı ki, bütün əyalətlər göz yaşı tökür, bütün xalqlar bizim hərislik və özbaşınalığımızdan şikayətçidir...
Necə də bütün Azərbaycanı təsvir edir, Siseron öz Roma imperiyasından danışarkən. 
...Ceyms Uilson və Corc Kellinqin bir empirik nəzəriyyəsi varıydı: əgər bir evdə bir pəncərənin şüşəsi sındırılarsa və yerinə yenisi salınmazsa, tezliklə həmin evdə bir dənə də sağlam pəncərə qalmayacaq, sonra soyğunçuluq başlayacaq. 
Azərbaycanda korrupsiya zənciri və aşağılarda metastaz verən rüşvətxorluq da bu nəzəriyyə əsasında formalaşıb. Ölkənin sındırılan pəncərə şüşələrinin yerinə təzəsi qoyulmadığı üçün hər yan alaçıqdır - doğum evindən məzar evinə qədər rüşvət, “görüm-baxım”, “hörmət”, bürokratiya, qanunsuz tələblər hökm sürür. 
Dünyada çətin ki hər şeyin pulla, rüşvətlə olduğu ikinci belə ölkə tapılsın. Yeni doğulan körpənin xəstəxana xərclərindən, bahalı müayinələrindən tutmuş dövlət bağçasına yerləşdirmək üçün direktora qabaqcadan pul verməyə, məktəbə gedəndə keyfiyyətsiz dərsin ucbatından repetitor yanına qoymağa, ali məktəbdə imtahandan kəsiləndə semestr qiymətləri üçün rüşvət tələb olunmasına qədər bir vətəndaş yetişdiririk.
Sonra bu vətəndaşdan cəmiyyətin bir layiqli nümayəndəsi, peşəkar və gözütox kadr olmasını gözləyirik. Xəmiri rüşvətlə yoğrulan dövlətdə hansı gənc normal karyera qura bilər?!
Atasının puluna ya da vəzifəsi hesabına gömrükdə, polisdə, prokurorluqda işə düzələn, oxumaqdan gözünün nuru getmiş gənclərə idarədə müdirlik edən, dədəsinin büdcədən oğurladığı milyonlarla alınmış avtomobil kolleksiyasından gündə birini sürən harın, bisavad Miranşahlar dövranıdır. 
Ölkənin korrupsiya bataqlığından çıxarmaq üçün 44 günlük müharibədəki “Dəmir yumruq” iradəsindən masaya vurulmasa, Azərbaycan belə gəlib, belə də gedəcək...
2018-ci ildən islahatlar kursu götürülən ölkədə son 3 ildə dəyişikliklərə baxaq: fiqurlar yenilənib, sistem eynidir. 
Yenə gömrükdə monopoliya və korrupsiya, yenə sosial müdafiə təminatında mənimsəmə, rüşvət, saxta əlillik, “6 ay sənin, 6 ay mənim” şərtilə müavinət, təhsil şöbələrində oturmuş oliqarx rəhəbrlər, icbari tibbi sığorta tətbiq edildiyi halda xəstəxanalarda bazar, rüşvət, bank sistemində yüksək faizlər, soyğunçuluq, vergi, maliyyə orqanlarında maxinasiyalar, bir sözlə, bütün orqanizmə xərçəng yayılıb.
İcra hakimiyyətləri, bələdiyyələr, Kənd Təsərrüfatı nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi hər biri rüşvət və korrupsiyanın vintciyinə, bir qoluna çevriliblər. Kimisi fermerə subsidiyanı verəndə başına oyun açır, kimisi qida təhlükəsizliyi adı ilə sahibkarın obyektini min bir bəhanə ilə cərimələyir, yəni ölkədə insanların rahat nəfəs almas üçün asan xidmət sistemi qurulmayıb. Hətta öləndə belə rüşvət verməlisən - qəbir yeri üçün.
Bu yerdə türk yazıçısı Səbahəddin Əlinin “Şüşə saray” hekayəsi yada düşür: “Və hamı gördü ki, möhkəmliyi və alınmazlığı haqda sonsuz nağıllar danışılan nəhəng saray əslində nə qədər kövrəkmiş...” 
Orada hadisələr xalqı itaətdə saxlayanların toplaşdığı sarayın bir şüşəsinin sındırılması ilə başlayır. Hakimiyyət xalqın dəstəyini qazanmaq istəyirsə, artan işsizlik, korrupsiya burulğanı fonunda gərginliyin dozasını azaltmağı hədəfləyirsə, korupsiya və rüşvət halları qanqrena kimi kəsilib atılmalıdır.
Baxın, ölkədə islahatlar aparıldığı elan olunur, bir yandan azğın icra başçıları həbs edilən həmkarlarından dərs çıxarmırlar, yenə özbaşınalıq hökm sürür. Koronavirus xəstələrindən rüşvət alaraq daha yaxşı palataya yerləşdirən baş həkimlər qandallanır, yenə xəstəxanalardan xoşagəlməz xəbərlər gəlməkdədir. Bu necə islahatdır ki, yarıtmaz, korupsioner keçmiş səhiyyə naziri Oqtay Şirəliyevlə “Yeni Klinika”nın həbs edilmiş gənc direktoru Pərviz Abbasov bir-birindən əməllərinə görə ciddi ölçüdə fərqlənmirlər?!
Çünki idarəetmə, sistem özü yoluxucudur, tək-tək məmur həbsləri bütövlükdə idarəçiliyə yanaşmanı dəyişə  bilməz. Hazırkı biabırçılıqlar, korrupsiya, adiləşmiş məmur cinayətləri, ifrat əsarət, yoxsulluq, hüquqsuzluq... - oyun qaydalarının məhək daşlarıdır. Onların daimiliyini qoruyub saxlayanlar elə “Şüşə saray” tərəfdarlarıdırlar. 
Onlar yırtıcı və talançı idarəçiliyin mövcudluğunda maraqlıdırlar ki, mütilik, ətalət davam eləsin. Yalnız bu yolla dövlətin sərvətlərini qarət etmək mümkündür. 2018-ci ildən islahatlar dərin və köklü şəkildə  həyata keçirilsəydi, biz qısa müddətdə ən azı Gürcüstan reallığına nail ola bilərdik. Halbuki Saakaşvili çox çevik və sürətli şəkildə bu reformları həyata keçirməklə, rüşvətin kökünü qazımaqla inqilab etmiş oldu. Ondan sonrakı hakimiyyət də bu yoldan imtina etmədi. 
Azərbaycanda isə təhsil, səhiyyə, aqrar sektor, məhkəmələr, bəli, xüsusən məhkəmələr rüşvətə bulaşıb. Hətta ASAN Xidmətə hansısa sahələrin verilməsi də böyük miqyasda rüşvətin  azalmasına ciddi səbəb olmadı. Təkcə bu dörd sahədə şəffaflıq təmin olunmasa ölkə dünyanın korrupsiya indeksində qabaqcıl mövqelərdən birini tutmaqda davam edəcək.
Anaxeber.info
Turan
Tarix: 7-06-2021, 11:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}