Nəyə görə bəzi insanlar inanılmaz dərəcədə istedadlıdır?


Psixoloq Vəfa Əkbər
1930-cu illərin sonu 40-cı illərin əvvəllərində Heydi Lamarr Holivvudda artıq sayılıb seçilən bir qadın idi, o, ürəkağrıdan gözəllərin portretlərinə görə məşhurlaşmışdı. Amma müasirlərindən çox azı onun həm də kəşf etmək ehtirasının olmasından xəbərdar idi. (Bundan əvvəl o, aviasiya milyonçusu olan sevgilisi Hovard Huycs üçün daha təkmil aerodinamik təyyarələr yaratmışdı.)
Lamarr günlərin bir günü əkiz ruhu olan Corc Anteyl ilə rastlaşdı, Anteyl pianoçu, bəstəkar və romançı olsa da, mühəndisliyə də marağı vardı. Cütlük düşmən qüvvələrin Müttəfiqlərin radio signallarına müdaxilə etdiyini öyrənəndə, çıxış yolu tapmaq üçün qollarını çırmaladılar. Beləcə, ortaya “tezliyin sıçramasının yayğınlaşması spektrumu” adlanan signal ötürücü metod çıxdı (Lamarrın evlilik adı ilə Markey kimi patenləşdirilib) və bu metod bu gün simsiz texnologiyada geniş istifadə edilir.
İnqilabi texnologiyada bu, təəccüblü hadisə kimi görünə bilər, amma Lamarr və Anteylin hekayəsi polimat ağlı başa düşmək üçün də çox gözəl bir imkandır.
Çoxsaylı maraqlara sahib olmağın bəzi insanlara müxtəlif sahələrdə uğurla ustalaşmağa imkan verməkdən əlavə, başqa bir sıra faydaları da var, tədqiqatlar göstərir ki, bura həyat məmnuniyyətinin, məhsuldarlığın və kreativliyin artırılması da daxildir.
Əlbəttə, bizlərdən bir çoxu Lamarr, yaxud Anteyl kimi insanların uğurlarına heç vaxt nail olmaya bilərik, amma tədqiqatlar onu deməyə əsas verir ki, biz seçdiyimiz ixtisasdan kənarda da müəyyən uğurlar əldə edə bilərik.
Polimat nədir?

“Polimat” tərifinin özü belə müzakirə mövzusudur. Öz kökünü Antik Yunanıstandan götürən termin ilk dəfə 17-ci əsrdə “çoxlu biliklərə” sahib olan adamları nəzərdə tutmaq üçün istifadə edilib, amma həmin biliklərin nə qədər əhatəli və disiplinə nə qədər cavab verdiyini qərarlaşdırmaq heç də asan deyil. Əksər tədqiqatçılar iddia edirlər ki, həqiqi polimat olmaqdan ötrü, insanın ən azı bir-birindən tamam fərqli iki sahəyə dair konkret iddiası olmalıdır.
Mövzu ilə bağlı ən detallı tədqiqatlardan biri Vaqas Ahmedin bu ilin əvvəlində çapdan çıxan “The Polimath” kitabı hesab edilir.
Kitabın ilham mənbəyi müəyyən qədər şəxsi motivlidir: Ahmed karyerasında özünü bir çox sahələrdə sınaqdan keçirib. O, iqtisadiyyat üzrə bakalavr, beynəlxalq münasibətlər və nevrologiya sahəsində magistr təhsili alıb, Ahmed həmçinin diplomatiya jurnalisti və şəxsi təlimçi kimi çalışıb (axırıncısını o, Britaniya Hərbi Qüvvələrindəki xidməti zamanı öyrənib). Bu gün isə o, vizual incəsənətə olan sevgisini dünyanın ən böyük şəxsi sənət kolleksiyalarından birinin sənət direktoru kimi davam etdirir və həmçinin özü də peşəkar rəssam kimi çalışır.
Bütün bu nailiyyətlərinə baxmayaraq, Ahmed özünü polimat hesab etmir. “Özümü polimat adlandırmağım özümə qarşı qədərindən artıq tərif olardı”, – o deyir. Tarixi polimatları araşdırarkən isə, o, yalnız Leonardo da Vinçi (rəssam, ixtiraçı və anatomiyaçı), Yohan Volfanq Göte (dahi yazıçı həmçinin botanikada, fizikada və minerologiyada araşdırmalar aparmışdı) və Florens Naytingeyl (müasir dayəliyin əsasını qoymaqla yanaşı, uğurlu statistikaçı və teoloq idi) kimi azından üç sahədə əhəmiyyətli töhfələri olan şəxsiyyətləri hesaba qatıb.
Belə bioqrafiyaları və psixoloji ədəbiyyatı oxumaqla, Ahmed böyük nailiyyətlər qazanan polimatların keyfiyyətlərini müəyyən etməyə nail olub.
Məlum məsələ, ortalamadan yüksək intellekt əsasdır. Ahmedin fikrincə, bu “əhəmiyyətli dərəcədə öyrənməyi sürətləndirir və ya təşviq edir”. Amma açıqfikirlilik və həvəs də çox vacibdir. “Məsələn, siz hansısa fenomenlə maraqlanırsınız, tədqiqatınızın sizi harayacan aparacağı isə vecinizə deyil”, – hətta bu, sizi naməlum əraziyə dartıb aparsa belə, Ahmed izah edir. Polimatlar əksərən özlərinə arxayın individuallardır – onlar öyrənməyi sevir, şəxsi nailiyyətə çatmaq üçün yanıb qovrulurlar.
Bu keyfiyyətlər isə həmçinin daha bir müqəddəs dünyagörüşlə iç-içə olur. “Polimat təkcə müxtəlif sferalarda və sahələrdə o yana-bu yana adlamır, həm də həmin sahələr arasında hər birinə özünəməxsus şəkildə yanaşa biləcəyi fundamental əlaqələr axtarır”, – Ahmed deyir.
İstənilən şəxsi keyfiyyət kimi, bu keyfiyyətlərin də hamısının müəyyən genetik bazisi var, amma onları həm də bizim mühitimiz formalaşdırırlar.
Ahmed uşaqların bir çox sahələrə heyran olduğunu qeyd edir, amma məktəblər, universitetlər, sonra da iş yerləri bizi daha dar bir ixtisaslaşamaya vadar edirlər. Əgər düzgün yönəldilsəydilər, bir çox insanların polimat olmağa qabiliyyəti çatardı.
Corc Vaşinqton Universitetində PhD edən Angela Kotellassanın polimatların təcrübəsiylə əlaqədar işi də bu ideya ilə üst-üstə düşür. (Onun polimatlıqla bağlı kriteriyası daha sərtdir – ona görə, özünü polimat adlandıran kimsə ən azından iki fərqli sahədə – biri sənətdə, biri elmdə – uğurlu karyeraya sahib olmalıdır.)
Ahmed kimi o da həvəs kimi xüsusiyyətlərin çox vacib olduğunu qeyd edir. Amma o, həmçinin müəyyən edib ki, belələri kənardakıların gözləntiləriylə üzləşəndə, öz həvəslərinə davam etmək üçün güclü emosional dözümə malik olmalıdırlar. “Çünki biz ixtisaslaşmalı olduğumuzu deyən cəmiyyətdə yaşayırıq, polimatlar isə bunu etməyənlərdir, öz yollarını özləri tapanlardır”. Bir çox insanlar isə həmin normalarla mübarizə aparmaq üçün vacib dəyanətdən məhrumdurlar.
Çarpaz tozlanmanın gücü

