Belə parlamentə azad media lazımdırmı? - Biznesmen, fırıldaqçı, oğru....


Belə parlamentə azad media lazımdırmı? - Biznesmen, fırıldaqçı, oğru.... Rus satirik Mixail Jivanetski 2021-ci ilin Azərbaycanını vaxtında təsvir edir: əvvəl-əvvəl danışanda böyür-başımıza baxmağa başlayırıq, sonra artıq fikirləşəndə də çevrilib ətrafımıza baxırıq.
Yəni pıçhapıç, ezop dili də işə yaramır. Bu, fikir azadlığının boğulması, özünəsenzuranın ən dəhşətli nöqtəsinə gəlib çatmaqdır. Anaxeber.info yazır ki, Azərbaycan jurnalistlərinin çoxu 2005-ci ildə Elmar Hüseynovun qətlindən sonra çoxdan bu mərhələyə çatıblar - qorxu içində fikrin ifadəsi... Amma dərd kaş elə tək xof və özünüsenzura olsun, bilərsən ki ən yuxarı eşelondan çəkinirsən. Lakin indi bizə "aşağı palata" olan Milli Məclis də lağ edir, yuxarıdan aşağı baxır, media haqda qanun yazanlar, onu təsdiqləyənlər gülməyə  başlayıblar. Qədim Romada "avqur gülüşü" termini var idi. Avqurlar quşların uçuşuna və səsinə görə insan talelərini xəbər verən kahinlər idi. Siseron özünün “Falçılar haqqında” kitabında yazırdı ki, adamları aldadıb ələ salan bu şəxslər bir-biri ilə rastlaşanda gülüşlərini saxlaya bilmirdilər. Onlar adamları axmaq yerinə qoymağın necə asan olduğuna təəccüblənməklə yanaşı bir-birinə bu fırıldağı qəhqəhə çəkərək danışırdılar. İndi parlamentin təyinatlı deputatları da mediaya qanunlar gətirməklə bizi axmaq yerinə qoyub xısın-xısın gülürlər. Yeri gəlmişkən, Siseronun həmin kitabının daha adını da çəkmək olmayacaq, yeni media qanunu falçılığın təbliği materiallarını qadağan edir. Və bu qadağalara səs verəcək əmr qulları, mandatı millətdən yox, hakimiyyətdən alan vəkillər mətbuatı da tamamilə öz günlərinə salmağa tələsirlər - biz necəyik, siz də elə müti olsun, mumlayın... Görün kimlərdir media qanunu layihəsini təsdiq edəcək deputatlar - gömrük şefi tərəfindən fırıldaqçı adlandırılan tozsoran satan Elnur Allahverdiyev, Moldovadan başqasının uşağını qaçırmağa görə adı məhkəmə işində keçən Ramil Həsən, pulu başından aşan "Relax" kurort mərkəzinin sahibi İqbal Məmmədov, üç cümləni düz qura bilməyən biznesmen Cavanşir Paşazadə, nömrə alverindən tutmuş fermasına qədər olan İmamverdi İsmayılov, jurnalistlərə tikilən binadan evləri onlara verməyə qarşı çıxan, təsadüfi deputat Etibar Əliyev, dərman alverçisi Cavanşir Feyziyev, bizi attestasiyadan keçirən Qüdrət Həsənquliyev, mebel biznesi qurmuş Azər Kərimli, aptek şəbəkəsi olan Ülvi Quliyev, siqaret satan Rüfət Quliyev, elektronika malları satışı ilə məşğul olan Tahir Mirkişili, marketləri, obyektləri olan hacı Madər, mebel biznesi qurmuş Məşhur Məmmədov, tikinti şirkəti olan Ağalar Vəliyev və daha kimlər, kimlər Azərbaycanda müstəqil jurnalistikanın sonuncu qalalarını dağıdırlar. Bunlarla azad mətbuat olar? Sizcə, milyonçu, biznesmen deputatlar medianın azadlığını istəyərmi? Əlbəttə, yox. Xalqdan səs almayan deputatlar necə xalqın şikayətlərini yazan, millət vəkili adını daşıyanların biznesini, villalarını ifşa edən müstəqil media arzulaya bilər? Onlar bu cür də mürtəce qərarlara səs verməliydilər. İnsanların əsəblərini tarıma çəkənlər, əhalinin problemlərini dilə gətirməyənlər, yersiz "quş"lamalarla gündəm olanlar heç zaman vicdanlı və tənqidçi jurnalistikanın yanında dayana bilməz. Onlara yalana və saxtakarlığa, qadağalara xidmət etmək tapşırılıb. Dünyada isə boyunduruq mütiliyə, köləliyə gətirir çıxarır. Bununla da növbəti dəfə söz azadlığına dil uzatdılar, diş qıcadılar, iti dişlər arasına salıb sındırdılar, iri pəncələr altında əzdilər və biz çoxdan dişləri tökülmüş, qaməti əyilmiş, sınıq-salxaq günə salınmış, taqətdən düşmüş mətbuatın tezliklə can verməsinə, aqoniya vəziyyətinə bir qanun qəbulu ilə şahidlik edəcəyik. Anaxeber.info təklif edir ki, bəzi müddəalara baxıb təsəvvür yaradaq. Misal üçün qanun layihəsi 14.1.11 - “faktlar… obyektiv şərh olunmalıdır". Axı faktın obyektiv şərh olunduğunu necə müəyyən etmək olar, adından bəllidir - şərh. Naddə 9.4-də var. Burada terror əleyhinə əməliyyatın aparılması və texniki üsulları haqda məlumatların yayılmasına görə jurnalist məsuliyyət daşıyır və qadağandır.  Jurnalist terror əleyhinə əməliyyat haqda qabaqcadan məlumatlı ola və üsulunu öyrənə bilər? Maddəyə 1.0.3 - dövlət sirrini təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısı alınmalıdır. Jurnalistdə dövlət sirrini təşkil edən informasiya haradan ola bilər? Və bu qanun layihəsini saxta yolla seçilənlər, işbaz deputatlar təsdiqləyəcəklər. Çünki onlar özləri haqda heç nə eşitmək istəmirlər. Bu deputatları iqtidarın və onun rəhbərliyinin tənqid olunması maraqlandırmır, özlərinin mənafeyini güdürlər. Əgər maraqlı olsaydı, xaricdə dövlət başçısını söyən bəzi yutuberlərlə bağlı məsələ qaldırardılar. Amma elə ki, sosial şəbəkələrdə tənqid atəşinə tutulurlar, onda ifadə azadlığı ilə bağlı məhdudlaşdırıcı təkliflər səsləndirirlər. Ona görə bu parlamentə mütərəqqi, xoşniyyətli, azadlıqları ehtiva edən media qanunu lazım ola bilməz. Çünki heç zaman təzyiqlə üzləşən, həbsə göndərilən bir jurnalisti Milli Məclis tribunasından müdafiə etməyiblər....

Anaxeber.info
Tarix: 14-12-2021, 10:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}