NƏDƏN BÖLÜNDÜK, NİYƏ BİRLƏŞƏ BİLMİRİK? – Nəsib Nəsibli səbəblərini açıqlayır...

NƏDƏN BÖLÜNDÜK, NİYƏ BİRLƏŞƏ BİLMİRİK? – Nəsib Nəsibli səbəblərini açıqlayır...

Məlum olduğu kimi, Azərbaycan Bütövlük Platforması (ABP) bir neçə gün öncə "Türkmənçay müqaviləsi - bölünmüş Vətən" mövzusunda elmi konfrans keçirib. Kronfransda professor Nəsib Nəsibli "Niyə bölündük? Nədən birləşə bilmirik?" mövzusunda geniş məruzə ilə çıxış edib.
SİAM.AZ Hurriyyet.az-a istinadla həmin məruzənin tam mətnini oxucularına təqdim edir:
“Türkmənçay müqaviləsi milli tariximizin 3 əsas faciəsindən biridir. Nədən faciə? Çünki yarımçıq, paralanmış hissə heç vaxt bütövün gücünün yarısını belə vermir. Bölünmüş xalq, bölünmüş vətən olaraq bunu biz yaxşı bilirik. Nə qədər ki, bütövləşməmişik bu bölünmüşlüyü müzakirə edib, lazımı dərslər çıxarmalıyıq. Buna görə, bu toplantını mən çox faydalı sayıram.
Birinci faciə, fikrimcə, 16-cı yüzildə oldu. Türk dünyası, ümumiyyətlə İslam aləmi bölündü. Toplum tək bizdə deyil, qonşularda da yobazlaşdı, fanatikləşdi. Bu bölünmüşlüyün nəticəsi hələ də qalır. Sonrakı 300 il məzhəb bölünmüşlüyü siyasi sürəci müəyyən etdi. Hətta etnik sürəc belə bu məzhəb qarşıdurmasına kökləndi. İndiki İran coğrafiyasındakı Türk, Farsa qardaş oldu, digər Türkləri düşmən kəsildı. Güney Azərbaycanın İranın orbitindən çıxa bilməməsinin əsas səbəblərindən biri də budur. Bu məsələ xüsusi müzakirə mövzusudur.
Tariximizin ikinci faciəsini yaşadıq. Bu yaranı xeyli dərəcədə, tamamilə olmasa da, sarmışıq. 27 Aprel faciəsi tam dərk olunmasa da, xeyli dərəcədə tarix mövzusuna çevrilib.
Niyə bölündük?
Üçüncü faciəmizdən danışacağıq. Bu, orta məktəb tarix dərslərindən bildiyimiz mövzudur. Amma müammaları, bilinməyənləri də çoxdur. Savaşların nədən baş verdiyi, gedişi, nəticələrindən deyil, bu gün o hadisənin bizim üçün nə ifadə etdiyindən danışaq. Gülüstan (12 oktyabr 1813) və Türkmənçay müqavilələrinin (10 fevral 1828) maddələrində nə yazıldığını az-çox dərəcədə bilirik. Ayrıntılarına girməyək. Tarıx kitablarında var. Çalışaq fərqli yeni fikir, yanaşma ortaya qoyaq.  Diqqətçəkən bir neçə məqam üzərindən başlıqdakı sualı cavablandırmağa çalışacağam.
Önəmli məqam: 19-cu yüzil Türklərin tarixdə ən zəif durumda olduğu zamandı.
Birinci və ikinci Rusiya-İran müharibələrini deyirik. Bu savaşlar əsrlərlə davam edən, 1552-dən sonra dünya Türklərinin ziyanına nəticələnən Rus-Türk savaşları silsiləsindən ikisidir. “İran ordusu” dediyimiz əsasən Azərbaycandan yığılırdı, şəxsi heyətin ən azı yüzdə 80 faizi Türkdü. Yəni əsas etibailə Türklərlə Ruslar savaşdılar, Rus-Türk savaşı idi.
Bu arada bəzi dostlarımız həmin dövrdə “İran” anlayışının olmadığını, bu anlayışın yalnız 1935-də rəsmiləşdiyini iddia edirlər. Yanlışdır. Heç olmasa müqavilələrin mətnindəki “İran” sözünə baxsınlar. Doğrudur, rusca mətndə “Persiya” yazılıb. Mətnlərdə Romanov və Qacar sarayları, hakimiyyətləri, hətta dövlətləri adları da keçir. Amma “İran” anlayışını gözardı etmək bizi gülünc duruma salşr.
Daha bir önəmli məqam. 19-cu yüzil rusların ən güclü olduğu, dünyanın azsaylı böyük güc (great power) statusuna sahib olduğu əsrdir.
