Qanunlara tutulan TOY - O məmurlar niyə Prezidentin yox, Mehdiyevin çağırışına getdilər?

    



Avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

Novxanıdakı bağ evində keçirilən toydan görüntülər də yayılıb.

Ramiz Mehdiyev xanımı ilə eyni masada əyləşir. Digər masalarda isə ictimai-siyasi xadimlər otururlar.

Onların arasında Yeni Azərbaycan Partiyasının rəhbərliyindən də bir neçə nəfər var. Məsələn, biri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov. Özü də tək deyil. Yanında həyat yoldaşı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əyləşib.

Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru, YAP funksioneri Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyir:

"Ramiz müəllim, sizin xidmətinizi biz böyük qiymətləndiririk. Çox böyük. Nəinki biz, biz kimik, xırda adamlarıq, xalqımız, millətimiz böyük qiymətləndirir".

Özünü xırda göstərib, xalqın adandan danışan A.Məhərrəmov unudur ki, xalq pandemiya ilə savaşdadır. Xalq işsizlikdən, pandemiyanın gətirdiyi ağır psixoloji durumdan əziyyət çəkir. Ölüsünü istədiyi kimi dəfn edə bilmir; 8 aydır övladına toy çaldırmır, xoş günlərini qeyd eləmir.

Demək ki, o toyda iştirak edən hər məmur, millət vəkili özünü xalqdan daha böyük sanır. "Biz kimik ki" tipli azaltmalar isə sırf özlərini daha böyük göstərməyə hesablanıb.

Sözdə böyük deyib, əməldə kiçiltdikləri xalqın bu toydan sonra haqlı sualları yaranıb. Sosial şəbəkələrə azca göz gəzdirsələr, görərlər bu sualları. Tək sualları yox, həm də sualların içindəki qəzəbi, nifrəti.

Məsələn, Ramiz Mehdiyev hökumətə meydan oxuyur?

Ölkədə toylar qadağan olunduğu halda YAP rəhbərliyinin təmsilçiləri nə gəzirlər orda?

Kafelərdə, restoranlarda ən xırda qüsurları bağışlamayan, hansısa rayonun ucqar kəndində xınayaxdı keçirənləri də tutub cərimələyən polis niyə bu dəfə qanunun tələbini yerinə yetirmir?

Niyə cərimələri müəyyənləşdirən hökumətin təmsilçiləri qanunların üstündə "Tərəkəmə" oynasalar da, cərimələnmirlər?

Qanunlarımız onlar üçün deyilsə, demək bu xalqdan deyillər. Bu xalqdan deyillərsə, niyə bu xalqın idarəsində yüksək post tutmalıdırlar?

Bütün günü Milli Məclisdə, ayrı-ayrı pəzəvəng tribunalardan hüquqdan, qanunlardan danışan, hamını ölkə rəhbərliyinin çağrışlarına əməl etməyə səsləyən Siyavuş Novruzov və onun birdən-birə yüksək etimad göstərilmiş həyat yoldaşı, vətəndaşların hüquqlarını qorumağa mükəlləf olan Səbinə Əliyevanın Ramiz Mehdiyevin qanunsuz məclisində nə işləri var? “Ayıb olsun” deməyəmi gediblər? Yoxsa Ramiz Mehdiyevin dəvətnaməsi Prezident İlham Əliyevin həyəcanlı pandemiya çağırışlarından dahamı önəmlidir?

Xalq cavab gözləyir. Həm qanunları təpik altına salanlardan, həm də buna göz yuman aidiyyəti qurumlardan.
"BakuPost"
Tarix: 21-08-2020, 21:32




Xəbər lenti