Kremlin baş montyoru – Beriyanın iradı, Stalinin zarafatı, Brejnevin böyük hədiyyəsi



O, “NKVD”-nin xüsusi texniki idarəsində Kremlin elektrik təchizatına və təhlükəsizliyinə cavabdehlik daşıyan şöbənin rəisi vəzifəsində xidmət edib. Sonralar özü söylədiyi kimi, həm Mərkəzi Komitədə, həm də “NKVD”-də onu Kremlin baş elektriki kimi tanıyıblar. Bir çox maraqlı hadisələrin şahidi olan Boqdan Afanasyevin birincilərin işıqlı kabinetlərdə oturmasında xidmətləri az olmayıb.
Boqdan Afanasyev 1900-cü ildə Moskvada anadan olub. Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində ali təhsil alıb. İlk əmək fəaliyyətinə Moskvadakı 1 nömrəli çörək zavodunda başlayıb. Ailə yoxsul olduğundan o, imkanlı adamların mənzillərində, bağ evlərində elektrik işləri görərək əlavə gəlir əldə edib. 1930-cu ildən Kommunist Partiyasına üzv olan Afanasyev bir ildən sonra zavod ilk partiya təşkilatının katibi seçilib.
1936-cı ildə Nikolay Yejov “NKVD”-yə rəhbər gətiriləndə və qurum “köhnələrdən” təmizlənəndə, yeni kadr seçimi başlanıb və zavod rəhbərliyi Afanasyevin təqdimatını “NKVD”-yə göndərib. Beləliklə də, o, 1936-cı ilin dekabrın sonuncu günü bu qurumda işləməsi ilə bağlı əmr alıb.
images.jpg (54 KB)
Boqdan Afanasyevin rəisi olduğu şöbənin əməkdaşları gündəlik xidmətə çıxmaqla yanaşı Kremldə sutkalıq növbəyə də çıxıblar. Mərkəzi Komitənin işlər idarəsinin elektrik təchizatı ilə bağlı öz işçiləri olsa da, bu sahə ilə əsasən Afanasyevin şöbəsi məşğul olub.
1980-ci ildə “Komsomolskaya pravda” qəzetinə müsahibə verən 80 yaşlı Afanasyev xidməti ilə bağlı maraqlı açıqlamalar verib:
“Mən “NKVD”-yə işə qəbul olunanda hətta ailəmə bu qurumda işləməyim haqqında xəbər verməyim mənə qadağan olunmuşdu. Evdə elə bilirdilər ki, mən başqa zavoda işə keçmişəm. Ağır illər idi. İşimiz də asan deyildi. Açığını deyim ki, bu qurumda işləməyə razılıq verdiyimə görə peşman olmuşdum. “NKVD”-də yüksək maaş olduğundan bu işə razılıq vermişdim. Həqiqətən də, dolanışıq pis deyildi. Xüsusilə Yejovun dövründə bizə daha yaxşı baxırdılar. Bayramlarda, ad günlərində əlavə pul mükafatı yazılırdı. Bununla yanaşı, ərzaq təminatı da yaxşı idi. Yejov sərt adam olsa da, bizə həmişə qayğı göstərirdi. İşimiz Kremllə bağlı olduğundan bizim xüsusi statutusumuz var idi. Maaşdan əlavə hədiyyələrimiz də olurdu. Mərkəzi Komitənin yüksək ranqlı vəzifəliləri məni öz bağ evlərinə də aparırdılar. Bu mənim vəzifə funksiyama aid deyildi. Yaxşı mütəxəssis kimi tanındığımdan elektrik işlərini mənə gördürürdülər. Lazar Kaqanoviçin işi mənə düşəndə bilirdim ki, vəziyyət yaxşı olacaq. İşimi görüb qurtarandan sonra o, maşının yük yerini ərzaq və içkilərlə doldururdu. Vyaçeslav Molotov bu məsələdə xəsis idi. Düzdür, həmişə problemlərimizlə maraqlanırdı. Amma heç vaxt gördüyüm işi “dəyərləndirmirdi”. Stalin isə olduqca diqqətli idi. Bir dəfə 1940-cı ilin noyabrın 6-da gecə yaşadığım evə maşın göndərmişdilər. Mən təcili Kremlə getməli idim. Şöbəmizin əməkdaşlarından Kremldə növbə çəkənlər olsa da, mənim getməyimi vacib saymışdılar. Gecə ilə Kremlə getdim. Stalinin mühafizə rəisi məni onun kabinetinə apardı. Təxminən gecə saat 1-2 radələri olardı. Beriya da onun kabenetində idi. İçəri keçən kimi o, əsəbi və yüksək tonla mənə iradını bildirdi:
221.jpg (78 KB)
- Siz hara baxırsınız ki, adi cihazlar da işləmir – deyə Stalinin masasının üstündəki stolüstü elektrik lampasını göstərdi.