Əsrin başlarında Rusiya dünyanın ən böyük ordusuna malikdi (Paul Kennedy, s. 99, 203). Həmin 19-cu əsrdə Rusiya hər gün ortalama 80 kv.km genişlənib (İrina İsakova). Rusiya hər yerdə genişlənməsini silahla qazanmayıb, aktiv diplomatiya işlədib. Bu dövləti keçmişdə də, indi də xarakterizə edən ən önəmli özəlliyi verdiyi vədlərə xilaf çıxmasıdır. Moskva, ya Peterburq bir qayda olaraq hədəfdə olan yerli hakimlərə daxili hakimiyyətlərini saxlayacaqları vədi verib, amma özünü möhkəmlədəndən sonra bu hakimlərin daxili muxtariyyətini də aradan qaldırıb. Eyni taktika Sibirdə, Türküstanda, Qafqazlarda, o cümlədən Azərbaycanda da işlədilib. Mənfur Kürəkçay müqaviləsi (14 may 1805) və ondan sonrakı sürəc bunun təsdiqidir. Rusiya sıradan işğalçı bir dövlət olduğunu az sonra hərəkətləri ilə sübut etdi. Qarabağlı İbrahim Xanın özü və ailəsini bütünlüklə qətl edilməsi bəlli bir tarixi fartdır. “Azərbaycanın Rusiyaya könüllü birləşməsi” konsepsiyası Sovet dövründə onillərlə insanların ağlı ilə alay etmək, ələ salmaq deməkdi.
Bizim xanların doğru-düzgün stratejisi olmadı.
Bir neçə xandan (Gəncəli Cavad Xan, İrəvanlı Məhəmməd Xan, Bakı xanı, Qubalı Şeyxəli Xan) başqa, demək olar ki, hamısı Rusiyanın Kürəkçay vədinə aldandılar. Qarabağlı İbrahim Xanın faciəsindən sonra aldandıqlarını görən xanlar Qacarlarla, birlikdə ikinci savaşda Rusiyaya qarşı döyüşdülər. Amma gec idi. Rusiya hakimiyyəti bu mövqesizliyini onlara bağışlamadı. Onlara Gürcü zadəganlarından fərqli olaraq heç vaxt etibar etmədi. Uyğun olaraq Azərbaycan əhalisi daima “etimad edilməsi mümkün olmayan inorodeslər - busurmanlar” sayıldı.

Bizim xanların uzaqgörən olmamalarının başqa bir sübutu da 1783-dən sonra Rusiyanın Gürcü sarayına münasıbətdə siyasəti idi. İlk əvvəlllər Gürcü sarayı daxili idarəçilik haqqını saxladı. Az sonra Gürcüstan Rusiyanın sıradan bir quberniyasına çevrildi, Gürcü çar ailəsi isə Rusiyanın iç quberniyasına sürgün edildi. Gürcü çar ailəsinin başına gətirələnlər bizim xanların burnunun ucunda baş verirdi. Onlar bu gəlişməni görmədilər, Kürəkçay rəzalətinə getdilər, daha sonra hər şeylərini itirdilər.
Bu arada, Qubalı Fətəli Xan tam bir Rusiya işbirlikçisidir. Məhz bu keyfiyyətinə görə Sovet rejimi onu bizə milli qəhrəman, “Azərbaycanı birləşdirən dövlət adamı” kimi sırımışdır. Oğlu Şeyxəli Xanın adı isə bu gün də dərsliklərdə yoxdur. Çünki bu qəhrəman 1822-ci ilə kimi əldə silah ruslara qarşı mübarizə aparmışdır.
Bölünmə faciəmizə yanaşmamız naqis oldu.
Onillərlə bizə “Anamın kitabı” nağılını danışdılar. Azərbaycanı işğal etmək istəyən üç dövlət varmış, bunların arasında Rusiya “ən inkişaf etmişi idi”, ona görə Azərbaycan “pislər arasından ən yaxşısını” seçdi və “Rusiya ilə birləşdi.” Nəticə, Azərbaycan üçün İran və Türkiyə ən pis variantdır, onlardan uzaq durmalı, Rusiyadan öyrənməlidir.
Bu zaman Osmanlının Azərbaycana münasibətdə aqtessiv işğalçılıq niyyətlərinin olması haqqında yalanlar uydurdular. Halbuki tam tərsi bir durum vardı. Azərbaycan xanlarının əksəriyyəti Sultan sarayına elçilər göndərir, təbəəliyə qəbul edilmələrini xahiş edirdilər. Ayrıntıları kitablarda var. Yalnız sədr-əzəm Koca Ragıp Paşanın məşhur fikrini xatırladaq: “Osmanlı dırnaqları sökülmüş aslan durumundadır”.
