2023-cü ildə Azərbaycanla bağlı gözləntilər: “eskalasiya”, “bahalaşma” və “gərginlik”



Siam.az-ın məlumatına görə, bu il Azərbaycanda daha çox hərbi əməliyyatlar və qiymətlərin bahalaşması ilə yadda qalsa da, BBC News Azərbaycancaya danışan bəzi siyasi və iqtisadi təhlilçilər bu tendensiyanın 2023-cü ildə də davam edəcəyini düşünürlər.

Onlar kiçik hərbi əməliyyatların davam edəcəyinə əsas səbəb kimi Ermənistanla sülh razılaşmasının əldə edilməməsini göstərirlər.

İnflyasiyaya gəldikdə isə təhlilçilər bunu həm daxili, həm də xarici amillərlə əlaqələndirirlər.

Bəs Azərbaycan 2023-cü ilə hansı problemlərlə gedir və onların həlli nə dərəcədə reallaşacaq?

BBC News Azərbaycanca gələn il gündəmdə olacaq 10 ən mühüm məsələ barədə yerli və beynəlxalq təhlilçilərin fikirlərini öyrənib.

Sülh danışıqları


Bu il baş tutması gözlənilən ən vacib məqam Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması idi.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrda Praqada keçirilən görüşdən sonra iki ölkə arasında ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağı ehtimalını səsləndirmişdi.

Azərbaycan və Ermənistan arasındakı münaqişəni sülhə bağlamaq üçün Avropa İttifaqı, ABŞ və Rusiya diplomatik səylərini artırsa da, ilin sonuna kimi razılaşma əldə etmək mümkün olmadı və indi bütün gözlər 2023-cü ilə dikilib: irəliləyiş əldə etmək mümkün olacaqmı?

İlham Əliyevin sülh müqaviləsinin imzalanacağı ehtimalı ilə bağlı dediklərini “optimist yanaşma” adlandıran Carnegie Fondunun əməkdaşı Thomas De Waal BBC Azərbaycancaya bildirib ki, 35 ilə yaxın münaqişə edən tərəflər arasında qısa müddətdə yekun sülhün imzalanması elə də asan görünmür.

Onun sözlərinə görə, indiki halda Bakı və Yerevan hələlik çərçivə sazişi imzalaya bilər ki, burada da iki amil həlledici rol oynayır.

“Bunlardan biri rəsmi Yerevanın ərazi bütövlüyünün qarşılıqlı tanınması çərçivəsində Qarabağda yaşayan ermənilərin siyasi və iqtisadi hüquqlarının təminatı və bununla bağlı qarantiya istəməsidir. Digər məsələ isə Azərbaycanın Ermənistan ərazisindən Naxçıvana yol istəməsidir ki, bu istiqamətdə də tərəflər ortaq məxrəcə gələ bilmirlər”, – Thomas De Waal qeyd edib.

Azərbaycan hesab edir ki, sülh sazişi üçün sənəd hansısa şərtlərin əks olunduğu çərçivə sazişi formasında yox, sadə və reallığı əks etdirən formada olmalıdır.

Thomas De Waal hesab edir ki, 2022-ci ildə sülh razılaşmasının əldə edilməməsinə təsir göstərən əsas səbəblərdən biri Bakı və Yerevan arasında etimadın olmaması, ikinci səbəb isə Rusiya faktorudur.

Onun fikrincə, 2023-cü ildə sülh danışıqlarının uğurlu olması qarşılıqlı etimadın yaradılması istiqamətində atılacaq addımlardan asılı olacaq.

“Lakin Laçın dəhlizində baş verənlər, eləcə də tərəflərin prinsipial mövqelərində güzəştə getmək istəməmələri, təəssüf ki, 2023-cü ildə də eskalasiyanın mümkünlüyü ehtimalını qüvvədə saxlayır”, – o əlavə edib.


Müəyyənləşməyən sərhədlər

Bu ilin əvvəlində Azərbaycan və Ermənistan ilin sonuna kimi sərhədlərin delimitasiya və demarkasiyası üzrə irəliləyişlərin olacağını bildirsələr də və bununla bağlı dövlət komissiyaları yaradılsa da, hələ ki, bu istiqamətdə də nəticə yoxdur.