Mən birbaşa Beriyanın tabeliyində olan bir şəxs idim. Buna görə də cavab verməyə cürət etmədim. İkincisi də Beriyaya cavab verməyin nə ilə nəticələnəcəyini də yaxşı anlayırdım. Yaranmış gərginliyi
Stalin gülümsəyərək aradan qaldırdı:
- Lavrenti Pavloviç, gözləyin lampanı düzəltsin, sonra “həbs” edərsiniz.
pic-4245-s.jpg (95 KB)
Mən lampanı götürüb bizim əməkdaşlar üçün ayrılmış texniki otağa getdim. Vlasik mənə dedi ki, hazır olanda ona bildirim. Elə bir mürəkkəb məsələ yox idi. Bir saatdan sonra lampa işlək vəziyyətdə idi. Vlasik mənə dedi ki, lampanı Stalinin kabinetinə özüm gətirim. İçəri keçdim, lampanı yerinə qoyub elektrik şəbəkəsinə qoşdum. Beriya kabinetdə yox idi. Stalin üzünü mənə tutdu:
- Sən artıq yuxunu qaçırmısan. Yəqin bundan sonra yatmayacaqsan. Vaxtını boş keçirməmək üçün səndən bir xahiş də edəcəm. İndi gedərsən bağ evinə. Mən neçə vaxtdır Vlasikə başa sala bilmirəm ki, otaqdakı işıqlar çox gur yanır. Özün baxarsan, elə et ki, normal işıqlandırma olsun.
Kabinetdən çıxmaq istəyəndə Stalin məni dayandırdı:
- Sənin ailən, uşaqların var?
- Bəli, yoldaş Stalin, 4 qızım var.
- Sabah bayramdır (7 noyabr bayramı nəzərdə tutulub), uşaqları təbrik edərsən.
55.png (396 KB)
Səhərə qədər böyük bağ evinin işıqlarını tənzimlədim. Həmin gecə Stalin bağa gəlmədi. Yəqin Kremldəki mənzilində gecələmişdi. İşimi qurtarandan sonra Vlasik maşına içi konfet və şirniyyatla dolu bir qutu qoydu və dedi ki, bu Stalinin qızlara bayram hədiyyəsidir...”
1954-cü ildə Afanasyevin rəhbərlik etdiyi şöbə iki yerə bölünüb. Şöbənin bir hissəsi Mərkəzi Komitənin işlər idarəsinin tabeliyinə verilib. Afanasyev də həmin şöbənin rəhbəri olub. O, Kremldə Xruşovun və Brejnevin dövründə işləyib, işlədiyi illərdə daha çox Brejnevdən razı qalıb:
“Leonid İliçin dövründə işimiz yaxşı idi. Hər il iki dəfə maaş həcmində mükafat və maddi yardım alırdıq. Sanatoriyalara pulsuz göndərişlər də öz yerində. Mənim təkcə bir problemim var idi. İkiotaqlı kiçik mənzilimiz şəraitsiz idi. Dəfələrlə müraciət etsəm də problem həllini tapmırdı. 1970-ci ildə 70 illik yubileyim idi. İş gününün sonunda işlər idarəsinin akt zalında tort və şampan şərabı ilə məni təbrik edirdilər. Qəfil qapı açıldı. İçəri Brejnev və Mərkəzi Komitənin katibi Kirilenko daxil oldu. Leonid İliçin kefi kök idi. Toplantının səbəbini soruşdu. Dedilər ki, mənim 70 illik yubileyimdir. Brejnev məni təbrik etdi, şərəfimə bir qədəh şampan şərabı da qaldırdı. 70 yaşa çatsam da, xarakterimdə utancaqlıq qalmışdı. Amma bu dəfə nədənsə utanmadım, cürət edib Brejnevə müraciət etdim. Yəqin ki, bu cürətin səbəbi də şampan şərabı idi:
557236.jpg (79 KB)
- Leonid İliç, bizə şərəf verdiniz. Mənim üçün əlamətdar olan bir gündə sizə müraciət etmək istəyirəm. Bir aydan sonra təqaüdə çıxıram. Burada işlədiyim illəri həyatımın ən xoş günləri kimi xatırlayacağam. Amma istərdim ki, bu günləri rahat bir mənzildə yada salım. Düz qırx ildir altı nəfərlik ailə kiçik mənzildə yaşayır. Xahiş edirəm, bunu nəzərə alın.
Brejnev əlini çiynimə qoydu:
- Siz təqaüdə təzə mənzil alandan sonra çıxacaqsınız.
Bir həftədən sonra məni Moskva şəhər İcraiyyə Komitəsinə dəvət etdilər, şəhərin mərkəzində üçotaqlı mənzilin sənədlərini və açarlarını verdilər...”
Ömrünün son illərini rahat mənzildə yaşayan, təqaüddə olsa da köməyini Kreml elektriklərindən əsirgəməyən Boqdan Afanasyev 1982-ci ildə, 82 yaşında, Brejnevin vəfat etdiyi gün, noyabrın 10 da vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com
Tarix: 28-11-2021, 09:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}