Məmurlar ölkə iqtisadiyyatını necə çökdürür? - GƏLİŞMƏ



Ötən ildən ölkəni bürüyən sürətli bahalaşma bu il də davam etməkdədir.

Başda çörək olmaqla, bütün ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Üstəlik, artım sadəcə qida məhsulları ilə məhdudlaşmır, bütün sahələrdə özünü göstərir.

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə də bu prosesin sürətlənməsinə böyük təkan verib. Belə ki, müharibə həyatın bütün sahəsindəki qiymət artımını sürətləndirib.

Bu yaxınlarda bahalaşmadan danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov da bununla bağlı ciddi addımların atılmadığını və məmurların qiymət artımında maraqlı olduğunu deyib:

“Qanunların zəif, dövlət məmurlarının fəal bizneslə məşğul olması bu işi çətinləşdirir. Milli Məclis bununla bağlı müəyyən addımlar atmalıdır, ancaq atmır”.

Qeyd etmək lazımdır ki, cəmiyyət məmurları qiymət artımının qarşısını almamaqda günahlandırır. Hətta bir çoxları bəzi məmurların bahalaşmada maraqlı olduğunu deyir. Əslində, bu fikirlərin də meydana gəlməsi əsassız deyil.

Çünki ölkədəki özəl sektorların çox böyük əksəriyyəti məmurların nəzarətindədir və qiymət artımı birbaşa onların cibinə müsbət təsir göstərir. Bəlkə də buna görədir ki, məmurlar qiymət artımın dayandırmaq üçün konkret addımlar atmaqdan çəkinirlər.

Maraqlıdır, həqiqətən də məmurlar bahalaşmada maraqlıdırlar?

Siam.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, normal siyasi düşüncəyə görə məmurlar bahalaşmada maraqlı olmamalıdırlar:

“Çünki bahalaşma sosial gərginlik və vətəndaşların narazılığı deməkdir. Bunlar isə sonunda elə məmurlara qarşı ciddi etirazların yaranmasına səbəb ola bilər. Yəni siyasi cəhətdən və məntiqlə düşünsək təbii ki, onlar bahalaşmanın marağında olmamalıdırlar. Amma bizdə problem odur ki, məmurlar və biznesmenlər bir-birinə sıx bir şəkildə bağlanıblar. Obrazlı şəkildə ifadə etsək, səhər saat 9-dan axşam saat 6-dək məmur olanlar, 6-dan sonra biznesmenə çevrilirlər. Sonra isə öz şirkətlərini, holdinqlərini idarə etməyə çalışırlar. Problem də məhz buradadır. Əslində burada məmurların yox, həmin o şəxslərin biznesmenə çevrilərkən olan maraqlarından gedir. Çünki qiymətlər bahalaşanda daha çox gəlir etməyə çalışırlar”.

Ekspert qeyd edib ki, qiymətləri aşağı sala biləcək ən vacib element rəqabətli mühitdir:

“Əgər onların məmur kimliyində buna qarşı mübarizə aparmaq vəzifəsi durarsa, məhz elə rəqabətli mühitin yaranması ilə bağlı addımlar atardılar. Yəni rəqabət məcəlləsi qəbul olunardı və rəqabətli mühitin qarşısındakı süni əngəllər aradan qaldırılardı. Bunlar baş vermirsə və ölkədə rəqabətli mühit yoxdursa bu, qiymət artımına səbəb olan faktora çevrilir. Digər bir məsələ isə gömrük rüsumları və vergilərlə bağlı əlaqəlidir. Yəni Nazirlər Kabinetinin imkanı və səlahiyyəti var ki, rüsumların aşağı çəkilməsi ilə bağlı təşəbbüs göstərsin və ya vergi dərəcələrinin aşağı salınması ilə bağlı hansısa bir addımlar atsın”.

Natiq Cəfərlinin sözlərinə görə, qiymət artımınının obyektiv səbəbləri də var:

“Əslində ölkədə qiymət artımının qarşısını alacaq addımlar atılır. Lakin bunların gecikdirilməsi kifayət qədər problemlərə səbəb olur. Dünyada da qiymət artımı yaşanır, logistika bahalaşır və inflyasiya güclənir. Yəni bunlara görə Azərbaycanda da qiymət artımı olacaq. Amma bunun daha zəif olması və daha çətin vəziyyət yaranmaması üçün lazım olan addımlar atılmır. Ona görə də məmurların bahalaşmada maraqlı olduğu fikri formalaşır. Əgər onlar bunda maraqları olmasaydılar rəqabətlə bağlı qanuna dəyişiklik edərdilər, gömrük və vergi rüsumlarını aşağı çəkər və ya sıfırlayardılar. Bu addımlarla qiymət artımının qarşısını almaq mümkün olardı. Məmurlar bunları etmirlərsə, deməli bahalaşmada maraqlıdırlar”.

Tarix: 19-05-2022, 21:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}