Thomas De Waal deyib ki, sərhədlərin müəyyənləşdirilməsində Bakı və Yerevanın fərqli xəritələrə istinad etməsi Rusiyaya imkan verir ki, bu məsələdə özünü vacib faktor kimi göstərsin və prosesə müdaxilə etsin.

“Sərhədlə bağlı fikir ayrılığının qalması, fikrimcə, tərəflər arasında birbaşa dialoqun az olması ilə əlaqəlidir. Üstəlik, ara-sıra hərbi toqquşmaların baş verməsi də bu prosesi ləngidən əsas amildir”, – Thomas De Waal bildirib.

Onun sözlərinə görə, əgər tərəflər 2023-cü ildə delimitasiya və demarkasiya prosesində irəliləyiş əldə etmək istəyirlərsə, o zaman “gücdən istifadəni tamamilə dayandırmalıdırlar”.

Naxçıvana yol…


Carnegie Fondunun analitiki hesab edir ki, 2023-cü ildə Naxçıvana yolun açılması ilə bağlı məsələdə irəliləyişlərin əldə edilməsi ehtimalı digər ziddiyyətli məqamlarla müqayisədə daha yüksəkdir.

Təhlilçi fikrini onunla əsaslandırır ki, yolun açılması Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Ermənistana da ixrac potensialını artırmağa imkan verir. Bu, həmçinin İran, Türkiyə və hətta Çin üçün də faydalıdır, o deyib.

“Lakin Ermənistanın narahatlığı ondan ibarətdir ki, əgər yolun açılmasına razılıq verərsə, Azərbaycan digər məsələlərin həllini öz xeyrinə uzada bilər. Beləliklə də Yerevan bu məsələnin tənzimlənməsində istifadə etdiyi yeganə kartı da itirə bilər. Bu cür narahatlıqlar yenə də qarşılıqlı etimadın olmamasından irəli gəlir”, – Thomas De Waal qeyd edib.

Onun fikrincə, bu məsələnin digər problemli tərəfi isə 2020-ci ilin 10 noyabr bəyannaməsinə əsasən, həmin yolda Rusiya FSB-sinin nəzarətinin yaradılmasının nəzərdə tutulmasıdır.

Təhlilçi bu məqamı yolun açılmasını ləngidən əsas amil kimi qiymətləndirib və əlavə edib ki, regionda və buradan kənarda olan heç bir ölkə bu cür beynəlxalq marşruta “Rusiya qüvvələri tərəfindən nəzarət edilməsini istəmir”.

Azərbaycan-İran gərginliyi


BBC-yə danışan təhlilçilər İran və Azərbaycan münasibətlərində yaşanan gərginliyin 2023-cü ildə də davam edəcəyini gözləyir.

ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Paul Goble-un sözlərinə görə, əslində Tehran və Bakı arasında gərginlik hər zaman mövcud olsa da, bu, gizli formada baş verib.

Onun fikrincə, 2022-ci ildə tərəflər arasında başlayan gərginliyin diplomatik səviyyəyə keçməsinə əsas səbəb İranın nümayiş etdirdiyi Ermənistanyönlü fəaliyyətin Azərbaycanı qıcıqlandırması olub, xüsusilə də Zəngəzur dəhlizi məsələsində.

Paul Goble hesab edir ki, İranın Zəngəzur dəhlizinə qarşı sərgilədiyi mövqe 2023-cü ildə də Azərbaycanın bu istiqamətdə fəaliyyətini ləngidəcək və belə olan halda Bakı və Tehran arasında periodik gərginliklərin yaranması mümkündür.

“Lakin bu gərginliyin ciddi münaqişəyə çevriləcəyini demək çətindir. Çünki İranda da yaxşı bilirlər ki, indiki halda Azərbaycana qarşı hər hansı hərbi və ya siyasi təzyiq Türkiyə ilə üz-üzə gəlmək deməkdir ki, Tehran bunu istəməz”, – keçmiş müşavir bildirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında İranla Azərbaycan arasında gərginliyin olduğunu təsdiqləsə də, vəziyyəti “dramatikləşdirməyin əleyhinə” olduğunu deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərdə “problemli istiqamətlər”lə yanaşı, “iqtisadi və digər sahələrdə müsbət irəliləyişlərin olduğu” istiqamətlər də var.