Osmanlı dövləti bu zaman kəsimində siyasi gəlişmələrə qarışmamış, hadisələri izləməklə kifayətlənmişdir. Bu tarixdən çıxan ibrət dərsi: “Anamın kitabı”nda deyildiyi kimi İran, Türkiyə və Rusiya güc mərkəzlərindən eyni uzaqlıqda qala bilmərik. Türkiyə bu üçbucaqda ölkəmiz üçün  önəmli güvənlik faktorudur.
Niyə birləşə bilmirik?
Birləşmə iki cür olur. Ya da iki mərhələdən keçir:
1. Mənəvi-kültürəl-dil-tarix şüuru sahəsində birlik;
2. Siyasi-territorial birlik.
Milli birlik məsələləri, və ya millətin birliyi və diriliyi
Adətən, torpaq, vətən bütünlüyündən, tək dövlət hədəfimizdən bəhs edirik. Bölünmə dedikdə Azərbaycanın iki böyük parçasının - Güney və Quzeyin bölünmüşlüyündən bəhs edirik. Amma və lakin milli birlik olmadan dövlət birliyi də olmaz.
Üstəlik, 21-ci yüzildə internetin kommunikasiyanı asanlaşdırdığı, adiləşdirdiyi bir durumda millətimizin mənəvi-ideoloji birliyinin təmin edilməsi xəyal deyildir. Sərhədlər, məsafələr bu birliyə mane olmamalıdır.
Demək, məsələ “milli birlik nədir” sualına dirənir. Milli birlik necə qurulur? Başqa sözlə, millət olmanın ön şərti – ortaq milli dəyərlər necə yaranır?
Bunun bircə yolu var, başqa millətlərin də keçdiyi bir yol: Milli kimlik problemlərinin çözülməsi, paylaşılan ortaq dəyərlərin fərdlərə yayılması! Demək, hərlənib-fırlanıb yenə millətin tək adı, ortaq tarix şüuru, millət qurucuları, tarixi qəhrəmanlar, milli günlər və simvollar, milli elit, dost-düşmən güclər... mövzusu üzərinə gəlirik.
Bu sahələrdə durum bərbad deməsək də, heç qaneedici deyil. Demək, milli birlik problemimizi çözmək üçün ilk növbədə ortaq dəyərlər sistemini – milli kimliyimizi formalaşdırmalıyıq.
Dövlət birliyi
Son 30 ildə Azərnaycan Respublikası iqtidarının Güney Azərbaycan stratejisi olmayıb. İranla birtəhər keçinmək, İranı qıcıqlandırmamaq xətti yeridilib. İranın sakit təcavüzünə əhəmiyyə verilməyib.
Keçən il durum dəyişdi. Prezident Əliyevin məlum bəyanatları yeni siyasət xəttinin başlandığı vədini verdi. Sözdə. İşdə də dəyişəcəkmi?
Güneyin Quzeyə ehtiyacı görünəndir.
Bəs Quzeyin Güneyə ehtiyacı varmı? Özü də necə?! 86 min kv km sahəsi, 10 milyon əhalisi, 47 mlrd milli gəliri ilə Azərbaycan Respublikası bu mürəkkəb geopolitik məkanda güvənliyini qorumaqda çətinlik çəkir. Ətrafdakı və uzaqdakı böyük güclər bu yağlı tikəni udmağa çalışıb, indi də çalışır.
Sərhədlər uzun zaman açıq qaldı. “Araz bizi ayırdı” deyə zarıyan ziyalılarımız elliklə Güneyə yürüş etdimi? Yox. Bu, Bütöv Azərbaycan şüurunun aydınlar arasında belə, hələ istədiyimiz səviyyədə olmamasının əlamətidir.
Akif Nağı: “Bütöv Azərbaycan fikri KGB”nin əməlidir.” Əcaba, bu adam dediyi yalanın fərqindədirmi?
Səfirliyə basqından sonra bir para zəvzək “nədən Güney Azərbaycan kütləvi etiraz etmir, nədən bizi müdafiə etmir?” deyə sosial mediada haray-həşir saldı. Əcaba, onlar Güney Azərbaycanı nə vaxt tanıyacaqlar?
Sonda
Bütöv Azərbaycan düşüncəsi önəmli milli kimlik məsələsidir.
Bütöv Azərbaycan stratejisi önəmli milli güvənlik məsələsidir.
Bütöv Azərbaycan stratejisi Türk Dünyasının önəmli bütünləşmə/inteqrasiya məsələsidir.  
Nəsib NƏSİBLİ
Tarix: 10-02-2023, 21:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}