Bərdədə görünməmiş məmur bəyanatı: istefaya və həbsə hazıram - Foto/ Video


  Bərdə Kommunal Müəssisələr Kombinatının rəisi Natiq Qasımov sözün həqiqi mənasında "şir ürəyi yemiş" əyalət məmurlarından biri hesab oluna bilər. 
Çünki  Azərbaycanda məmurlarda istefa mədəniyyəti aşağı səviyyədə olduğu halda, N.Qasımov cəsarətlə və şəstlə sosial medianın qarşısına çıxaraq, haqqında yazılan tənqidlərin dürüst olacağı təqdirdə ərizəsini yazıb vəzifədən getməyə hazır olduğunu açıqlayıb. Hətta bu azmış kimi, daha da irəli gedərək Bərdə və ölkə ictimaiyyətinə bəyan edib ki, əgər rayonun küçələrinin zibilliyə çevrilməsi, başdan-başa zibil dağları, səliqəsizlik olması həqiqətdirsə, barəsində cinayət işinin açılmasına, həbs olunmasına belə razıdır. Açığı, son illərdə belə ürəkli idarə rəhbəri mətbuatda adda-budda rastımıza çıxa bilər ki, istefa verməyə, hətta həbs edilməyə hazır olduğunu bildirsin. Lakin o, bunun üçün fakt tələb edir.
Siam.Az buna görə çox uzağa getmədən Bərdədə kiçik araşdırma və müşahidə aparıb, şəhərin küçələrinin xirtdəyə qədər zibil olub-olmadığını öyrənib. Sizə təqdim etdiyimiz faktlardan da görünür ki, N. Qasımov Bərdəni nə vəziyyətə salıb.
Misal üçün Bərdənin mərkəzində yerləşən 1 saylı orta məktəbin arxası Suriya xarabalığına oxşayır. İdarə rəisi yaxşı olar ki, istefasından əvvəl həmin əraziyə baş çəkib özü reallıqla tanış olsun. Əgər bu mənzərə də onu qane etməsə, Bərdənin Heydər Əliyev prospektində 1 saylı İncəsənət məktəbinin yanını da ziyarət eləsin. Hər halda kimin şər-böhtan atdığı, kimin öz işinin öhdəsindən gələ bilmədiyi məlum olacaq. Video və foto kadrlardan da agah olur ki, N. Qasımov kommunal problemləri hansı formada həll edir. O, sosial şəbəkəyə çıxaraq, çıxış etdiyi zaman arxa fonda 5-6 kommunal xidmət əməkdaşının işlədiyini göstərməklə görüntü yaradır ki, guya Bərdədə təmizlik, səliqə-sahman, antisanitarik vəziyyət tam nəzarətdədir.
 1saylı məktəbin arxası, keçmiş "NOÇNOY"un binası , zibili palazla gizləyirlər

Ancaq bizim göstərdiyimiz faktlar göz deşir və həyəcan təbili çalır ki, Bərdəni bu üfunətli, zibil dağlarının əhatəsindən tezliklə xilas etmək lazımdır. Odur ki, barəsində tənqidlərə dözümsüz yanaşan, müstəqil mətbuatı məhkəmə ilə təhdid edən Natiq Qasımov reportajda təqdim etdiyimiz problemlərlə məşğul olsun, şəhəri abad eləsin, təmiz saxlasın, ondan başqa gözlənti yoxdur. İzləyicilər də şahiddir ki, istər 1 saylı məktəbin yaxınlığı,

Yanı başında 2 bağça, 1 incəsənət məktəbi, önü Heydər Əliyev prospekti

 istər İncəsənət məktəbinin yanı zibillik içində "üzür", amma idarə rəisi bu acınacaqlı vəziyyəti görməzdən gəlir. Ancaq N. Qasımov bu faktları da danırsa, problemin olduğunu qəbul etmirsə, mətbuatı şər yazmaqda ittiham edirsə, o zaman Bərdənin deputatı Fatma Yıldırımı da böhtan atmaqda günahlandırmış olur. Çünki bir müddət əvvəl deputat modern.az-a millət vəkili olduğunu Bərdənin məhz bu problemlərindən danışmışdı. Onun sözlərinə görə, seçiciləri tərəfindən məişət tullantılarının vaxtında daşınmaması, ərazidə tullantılar üçün konteynerlərin çatışmaması ilə bağlı çoxsaylı müraciətlər və şikayətlər alıb. Sitat: "Bu problem həm Bərdə şəhəri, həm də rayonun kəndləri üçün xarakterik haldır. Araşdırmalarımıza görə, həqiqətən də bu istiqamətdə işlər düzgün tənzimlənmir. Rayonda məişət tullantıları vaxtında yığılmır və daşınmır. Bir sözlə, mənzərə acınacaqlı vəziyyətdədir. Həm zibil daşıyan maşınların, həm də tullantılar üçün konteynerlərin sayının artırılmasına ehtiyac var. Təbii ki, bu vəziyyət məni rayonun deputatı, həm də parlamentin Təbii sərvətlər, ekologiya və energetika komitəsinin üzvü kimi narahat edir". O, rayon üzrə 600 ədəd konteynerə təcili ehtiyac olduğunu da dilə gətirmişdi.  Deputat məsələni Milli Məclisdə qaldırıb, eyni zamanda Bərdə rayonu İcra Hakimiyyətinə, müvafiq qurumlara dəfələrlə müraciətlər edib. Yəni təkcə media yazmır, deputat da parlamentdə məsələ qaldırır, amma Natiq Qasımov siam.az və onu baş redaktoru Şahin Əhmədovu yalan danışmaqda ittiham edir.
 
Buyurun, biz şişirtmədən, olduğu kimi problemi göstərdik, deputatın açıqlamasını yada saldıq, foto və video ortaya qoyduq, zibilliyə çevrilmiş ən mərkəzi ünvanları açıqladıq, növbə idarə rəisinindir: ya istefa, ya həbs - özü belə deyib...

Siam.az
Tarix: 15-03-2022, 10:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}