“Tərtər işi”


2021-ci ilin sonundan etibarən, Baş Prokurorluğun bildirdiyinə görə, istintaqı yenilənən “Tərtər işi” üzrə araşdırmalar hələ yekunlaşmayıb.

Bakı İnsan Hüquqları Klubunun həmtəsisçisi Rəsul Cəfərov deyib ki, “Tərtər işi” üzrə bu ildə “405 nəfər zərərçəkmiş şəxs kimi tanınıb, 20 nəfər təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilib, 48 nəfər isə bəraət alıb”.

Bununla belə, Rəsul Cəfərov bu iş üzrə hələ “yüzlərlə şəxsin zərərçəkmiş kimi tanınmalı, ən azı 12 nəfərə isə bəraət verilməli” olduğunu hesab edir.

“Bu işin açılmasına çox ciddi müqavimət var. Mənə elə gəlir, bu şəxslər “Tərtər işi”ndə təqsiri olan və müəyyən vəzifə tutan şəxslərdir. “Tərtər işi” üzrə prosesin yalnız 50 faizinin yerinə yetirildiyini düşünürəm və ümid edirəm növbəti il digər məsələlər barədə də hüquqi qiymətləndirmələr aparılacaq”, – hüquq müdafiəçisi deyib.

Rəsul Cəfərovun zənnincə, təqsirli bilinən şəxslər yalnız bu cinayəti icra edən şəxslərdir, lakin “cinayətin təşkilatçıları arasında həbs edilənlər olmadığı” üçün işin açılmaması ilə bağlı müqavimət də güclüdür.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da BBC Azərbaycancaya müsahibəsində “Tərtər işi”ndə “əli olanlar” arasında daha yüksək rütbəli insanların olmasını istisna etməyib.

“Zərərçəkənlərin sayı yalnız açıqlanan 405 nəfərlə məhdudlaşmır, burada bütövlükdə ordumuz böyük zərbə alıb. Bunun timsalında bu gün də müxtəlif platformalarda dövlət əleyhinə fəal siyasi hücumlar davam edir. Nə qədər ki, bu əməli törədənlər cəzasız qalacaqlar, düşünürəm ki, idarəetmə sisteminin içərisində həmin əməllərin təkrarlanması qorxusu mövcud olacaq”, – millət vəkili deyib.

O, 2023-cü ildə bu prosesin daha da “irəliyə aparılacağını” hesab edir.

Bağlı qalan quru sərhədlər


Nazirlər Kabinetinin dekabrın 22-də verdiyi yeni qərara əsasən, ölkədə xüsusi karantin rejimi 2023-cü ilin martın 1-dək uzadıldı, bu isə o deməkdir ki, quru sərhədlər də ən azı ilin ilk iki ayı ərzində bağlı qalacaq.

Qurum verdiyi qərarı koronavirus infeksiyasının törədə biləcəyi fəsadlarla əlaqələndirsə də, siyasi psixoloq Samirə Qasımlı bunun “siyasi xarakter” daşıdığını bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyası zamanı bütün ölkələr quru sərhədlərini bağlasalar da, sonradan, demək olar ki, bütün dövlətlər quru sərhədlərini açıb, gediş-gəlişi bərpa ediblər.

Samirə Qasımlı qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra minlərlə rusiyalının həmsərhəd ölkələrə üz tutması Azərbaycan hökumətini də “təşvişə salıb”.

“Rusiyada rəsmi məlumatlara görə, 1.5-2 milyon, qeyri-rəsmi rəqəmlərə görə isə 3 milyona yaxın azərbaycanlı yaşayır. Hökumət anlayır ki, quru sərhədlər açılarsa, Rusiyada olan böyük sayda əmək qüvvəsi işsiz kimi Azərbaycana gələcək. Onsuz da ölkədə işsizlərin sayı çoxdur. Ona görə də, hökumət bunu özü üçün təhlükə kimi görür”, – siyasi psixoloq bildirib.

Bundan əlavə, o hesab edir ki, Rusiyanın qış aylarında yenidən səfərbərlik elan etməsi ilə bağlı ehtimallar 2023-cü ildə Azərbaycan hökumətini quru sərhədləri uzun müddət bağlı saxlamağa vadar edə bilər. Lakin bu, yeganə səbəb deyil:

“Azərbaycan hakimiyyəti quru sərhədləri bağlı saxlamaqla həm də avtoritar fəaliyyətini qorumaq niyyəti güdür. 44 günlük müharibədə siyasi dəstək alan hökumət, qazandığı siyasi dividentləri artıq itirmək üzrədir, ona görə də indi ölkədə müharibə, qlobal infeksiya təhlükəsi abi-havasını davam etdirməklə insanları təsir mərkəzində saxlamağa çalışır”, – Samirə Qasımlı deyib.

