Azərbaycanda “inqilabı” kim hazırlayır?! (TƏHLİL)


Bəzi media resurslarında son günlər Azərbaycanda rəngli inqilab hazırlandığı barədə yayılan məlumatlar diqqət çəkməyə bilməz.
Həm də ona görə ki, inqilab mövzusu xeyli illər idi gündəmdə yox idi. Bəs əslində vəziyyət necədir? Həqiqətənmi Azərbaycanda inqilab hazırlanır (bəzi iddialara görə isə artıq hazılanıb) və onun sponsoru “odda yanmaz, suda batmaz” Corc Sorosdur?
Soros, yəni Qərb, daha doğrusu ABŞ. İstənilən inqilabın arxasında ciddi amillər və vasitələr dayanır ki, bunları da ən azı 3 mühüm qrupa bölmək olar:
1. Daxili səbəblər: ölkədə istər sosial-iqtisadi, istərsə də digər səbəblərdən yaranmış böhran kütlənin mövcud olması; hakimiyyət daxilində parçalanma; dövlət idarəetmə institutlarının tənəzzülü. Bunu “inqilabı şərait” də adlandırmaq olar.
2. Zəruri institutlar: birləşmiş güclü müxalifət, media, digər vətəndaş cəmiyyəti institutları, mütəşəkkil dini icmalar və digər qurumlar.
3. Xarici təsirlər: bura əsasən, ölkədə və bölgədə iqtisadi, siyasi, geosiyasi və təhlükəsizlik maraqları olan güclü dövlətlərin və ya onların birliklərinin rolu aiddir.

Azərbaycanda birinci qrupa aid edilən səbəblərin varlığı yəqin ki, çox da ciddi mübahisə predmeti olmaz. Belə ki, ölkə daxilində həm böyük narazı kütlə, həm hakimiyyətdaxili parçalanma, həm də dövlət idarəetmə sisteminin tənəzzülü mövcuddur.
İkinci qrupa aid olan institutlar Azərbaycanda ya rüşeym vəziyyətindədir, ya da hakimiyyətin yürütdüyü siyasət nəticəsində zəiflədilmiş haldadır. Buraya daxil edilməli olan institutların bəziləri isə hətta aqoniya durumundadır. Deməli, ölkədə inqilabı həyata keçirə biləcək mütəşəkkil qüvvə yoxdur və ya yox dərəcəsindədir.
Burada bir məqamı da vurğulamaq yerinə düşərdi. Rəngli inqilablar baş verən ölkələrin demək olar ki, hamısında müşahidə olunan şərtlərdən biri inqilab ərəfəsində müxalif kəsimin geniş birliklər yaratmasıdır. Belə birliklər yalnız inqilab baş tutandan sonra parçalanmağa başlayır. Məsələn, Ukraynada və Gürcüstanda olduğu kimi.
Azərbaycanda bununla bağlı vəziyyət tam əksinədir. İstənilən parçalanma birlik haqqında söhbətlərə start verilən andan başlayır. Qeyri-hökumət təşkilatlarının əksəriyyətinin fəaliyyəti isə ümumiyyətlə onların öz merkantil maraqları çərçivəsindən kənara çıxa bilmir. Bura onların arasında gedən çəkişmələri də əlavə etdikdə mənzərə tamamlanır.
Nəhayət, ölkədə opponent düşərgəyə yönələ biləcək “sərbəst” maliyyə resurslarının olmaması isə bu sahədə vəziyyəti bir qədər də ağırlaşdırır. Dini icmalar arasında münasibətlər də müxalif düşərgədəkindən çox fərqlənmir. Üstəlik də onların siyasi proseslərə qatılması əhalinin böyük bir hissəsi tərəfindən pozitiv qalışlanan hal sayılmır.
Xarici təsirlərə gəldikdə, onların təkcə inqilab etmək istəyi və ehtiyacı kifayət deyil, bunun üçün zəruri daxili dayaqları olmalıdır. Məhz onlar da yoxdur bu gün və ya yox dərəcəsindədir. Düzdür, bu, daha çox Qərb dünyası ölkə və təşkilatlarına aiddir, çünki onların “yumşaq gücünün” əsas reallaşdırıcıları yuxarıda göstərilən institutlardır.
Amma bu, özəl olaraq şərti adı “narıncı inqilab” olan proseslərə aiddir. “Qırmızı inqilabın” isə onlara ehtiyacı yoxdur. Onun öz təsir vasitələri var ki, bunların da necə işləməsini yaxın keçmişdə Qazaxıstanda baş verənlərdə gördük. Qazaxıstanda baş verənlərə inqilab demək isə ən azı naşılıq əlaməti olardı.
Azərbaycanda da “narıncı”dan çox “qırmızı” inqilab ehtimalının olduğunu (əgər o, ehtimal ümumiyyətlə varsa) desək yəqin ki, yanılmarıq. Odur ki, inqilab barəsində yazdıqda, onun anonsunu verdikdə onun həm də rəng çalarlarını göstərmək çox yerinə düşərdi. Bu gün həmin rənglər arasında liderlik narıncıdan və yaşıldan xeyli irəli çıxmış qırmızının payına düşür.
Ümumiyətlə isə istənilən inqilaba ən böyük töhfə, dəstək verən adətən qabiliyyətsiz, korrupsioner, kleptokratik qeyri-legitim qəbilə hakimiyyətləri olur. İnqilabın əsas həlledici şərti olan böyük narazı kütlə belə hakimiyyətlərin acgözlüyünün, talançılığının, özbaşınalığının və digər cinayətkar əməllərinin sayəsində yetişir.
İndi də “inqilab” sözünü niyə dırnaq arasında göstərdiyimə aydınlıq gətirim. Bu, kifayət qədər sadədir. Belə ki, “inqilab” dedikdə ilk növbədə ağlımıza gələn Qərb ölkələri tərəfindən stimullaşdırılan proseslər olur. Amma qeyd etdiyim kimi onların bu gün Azərbaycanda inqilab həyata keçirmək üçün nəinki yetərincə, heç minimum da resursları yoxdur.
Bu mənada ayyarım əvvəl Qazaxıstanda baş verənlər də heç bir əlaməti üzrə inqilab deyildi, qırmızı çevriliş idi.
Ərəstun Oruclu, politoloq
Tarix: 20-02-2022, 22:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}