Bahalaşmaya susan mətbuat qulbeçə olduğunu etiraf etdi... - Mətbuat öldü


 
 
Heyf ki, 21-ci əsr Azərbaycan KİV-i bütün yaramaz yolların ən yarıtmazını seçdi. Oktyabrın 16-da miskin bir mənzərəyə şahid olmaq bundan artığını demək üçün başqa yer qoymadı. 
Əgər imkan olsaydı, mətbuatı tamamilə istefaya göndərərdik. Çünki nəinki söz və mətbuat azadlığı, insani davranış belə olmadı. 
Anaxeber.info yazır ki, bu, Azərbaycan mediasının Türkmənistan və Şimali Koreyadan da betər günə düşməsinin rəsmiləşməsi idi. Söhbət qazın və işığın qiymətinin artımına bəzi istisnalar olmaqla, külli mətbuatın ağzına su alıb susmasından gedir. Burada adi insan faktoru belə gözlənilməmişdi. 
Tarif Şurasının antixalq, mürtəce qərarına qoyulan başlıqlar isə heyrətamiz idi, az qala haqq qazandırırdılar. Bahalaşmaya “Tarif Şurası qazın və işığın qiymətinə dəyişiklik etdi” başlığı vermək üçün bütün keyfiyyətləri itirmək lazım idi. 

Çünki bahalaşma heç kimdən yan keçmir - həmin “media kapitanları”nın qəpik-quruş maaşla işlətdiyi işçilərindən, ailələrindən, qohumlarından, bütöv xalqdan. 
Əgər bir siyasi akt olsaydı, hər hansı partiyaya bağlı hadisə baş versəydi, hər bir mətbu orqan məsələyə fərqli yanaşa, ən azı başını işlədib yaradıcı mətn ortaya qoya bilərdi. 
Ancaq mətbuat total şəkildə bayağılığa, səviyyəsizliyə getdi, ən əsası qulbeçə, nökər olduğunu sübut elədi, hakimiyyətin medianı nə günə qoyduğunu nümayiş etdirdi.
Bəli, yaranmış biabırçı vəziyyətin səbəbi senzuradır. O senzura ki, rəsmən yoxdur və addımbaşı onun rəsmən yoxluğu böyük uğur, demokratiyanın təntənəsi kimi qələmə verilir. O isə var, həmişəyaşardır. 
Hökumətin yemlədiyi mətbuatın, hakimiyyətdən gələn pullar hesabına varlanan, bahalı maşınlarda, villalarda yaşayan “media kapitan”larının axırı belə də olmalıydı - xalqın, özlərinin əleyhinə olan qərarı olduğu kimi təqdim edə bilməyəcəkdilər. 
Budur, hakimiyyətin media siyasəti. Budur, mətbuatda islahatlar. Budur KİVDF-nin Media İnkişaf Agentliyi, Vüqar Səfərlinin Əhməd İsmayılovla əvəzlənməsinin nəticəsi.
Və bu susqunluq üçün bütün mətbuat utanmalı, xəcalət çəkməli və xalqdan üzr istəməliydi. Onsuz da hamı bir nəfər kimi bahalaşmadan xəbər tutdu, hər kəs 2 ay sonra artımı öz dərisində hiss edəcək, o halda medianın ağzını yummaq, Tarif Şurasının qərarını “qiymətlər dəyişdi” kimi təqdim etmək kimə sərf edirdi?
Hələ bu azmış, həyasızlığın dibinə baxın - bir-iki qəpik artıb yazanlar belə olmuşdu. Hakimiyyət çürük mətbuatla bundan sonra fəxr edə bilər. Biz mətbuatı, onunla birlikdə isə bütün cəmiyyəti məhv edən senzura şəraitində yaşayırıq. Həmin senzura lazımsız hər şeydən danışmağı stimullaşdıraraq, əhəmiyyətli hər şeydən danışmağı qadağan edir. 
Anaxeber.info yazır ki, əslində bu bahalaşmaya medianı reaksiyası bir imtahan idi. Müstəqilliyini bakirə qız kimi çoxdan təslim etmiş, əmir qulu olduğunu çoxdan isbatlamış, “kopi-past” mediası olduğunu təsdiqləmiş saytlar üçün bir sınaq idi, ən azı özlərində güc tapıb xalqın ürəyindən tikan çıxaran mövqe ortaya qoya bilərdilər. 
Lakin fiasko oldu və bununla da heç bir azadlıqlar qalmadığını, hətta ailələrinin cibinə belə zərər vuran qərara etiraz etmək cəsarətində olmadıqlarını etiraf etdilər. 
İnnən belə hansı 22 iyul - Milli Mətbuat Günü qeyd etmək olar? Hansı söz və media azadlığı söyləmək olar? İqtidar bu qədər maliyyəni KİV-ə ayırmaqla susmaq əmrini icra etdirirsə, onda ölkədə bir qəzet, bir televiziya, bir rəsmi agentlik saxlasınlar.
Çünki bu çoxluq elə təklik kimi görünür, bir-birini təkrarlayır, total senzuraya əksəriyyət boyun əyir. Bundan sonra Zərdabidən, dəyərlərdən, milli mətbuatdan danışmağa mənəvi haqqı çatmayanlar bahalaşmaya susduqlarını kimi mumlasalar yaxşıdır.  Ən azı ikrah hissi doğurmaz. 
Necə deyərlər, oktyabrın 16-da Azərbaycan mətbuatı öldü, dəfn edildi, başdaşı da qoyuldu, üstündə ağladılar, fatihəsi də verildi. Di, dağılışın...
Anaxeber.info
Tarix: 18-10-2021, 10:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}