Ölkəni bürüyən bahalaşma anarxiyası: hökumət gizli devalvasiyaya gedib, yoxsa...





 Siyasi hakimiyyət iqtisadi blokda baş verən tektonik proseslər barəsində izahat belə vermək istəmir. İqtidar rəsmiləri və İqtisadiyyat Nazirliyi aydınlıq gətirmir ki, ölkədə saatbasaat gedən bahalaşmanın, eləcə də qarşısının alınmamasının səbəbləri nəyə söykənir. Lakin bu gedişatı izləyərkən müəyyən təsəvvürlər formalaşır - hakimiyyət elan etmədən, səssiz-səmirsiz manatın devalvasiyasına gedir. Sadəcə, bu dəfə manatın tam üzən məzənnəyə keçidi baş verməkdədir. Əlbəttə, pandemiya və Ukraynada müharibə dünyada böyük bahalaşma dalğası yaradıb, ciddi inflyasiya gedir, hətta çexlər də ayağa qalxıb. Ona görə qiymətlərin kəllə - çarxa qalxması həm də qlobal proseslərə əsaslanır. Amma bu heç də hökumətə əsas vermir ki, ölkədə bahalaşma xaosu yaşasın. Hiss olunur ki, hökumət və onun iqtisadi komandası manatın tam devalvasiyasında maraqlıdır, hazırkı kurs üçün dövlət pul xərcləyir, hesablamalara görə bir-iki illik qiymət artımı zəlzələsi yaşanacaq, sonra daşlar yerinə oturacaq, stabilləşmə gedəcək, əhalidə yeni yüksək rəqəmlərə qarşı immunitet formalaşacaq, insanlar bahalaşma dalğasından sonra sabitləşən bu dəyişməz  məbləğlərlə yaşamağa öyrəşəcək, beləliklə manat da ölmüş real dəyərini tapmış olacaq. Anaxeber.info-nun İqtisadiyyat şöbəsi xəbər verir ki, ölkədə sürətlə gedən bahalaşma və inflyasiyanın fundamental səbəblərindən biri yuxarıda sadalanan proseslərdir. Bu sanki yeraltı titrəyişlər, tektonik aktivlikdir və hökumət qlobal iqtisadi böhranın məngənəsində manatla bağlı haqq-hesab çürütməyə fürsət əldə etmiş olur. Lakin bahalaşmanı təkcə postpandemiya dövrünün və Ukrayna savaşının ayağına yazmaq olmaz. Burada iki nəhəng amil gözdən qaçırılmamalıdır: hökumətin rəsmi qiymət artımlarına getməsi - kommunal xidmətlər, benzin, hətta internet tarifləri belə artırılıb, digər faktor monopoliyadır. İqtisadiyyat bir neçə nəfərin, onların bir neçə şirkətinin əlində cəmləşdiyi üçün bazara tam diktə edə bilirlər. Kənardan isə proses xaos kimi görünür, hər gün hansısa məhsulun qiyməti artır, əslində isə bir qrupun nəzarətində olan iqtisadiyyatı istədikləri kimi, şəxsi maraqlar zəminində idarə edirlər. Nəticədə inhisarçılıq bahalaşma gətirir, qiymətləri özləri müəyyənləşdirirlər, bir də bundan istifadə edən möhtəkirlər var ki, daha çox qazanmaq, daha da varlanmaq hərisliyi gözlərini qan kimi tutub və qiymətləri qəsdən qaldırırlar. Ona görə bazarlarda hər gün eyni məhsulların məbləği dəyişir və böyük anarxiya yaşandığı müşahidə edilir. Hökumətin bərbad fəaliyyəti ondan ibarətdir ki, buna dayandıracaq heç bir sosial - iqtisadi proqramı yoxdur. Yeri gəlmişkən, bahalaşma fonunda quru sərhədlərin bağlı saxlanması da artıma dəlalət edir. Əhalinin böyük kəsimi qonşu ölkələrdən bəhrələnirdi, qapanma daxildə böhrana səbəb olur, həmin gəlir qazanan təbəqə indi yük olub və açılım getmədiyi üçün sıxılılırlar. Eyni zamanda, monopolist nəhəng güclər bahalaşma ciddi rəvac verir, hətta bununla bağlı gizli təlimat var - kənd təsərrüfatı mallarının qiyməti özlərinin əmr etdiyi məbləğdə olmalıdır, ucuzlaşmaya imkan verilməməlidir. Bu da əhalinin sosial vəziyyətini getdikcə ağırlaşdırmaqdır. Hazırda mövsümi meyvə-tərəvəz od qiymətinədir, ət qızıl qiymətinə çatıb, gündəlik tələbat malları fantastik məbləğə qalxıb, çörəyin bahalaşması vəziyyəti daha da pisləşdirib. Və ən dəhşətlisi budur ki, hökumət tükünü tərpətmir, bahalaşmanı dayandırmaq üçün kontur addımlar atılmır, heç bir sosial proqram yoxdur, Nazirlər Kabineti böhran qrupu yaratmır, sanki hər şey yolunda gedirmiş görüntüsü yaradılır. Amma altda latent proses gedir - əhalinin narazılığı artır, aqressivləşir, hakimiyyət Qarabağda qələbə xalını daha da xərcləyə bilməyəcək. Çünki kasıblaşma, yoxsullaşma sürətlənib, evinə ət, yağ ala bilməyən bir "ordu" formalaşır və siz onların mədəsini zəfər, Zəngəzur, Xankəndi mövzuları ilə daha aldada bilməyəcəksiniz. Əslində həyəcan təbili çalmaq zamanıdır, hökumət toplaşmalı, inflyasiyanın qarşısı alınmalı, monopoliya kəskin surətdə küncə sıxışdırılmalı, Böhran Qrupu çıxış yolları göstərməlidir. Amma deyəsən hökumət qış yuxusuna hazırlaşır. İqtisadçılar onu da deyirlər ki, ölkədə qiymət artımının qısa müddət ərzində qarşısını kəsə, inflyasiyanı azalda biləcək yeganə addım vergi və rüsumların azaldılmasıdır. Ərzaq məhsulları və dərmanlarda ƏDV-nin 18%-dən 2%-ə endirilməsi təklif edilor, hökumət səsini çıxarmır.    Bu gün əhalinin 80%-ə yaxını ərzağı şəbəkə marketlərdən alır, onlar da ƏDV ödəyicisidir, ona görə də bu gün istənilən vətəndaş 100 manatlıq ərzağa 118 manat ödəməyə məcbur olur. 
Biz deyirik ki, vətəndaş 100 manatlıq ərzaq alanda buna 2 manat ƏDV ödəsin, yerdə qalan 16 manatını da başqa dərdinə-sərinə xərcləsin.
SİAM.AZ
Tarix: 5-09-2022, 09:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}