Parlament üzvü Zahid Oruc isə bu iddiaları tamamilə əsassız adlandırır və bildirir ki, təkcə Azərbaycan deyil, bütün ölkələr vətəndaşlarının bu və ya digər ölkələrdə aktivliyini təmin etməkdə maraqlıdır.

“Çünki belə olan halda vətəndaş bütün gözləntilərini hökumətdən istəmir, üstəlik digər ölkələrə getdikdə və ya qayıtdıqda istər-istəməz özü ilə hər hansı əmtəə və ya xarici valyuta gətirməklə ölkəni beynəlxalq iqtisadi proseslərin tərkib hissəsinə çevirir”, – deputat qeyd edib.

O əlavə edib ki, quru sərhədlərinin bağlı saxlanılmasında Rusiya-Ukrayna müharibəsinin, eləcə də İranda baş verənlərin müəyyən rolu olsa da, Azərbaycan iqtidarının bu gün quru sərhədlərini bağlı saxlamaqda əsas məqsədi virus təhlükəsinin yenidən alovlanması məsələsidir. Zahid Oruc buna nümunə olaraq, son vaxtlar virusun Çində yenidən sürətlə yayılmasını göstərib.

İnsan haqları


Demokratiya, insan haqları, siyasi azadlıqlar üzrə ixtisaslaşan Freedom House təşkilatının builki hesabatına əsasən, Azərbaycan 2022-ci ildə siyasi hüquqların təminatı, plüralizm, söz və mətbuat azadlığına görə dünyada azad olmayan ölkələr sırasında yer aldı.

Hüquqşünas Şəhla Hümbətova media və siyasi partiyalar haqqında qəbul edilən yeni qanunu, eləcə də ölkədə siyasi fəallara qarşı həbs və zorakılıqları əsas gətirərək bildirib ki, bu tendensiya 2023-cü ildə də davam edəcək.

“Tənqidi səsləri boğmağa çalışan hökumətdən insan haqlarının qorunması ilə bağlı nəsə gözləmək sadəlövhlük olardı. Artıq hökumət son qanunvericiliklə ölkədəki media və siyasi institutları da monopoliyaya aldı. Hüquq, sosial, iqtisadi sahələrdə də vəziyyət eynidir. 2023-cü ildə artıq hökumətin monopoliyaya ala biləcəyi sahə qalmayıb”, – Şəhla Hümbətova əlavə edib.

Millət vəkili Zahid Oruc isə deyilənlərlə razılaşmır. O bildirib ki, istər media haqqında, istərsə də siyasi partiyalar haqqında qanunların təklif edilən ilk versiyası ilə qəbul edilən son forması müqayisə edilsə, orada “iradların nəzərə alındığını və cəmiyyətin tələbinə uyğunlaşdırıldığını” görmək olar.

Bahalaşma “davam edəcək”


Rəsmi statistikaya görə, son 5 il ərzində Azərbaycanda inflyasiya rəqəmi təxminən 34 faiz artıb.

2022-ci ildə isə qiymət artımı son 5 ilin ən yüksək həddi ilə yadda qalır.

İqtisadçı Azər Mehtiyev bu tendensiyanın, xüsusilə ərzaq məhsulları sahəsində bahalaşmanın 2023-cü ildə də davam edəcəyini bildirib və bunu Azərbaycan iqtisadiyyatının inflyasiya proseslərinə çox həssas olması ilə əlaqələndirib.

“Çünki Azərbaycanda əhalinin istehlak etdiyi malların böyük əksəriyyəti məhz idxal hesabına formalaşır. Enerji qiymətlərində müşahidə edilən bahalaşma istehlak məhsullarında da qiymət artımına gətirib çıxarır ki, nəticədə ölkəyə gətirilən malların idxal dəyəri artmış olur”, – iqtisadçı bildirib.