Bizim çoxsaylı maraqlara qapılmamağımızın təbii olaraq, bəzi tutarlı səbəbləri var. Bir səbəb odur ki, bir neçə sahəyə birdən həvəslənərsək, heç bir sahədə uğur qazanmayacağımızdan qorxuruq. Diqqətimiz parçalananda, konkret hansısa sahədə uğur qazanmaqdan məhrum ola bilərik – necə deyərlər, heç bir işin qulpundan düz-əməlli yapışmadan, hərşeyşünas olarıq.
Reallıqda isə müxtəlif disiplinlərə malik olmağın kreativliyi və məhsuldarlığı artırdığına dair sübutlar var. İkinci və ya üçüncü sahəyə maraq salmaq, diqqətin parçalanmasına gətirib çıxarırmış kimi görünsə də, əslində, sənin əsas sahəndəki uğurunu da körükləyə bilər.
Devid Epşteynin “Range” adlı kitabında yazdığı kimi, nüfuzlu alimlərin əsas sahələrindən kənarda, ortalama alimlə müqayisədə, daha çox fərqli maraqları var. Tədqiqatlar göstərir ki, Nobel mükafatlı alimlərin ortalama alimlərlə müqayisədə ifa etmək, rəqs etmək və səhnə bacarıqları 25 dəfə daha çoxdur. Onlar böyük ehtimalla, vizual sənətlərlə 17 dəfə daha çox, peoziya ilə 12 dəfə çox və musiqi ilə 4 dəfə daha çox məşğul olurlar.
Ahmed və digər sahə mütəxəssisələri iddia edirlər ki, bu iş bir az çarpaz tozlanmaya bənzəyir, belə ki, bir sahədəki fikirlər digər sahədəki innovasiyalar üçün ilham mənbəyi rolunu oynayır.
Məsələn, deyilənə görə, Anteyl əvvəllər özbaşına çalan pianoların sinxronlaşdırılması sahəsində çalışıb və müdaxilə qurusunun ideyası da Lamarrla birlikdə həmin instrumentlərin mexanizmləri üzərində işləyərkən ortaya çıxıb.
Ahmed buna bənzər bir şeyi tarixin dahi polimatlarının bioqrafiyalarında da müşahidə edib. “Polimatlıq kreativlik üçün optimal yoldur, çünki təbiət etibarilə, o səndən təcrübəndə və öyrənmə prosesində müxtəlif olmağı tələb edir”, – Ahmed deyir.
O bunun Leonardo da Vinçi kimi bir şəxsiyyətin istedadında da özünü göstərdiyini deyir. Onun anatomiya, riyaziyyat və geometriyaya dair bilikləri rəsmlərindəki dəqiqliyi artırmağa kömək etmişdi, vizual təsəvvürü isə mexaniki mühəndislikdəki kreativliyini tətikləmişdi: “Bunlar bir-birlərini qidalandırırdılar”.
Mövzuları dəyişdirmək

“Əgər sən polimat həyatı yaşamaq istəyirsənsə, – Ahmed deyir: çoxsaylı maraqlar yaratmaq üçün öz vaxtından səmərəli itifadə etməlisən”.
İndi getdikcə güclənməkdə olan belə bir qənaət var ki, istənilən mürəkkəb məsələyə fikrini topladığın zaman beyin tez-tez elə bir doyum nöqtəsinə çatır ki, insanın diqqətini saxlaması çətinləşir və konsentrasiya üçün əlavə güc tələb olunur. Amma sən diqqətini başqa bir şeyə yönəltsən, tamam fərqli bir şeyə, bunun daha çox işə yaradığını görə bilərsən. Müxtəlif tapşırıqlar arasında yerdəyişmə etmək, məhsuldarlığını artıra bilər.
Bu barədəki sübutlardan biri də təhsil sahəsində aparılan bir tədqiqata əsaslanır. Müxtəlif sahələrdə oxuyan tələbələr arasında aparılmış araşdırmalar – akademiyadan tutmuş idman və musiqiyə qədər – göstərib ki, müəyyən qədər praktika və öyrənmədən sonra biz effektiv öyrənməni davam etdirə bilmirik. Ona görə də ən yaxşısı müxtəlif bacarıqlar və mövzular arasında yerdəyişmə etməklə, vaxtdan daha səmərəli şəkildə istifadə etməkdir. Eyni şey araşdırmalara və problem həllinə də aiddir – sən bir problemin həllinə saatlarla baş sındırmadan, tamam başqa bir şeyə köklənəndən sonra qayıtsan, çözümə daha tez nail olarsan.
Polimat olmaq istəyən kəslər öz maraqları arasında yerdəyişmə etməklə, bu avantajdan yararlana bilərlər – bu zaman onlar koqnitiv doyma nöqtəsindən sonra, əlavə səy göstərməyə ehtiyac duymadan, istənilən sahədə öz beyinlərinin daha effektiv işləyəcəyinə əmin ola bilərlər.
“Sən lazım olan zonaya daxil ola və müəyyən yerəcən hədsiz məhsuldar ola bilərsən, sonra isə optimal fəaliyyətinə qayıtmaq üçün hazırkı fəaliyyətini dəyişdirə bilərsən”, – Ahmed deyir. “Məsələn, mən bilirəm ki, ancaq sənətkarlıqla və ya rəssamlıqla məşğul olsaydım, istədiyim qədər məhsuldar ola bilməzdim, çünki, bir yerdə doyma həddinə gələrdim, tupikdən çıxmaq üçün mən xarici stimullara ehtiyac duyuram”.
Bacarıqlı violinist, pianoçu, həm də fizik olan Albert Eynşteynin bu yanaşmadan istifadə etdiyi məlumdur. Övladlarının dediyinə görə, Eynşteyn nə zaman müşkül problemlə üzləşsəydi, musiqi ifa edərdi və performanısını da adətən bu sözlərlə bitirərdi: “İndi mən tapdım”. Bu, riyazi və fiziki tənlik üzərində nəticəsizcə baş sındırmaqdansa, vaxtdan çox daha səmərəli şəkildə itifadə etmək idi.
Daxilindəki polimatın qeydinə qal

Bütün bunlar polimat bacarıqların bizim güman etdiyimizdən daha çox əlçatımlı olduğunu göstərir. Hətta əgər biz Leonardo da Vinçinin ucaldığı zirvələrə yüksələ bilməsək belə, öz maraqlarımızı genişləndirməklə, dar ixtisaslaşmada var-gəl eləmədən, yenə də fayda əldə edə bilərik.
Bizim keçmiş polimatlardan daha çox avantajlarımız var. Ən azından internet müxtəlif sahələrə dair ödənişsiz onlayn kurslarla doludur, o cümlədən “Skype” kimi vasitələrin köməyilə dünyanın o biri ucundakı ekspertlərdən dərs ala bilərik. “Xüsusilə əvvəllər polimatlığın heç vaxt mümkün olmadığı yerlərdə polimatların ortaya çıxması üçün indi heç vaxt olmadığı qədər böyük imkanlar var”, – Rio de Janeyro Universitetində polimatlığı araşdıran Maykl Araki deyir.
Ahmed bizim bu cür imkanlardan yararlanmalı olduğumuzu deyir. O, iqlim dəyişikliyi kimi bir çox sahələri aşan əhəmiyyətli problemlərin güclü kreativ problem çözümü tələb etdiyini və polimatların bu problemləri həll edəcək ən münasib insanlar olduğunu vurğulayır.
Bir çox insanlar polimatlığı tarixi Renessans şəxsiyyətləri ilə əlaqələndirirlər: “Amma polimatlıq indiki dövrə heç vaxt olmadığı qədər daha çox uyğundur”.

Bilgə.az
Tarix: 28-11-2021, 07:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}