Bu cür inflyasiya təsirlərinin qısa müddətdə aradan qaldırmağın mümkün olmadığını deyən Azər Mehtiyev ölkədə baş verən inflyasiyanın sadəcə xarici amillərlə əlaqələndirməyin doğru olmadığı qənaətindədir.

Onun sözlərinə görə, ölkədə inflyasiya rəqəminin artması həm də hökumətin antiinflyasiya mexanizmlərinin formalaşmaması və bəzi qısamüddətli addımların atılmamasından irəli gəlir.

Onun fikrincə, hökumət hələ 2022-ci ilin yarısında büdcəyə dəyişiklik edən zaman artıq inflyasiyanın böyük olacağından xəbərdar idi.

“Belə olan halda hökumət ölkəyə idxal edilən zəruri malların əlavə dəyər vergisini və ya gömrük rüsumlarını aşağı salmaqla inflyasiyanın təsirlərini azalda bilərdi. Bundan əlavə, hökumət ilin əvvəlindən gömrük rüsumlarının artırılması ilə bağlı qərarın icrasını müvəqqəti təxirə sala bilərdi ki, vətəndaşların əlavə xərcləri azalsın, lakin bunların heç biri baş vermədi”, – Azər Mehtiyev qeyd edib.

Bu amilləri əsas gətirən iqtisadçı 2023-cü ildə də inflyasiya səviyyəsinin 10 faizdən yuxarı olacağı qənaətindədir.

Bundan əlavə o, ölkədə iqtisadi institutlaşmanın olmaması və monopoliyanın da inflyasiya ilə mübarizədə çətinlik yaradacağını bildirib.

Beynəlxalq maliyyə institutları da Azərbaycanda 2023-cü ildə inflyasiya göstəricisinin 9.5-10.5 faiz təşkil edəcəyini düşünür.

Hesablama Palatası isə 2023-cü ildə inflyasiyanın ikirəqəmli olması fikri ilə razılaşmır. Qurum gələn ilin büdcəsi ilə bağlı verdiyi rəydə 2023-cü ildə illik inflyasiyanın təxminən 7 faiz ətrafında olacağını proqnozlaşdırır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hökumətin antiinflyasiya mexanizmlərinin formalaşmaması fikri ilə razılaşmır.

Onun sözlərinə görə, hökumət inflyasiya həddinin sürətlənməsinin qarşısını almaq məqsədi ilə artıq bir neçə ildir idxal edilən əsas qida məhsullarına vergi güzəştləri tətbiq etməklə yanaşı, ərzaq qıtlığının yaranmaması istiqamətində də vacib addımlar atır.

“Bir neçə ildir buğda, çörək və un məmulatlarının ölkəyə idxalında əlavə dəyər vergisi aradan qaldırılıb. Bu il də bu müddət uzadıldı və diqqətinizə çatdırım ki, 2022-ci ildə vergi və gömrük rüsumlarından azad olmaların ümumi həcmi 7 milyard 345 milyon manat təşkil edib”, – deputat bildirib.

O qeyd edib ki, əgər güzəşt olmasaydı, bu məbləğ əhali tərəfindən ödənilməli idi ki, əslində hökumət bu addımla inflyasiyanın sadə vətəndaşların üzərində yaratdığı təzyiqi azaltmış oldu.

Tahir Mirkişili vergi güzəştləri tətbiq edilən məhsulların siyahısının hər il getdikcə artdığını vurğulayıb.

“2023-cü il yanvarın 1-dən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar bütün vergilərdən azaddır, bundan əlavə, informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan şirkətlər vergilərdən azad edildi”, – millət vəkili deyib.

İqtisadi inkişaf “zəifləyəcək”


Beynəlxalq Valyuta Fondu və Dünya Bankı 2023-cü ildə Azərbaycanda iqtisadi artım tempinin zəifləyəcəyini proqnozlaşdırır.

Beynəlxalq maliyyə institutlarının yenilənmiş son hesabatlarına görə, 2023-cü ildə Azərbaycanda iqtisadi inkişaf göstəricisi 2022-ci illə müqayisədə 1.2 faiz zəifləyərək 2.5 faizə düşəcək.

İqtisadçı Azər Mehtiyev bildirib ki, BVF və Dünya Bankı hesablama apararkən real artımları nəzərə alır və bu zaman inflyasiyanın yaratdığı mümkün artımları hesablamaya daxil etmirlər.

“Azərbaycanda qeyri-neft sektorunun istehsalda payı çox aşağıdır. Neft və qaz sektorunda yaşanan bahalaşma isə inflyasiyadan qaynaqlandığı üçün maliyyə institutları real istehsalı qiymətləndirərkən bu amili nəzərə almırlar. Ona görə də, gələn il Azərbaycan üçün proqnozlaşdırılan ÜDM aşağı salınıb”, – iqtisadçı deyib.

O əlavə edib ki, ümumdaxili məhsul göstəricisinin aşağı olması daha çox qeyri-neft sektorunda istehsalın artımına mane olan daxili faktorlardan asılıdır.

Hesablama Palatası gələn il iqtisadi artım tempinin zəifləyəcəyini təsdiqləsə də, bunu daha çox xarici amillərlə əlaqələndirib.

Orta aylıq əməkhaqqı, müavinət və pensiyaların artması nə vəd edir?


Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üzrə büdcə layihəsində gələn il orta aylıq əmək haqqının 7.1 faiz artacağı proqnozlaşdırılır.

Bundan əlavə, büdcədə pensiya və müavinətlərin də artırılması nəzərdə tutulub.

Bəs inflyasiya təzyiqlərinin davam etdiyi vaxtda, bu cür artımlar vətəndaşlara nə vəd edir?

Azər Mehtiyev inflyasiyanın yüksək olduğu dövrlərdə hökumətin müavinət və pensiyaları artırması qərarının antiinflyasiya tədbirləri baxımından yanlış olduğunu düşünür.

“Görünür, hökumət yaranan inflyasiyanın qarşısını kompensasiya mexanizmləri hesabına zəiflətmək niyyətindədir. Lakin gözlənilən artım inflyasiyanı kompensasiya etmək gücündə deyil və bu cür artımlar, əksinə, inflyasiyanı daha da gücləndirir”, – iqtisadi məsələlər üzrə təhlilçi bildirib.

Onun fikrincə, hökumət inflyasiya ilə mübarizədə idxal mallarına qoyulan vergi və rüsumları azaldıb, rəqabət mühiti yaradıb, yerli istehsalın təşviqinə hesablanan addımlar atarsa, bu, daha səmərəli olar.

Millət vəkili Tahir Mirkişili hökumət tərəfindən artıq bu cür addımların atıldığını diqqətə çatdırıb.

“Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2022-ci ildə əhalinin gəlirlərinin artım səviyyəsi 20 faizə yaxın olub. Nəzərə alsaq ki, bu il inflyasiya 14 faiz ətrafındadır, o zaman gəlirlərin inflyasiyadan yuxarı olduğunu görmək çətin deyil”, – hakim partiyanın parlamentdəki təmsilçisi bildirib.

Onun sözlərinə görə, 2023-cü il yanvarın 1-dən etibarən bütün pensiyaların 15 faiz ətrafında indeksasiya olması planlaşdırılır ki, bu, istənilən halda “hökumətin gələn il üçün proqnozlaşdırdığı 7 faizlik inflyasiyadan daha yüksəkdir”.

O əlavə edib ki, bu artımların əlavə inflyasiya yaratmaması üçün hökumət daxili istehsalın və sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində əməli tədbirlər görməyi planlaşdırır.

“Bura 2023-cü ildə yerli istehsalın artırılması məqsədi ilə əlavə vergi güzəştlərinin tətbiq edilməsi, sahibkarların maliyyə əlçatanlığını təmin etmək məqsədilə dövlət büdcəsindən əlavə 100 milyon manat vəsaitin ayrılması, mikro-kiçik sahibkarlara dəstək vermək məqsədi ilə KOB (kiçik və orta biznes) Fondunun yaradılması və ən əsas məqam dövlətin əlində olan bir çox xidmət və istehsalat sahələrinin özəl sektora ötürülməsi kimi məsələlər daxildir”, – komitə sədri qeyd edib.

Hazırda 3 aylıq ərzaq ehtiyatının olduğunu bildirən millət vəkili, 2023-cü ildə də ərzaq qıtlığının yaranmaması məqsədi ilə bir sıra tədbirlərin həyata keçiriləcəyini vurğulayıb. (BBC News Azərbaycanca)



Tarix: 4-01-2023, 11:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}